Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-128/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onun üzərinə diplomun tanınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 izahatında bildirdi ki, iddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinin qiyabi şöbəsinə qanuni əsaslarla imtahanlar verərək qəbul edilmiş, 6 il həmin Universitetdə təhsil almış, hər il ərzində semestrlərdə iştirak etmişdir. İddiaçı qanunamüvafiq qaydada təhsil haqqı ödəyib 2007-ci ilin iyun ayının 6-da dövlət imtahanlarını müvəffəqiyyətlə verərək oranı bitirməyinə dair DİC0032526 saylı diplom almışdır. İddiaçının diplomu Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X2 uyğun olaraq xx.xx.2008-ci ildə təsdiq edilərək apostil möhürü vurulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya Azərbaycan Respublikası 5 mart 2004-cü il tarixdə qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən rəsmi sənəd apostil möhürü ilə təsdiq edilmişdirsə, sənədin təqdim edildiyi dövlətdə sənədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Lakin Konvensiyanın tələblərinə baxmayaraq, Təhsil Nazirliyində diplom qeydiyyatdan keçirilmədən həmin diplomla işləmək mümkün olmadığına görə o vaxtdan iddiaçı dəfələrlə Təhsil Nazirliyinə diplomunun Azərbaycan Respublikasında qeydiyyatdan keçirilməsinə dair müraciətlər etmişdir. İddiaçı 2007-ci ildən öz ixtisasına dair işlə təmin edilə bilməmişdir. İddiaçının diplomunun tanınmamasının əsası kimi guya Dağıstan Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin məhkəmə qərarı ilə əsassız hesab edildiyi göstərilmişdir. Amma həmin qərarda belə bir müddəa yoxdur. Belə ki, 2007-ci ilin iyun ayının sonlarında Təhsil Nazirliyi filialın fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmiş və müraciətdə filialın fəaliyyətinin dayandırılması və filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsi ilə bağlı məsələlər qoyulmuşdur. Məhkəmənin qərarı ilə Təhsil Nazirliyinin filialın fəaliyyətinin dayandırılması tələbi təmin edilmiş, filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsinə dair tələb isə rədd edilmiş və belə bir qərarın qəbul edilməsinin vətəndaşların təhsil hüququnun pozulmasına gətirib çıxaracağı göstərilmişdir. Qeyd olunan qərar qəbul edildikdə artıq iddiaçıya diplom verilmişdi və məhkəmənin qərarının iddiaçıya heç bir təsiri olmamalı idi. Çünki vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Artıq 13 ildir iddiaçı diplomunu Təhsil Nazirliyində qeydiyyatdan keçirə bilmir. Sonuncu dəfə 04 iyul 2019-cu ildə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçı xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanda iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq verilmədən, qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş, eləcə də Təhsil Nazirliyinə ünvanlanmış, müvafiq olaraq xx.xx.2019-cu il tarixli, M-3637/01 nömrəli və xx.xx.2019-cu il tarixli, M- 3637 nömrəli ərizələrinizlə əlaqədar olaraq bildiririk ki, Sizin xx.xx.2009-cu il tarixli müraciətinizin nəticəsinə dair xx.xx.2009-cu il tarixli, H-8529/03-24 saylı məktub (surəti əlavə olunur) ərizənizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla döndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli, M- 3637/02 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Sizin xx.xx.2009-cu il tarixli müraciətinizin nəticəsinə dair xx.xx.2009-cu il tarixli, H-8529/03-24 saylı məktub (surəti əlavə olunur) ərizənizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, Sizin sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və o, Sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim olunan sənədlərin surəti Komissiyanın arxivində saxlanılır və geriyə qaytarılmır. İş materiallarında olan Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Mahaçqala şəhəri) tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplomun və diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2001-ci ildə Dağıstan Dövlət Universitetinə (“Hüquqşünaslıq” ixtisası, qiyabi forma) daxil olmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetini bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Hüquqşünaslıq ixtisası üzrə Hüquqşünas ixtisası verilmişdir. Diplom və diploma əlavə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və X10 Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə müvafiq olaraq 89676 və 89677 qeydiyyat nömrələri ilə apostil edilmişdir. İş materiallarında olan Dağıstan Dövlət Universitetinin 1979-C nömrəli, xx.xx.2001-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən İddiaçı Dağıstan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli şöbəsinin birinci kursuna qəbul edilmişdir. İş materiallarında olan Dağıstan Dövlət Universitetinin 1934-C nömrəli, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqşünaslıq fakültəsində Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarına əsasən “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli təhsil formalı tələbəsi İddiaçı Hüquqşünaslıq ixtisası verilmiş və diplomla təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplomun və diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2001-ci ildə Dağıstan Dövlət Universitetinə (“Hüquqşünaslıq” ixtisası, qiyabi forma) daxil olmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetini bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Hüquqşünaslıq ixtisası üzrə Hüquqşünas ixtisası verilmişdir. Diplom və diploma əlavə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və X10 Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə müvafiq olaraq 89676 və 89677 qeydiyyat nömrələri ilə apostil edilmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdehə müraciət etsə də, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları»na uyğun gəlmədiyi əsas gətirilməklə, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Həmin Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Məhkəmə qeyd edir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Göründüyü kimi, Təhsil Nazirliyinin iddiası həmin filialın fəaliyyətə başladığı gündən 20 iyun 2007-ci il tarixədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. Beləliklə hazırkı iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir. İddiaçı qeyd olunan məhkəmə qərarına əsasən Filialın fəaliyyətinin dayandırılmasınadək təhsilini bitirmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir ki, bununla da təhsil alan şəxslərin təhsil hüquqları qorunmuş və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmışdır. Göründüyü kimi, iddiaçının diplom üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Ona görə də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-128/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-128/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver