Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12798/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının 46 nömrəli mənzili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qeydiyyat orqanına mənzilə dair sərəncamın, aktın, kirayə müqaviləsinin, razılıq ərizələrinin və ona məxsus şəxsiyyət vəsiqəsinin surətləri qoşma edilmiş ərizəsilə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının 46 nömrəli mənzilinin dövlət reyestrində mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını xahiş etmişdir. Sözügedən mənzilin yerləşdiyi 21 A saylı yaşayış binasının altındakı torpaq sahəsi Bakı şəhəri, XDS-nin İcraiyyə Komitəsinin 12 avqust 1980-ci il tarixli, 11/159 saylı qərarı ilə bu binanın tikintisi üçün ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2009-cu il tarixli, 350 nömrəli qərarı ilə təyin edilmiş tərkibdən ibarət komissiya tərəfindən sözügedən bina, tikintisi başa çatmış bina olaraq istismara qəbul edilmiş və bu barədə AKT tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı ilə sözügedən binanın 46 saylı mənzili dörd nəfər ailə üzvü (özü, oğlu və iki qızı) olaraq onlara ayrılıb verilmiş və o, ev növbəsindən çıxarılmışdır. Mənzilə dair onunla “dövlət və ictimai mənzil evlərində yaşayış sahəsinin kirayəsi haqqında” birtipli müqavilə bağlanmışdır. Binada yerləşən əksər mənzillər mənzil kirayəçisinin adına dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 46 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 120 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə və mənzil qanunvericiliyinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (DƏDKR PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********07 saylı məktubundan görünür ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 04 noyabr 2011-ci il tarixli, 120 nömrəli Sərəncamının arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin sifarişi ilə Qaradağ rayonunda H.Əliyev adına X4 48 48 nəfər işçisi üçün 126 mənzilli yaşayış binası inşa olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21 a ünvanında yeni inşa edilmiş 9 mərtəbəli 126 mənzilli yaşayış evinin H.Əliyev adma X4 48 nəfər işçilərinə mənzil sahəsi verilməsi haqqında 20 aprel 2010-cu il tarixli birgə qərarı təsdiq edilmiş, (20 aprel 2010-cu il tarixli 3 nömrəli protokol) 1. İddiaçı - Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a, 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqlı, sahəsi 33,4 kv.m olan 46 saylı mənzil 4 nəfər ailə tərkibinə verilsin: 1.İddiaçı (özü), 2. X3 (qızı), 3. X5 (oğlu),
4. X2 (qızı). 2. Vətəndaş mənzil növbəsindən çıxarılmışdır. -Bakı şəhər İcra Hakimiyyəti başçısının 350 saylı, xx.xx.2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “tikintisi başa çatmış öbyektin istismara qəbul olunması barədə akt”a əsasən Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a, “B” məhəlləsində 9 mərtəbəli, 7 girişli yaşayış binası istismara qəbul edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X6 ünvan 3 ünvanında yerləşən 46 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. -3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında bağlanmış 05 may 2014-cü il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilənin surətindən görünür ki, 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 33.4 kv.metr sahədən ibarət 46 saylı iki otaqlı mənzil İddiaçı müddətsiz istifadə üçün ayrılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 04 noyabr 2011-ci il tarixli 120 nömrəli sərəncamı ilə ona ailə üzvləri ilə birlikdə ayrılmış mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu- Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən, dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Beləliklə işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti Başçısının 120 nömrəli, 04 noyabr 2011-ci il tarixli sərəncamına əsasən H.Əliyev adına X4 işçiləri üçün 126 mənzilli yaşayış binası inşa olunmuş, qeyd olunan sərəncama əsasən həmin binanın 46 saylı mənzili 4 nəfər ailə üzvü nəzərə alınmaqla iddiaçıya verilmişdir. Göründüyü kimi binanın inşa edilməsinin məqsədi H.Əliyev adına X4 işçilərinin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi sözügedən sərəncamda iddiaçıya mənzilin ayrılmasının hər hansı tələb, o cümlədən hər hansı müqavilənin bağlanılması, yaxud hər hansı digər öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilməmişdir. Belə olan halda qeyd olunan mənzil ailə üzvləri nəzərə alınmaqla qeyd-şərtsiz iddiaçının istifadəsinə ayrılmış və bu baxımdan hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Ona görə də, hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Qaradağl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 120 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, Qaradağ RİHB tərəfindən eyni dövrdə və iddiaçının istifadəsində mənzilin yerləşdiyi eyni binada olan mənzilə dair verdiyi eyni sərəncam əsasında digər şəxslərin adına dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdeh inzibati orqanın praktikası artıq mövcuddur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 120 nömrəli, 04 noyabr 2011-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş M.Seyidov küçəsindəki 21a nömrəli evin 46 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsindəki 21a nömrəli evin 46 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov