Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1280/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması və əsassız olaraq hesablanmış 16.013,62 manat pul vəsaitinin silinməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 18.02.2021-ci il tarixli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1998-ci ilin 10 oktyabr tarixindən 2014-cü ilin 27 oktyabr tarixinə qədər AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı yeməkxanasının müdiri işləmiş, 20.10.2013-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən ona **********5 nömrəli, 05.03.2021-ci il tarixli məktub göndərilmişdir ki, cari təftiş zamanı güzəştli iş stajının az olması səbəbindən DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən qanunvericliyə zidd olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından təyin olunmuş əmək pensiyası dayandırılır və 20.10.2013-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16.013,62 manat artıq ödənilmiş pul vəsaiti könüllü şəkildə büdcəyə qaytarılmalıdır. Cavabdeh orqanın təyin olunmuş əmək pensiyası ödənişini dayandırması və ondan xeyli miqdarda pul tələb etməsi iddiaçının hüquqlarını pozduğundan hüquqlarının bərpa olunması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 departamenti tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Penitensiar müəssisələrdə mülki işlər bölməsində (34) mətbəx müdiri vəzifəsi nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 03.03.2003- 04.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi satıcı-aşpaz (fəhlə) peşəsi yuxarıda qeyd olunan mətbəx müdiri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay 13 gün) təşkil edir. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona 20.10.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, 57 yaşı 01.02.2013-cü il tarixdə tamam olmuşdur. 3191103 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 29.11.1974-cü ildən 12.12.1976-ci ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.04.1977-ci il tarixdən 22.07.1980-ci il tarixədək Şərab Zavodunda, 03.03.1981-ci ildən 01.10.1981-ci il tarixədək Azərbaycan SSR Bakı şəhəri Bakı Tekstil Fabrikində, 01.02.1982-ci il tarixdən 12.05.1982-ci il tarixədək “Azərelektromontaj” trestində, 02.08.1982-ci il tarixdən 02.01.1992-ci il tarixədək “Avto-Servis” № 1 Texniki Xidmət Stansiyasında 24 №-li Avtodayanacaqda, 02.01.1992-ci il tarixdən 03.10.1994-cü il tarixədək 24 №-li Dayanacaqda, 06.10.1994-cü il tarixdən 18.12.1995-ci il tarixdədək 27 №-li Dayanacaqda, 20.12.1995-ci il tarixdən 03.03.1997-ci il tarixədək 5 saylı A\dayanacaqda işləmiş, 20.10.1998-ci il tarixdən 24.10.2014-cü il tarixədək isə Ədliyyə Nazirliyi MQİBİ-nin İntendant Ticarət və Təchizat Bazasının İƏM-14 nəzdindəki yeməkxana–kafesinin müdiri vəzifəsində işləmişdir. İddiaçı 05.11.2014-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmiş, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat idarəsinin 04.11.2014-cü il tarixli 17/57-358 nömrəli arayışını əlavə etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı 20.10.1998-ci ildən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsində ticarət sahəsində müəssisələrin daxilində və kənarında yerləşən 14 saylı yeməkxana-kafe müdiri, sonradan yeməkxananın mətbəx fəhləsi vəzifələrində işləyərək şəxsi heyətin və məhkumların qidalanmasını təmin etmişdir. Təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 1909 saylı noyabr 2014-cü il tarixli qərarı ilə iddiaçıya 20.10.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DSMF-nin aparatının daxili nəzarət departamentindən daxil olmuş 30.12.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.02.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərara əsasən İddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçıya ünvanlanmış 05.03.2021-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 03.03.2003-04.11.2014cü il tarixləri arasındakı dövr ərzində “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti”nin Təchizat İdarəsində satıcı-aşpaz (fəhlə) peşəsində işlədiyi qeyd olunmuş, işlədiyi satıcı-aşpaz (fəhlə) peşəsi yuxarıda qeyd olunan mətbəx müdiri vəzifəsinə uyğun olmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay 13 gün) olduğundan iddiaçıya təyin edilmiş pensiya dayandırılaraq 20.10.2013-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16013,62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyindən həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması xahiş olunmuşdur. İddiaçı hazırda ona təyin edilmiş pensiyanın dayandırılmasını mübahisələndirməklə qəbul olunmuş qərarın ləğv edilməsini və əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İPM-in 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli inzibati akt qəbul edilərkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Məhkəmə işin sadalanan hallarına qiymət verərək hesab edir ki, cavabdeh həm prosessual, həm də maddi hüquq normalarını pozmuşdur. Belə ki, “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşdən müəyyən olunur ki, cavabdeh 2014-cü ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, cavabdeh DSMF-nin aparatının daxili nəzarət departamentindən daxil olmuş 30.12.2020-ci il tarixli **********5 nömrəli məktuba əsasən öz təşəbbüsü ilə inzibati icraata başlayaraq 18.02.2021-ci il tarixdə həmin pensiyanın ödənilməsini dayandırmaq barədə qərar qəbul etməklə özünün iddiaçıya pensiya təyin edilməsi barədə 2014-cü il tarixli əlverişli inzibati aktının ləğv edilməsinə səbəb olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən həmin inzibati icraata cəlb olunmamış, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, cavabdeh ümumiyyətlə qəbul etdiyi 18.02.2021-ci il tarixli qərarla bağlı inzibati icraat aparmamış, qərarda gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad etməmişdir. O da qeyd edilməlidir ki, mübahisələndirilən qərarda səbəb kimi DSMF-nin aparatının daxili nəzarət departamentindən daxil olmuş 30.12.2020-ci il tarixli **********5 nömrəli məktuba istinad olunmuş, məhkəmə sorğularına baxayaraq həmin məktub məhkəməyə təqdim edilməmiş, 18.02.2021-ci il tarixli qərar isə yalnız iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən 6 aydan artıq müddət keçdikdən sonra məhkəməyə və iddiaçıya təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində qərar qəbul edərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. İşdən aydın olur ki, cavabdeh bu zaman həm də maddi hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçıya ünvanlanmış məktubdan məlum olur ki, cavabdeh iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən onun güzəştli iş stajının 12 il 6 aydan az (4 il 4 ay 13 gün) olmasına istinad etmişdir. Lakin cavabdehin bu istinadı əsaslı olmamışdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə pensiya ƏPQ-nin 9.1-cü maddəsinə əsasən deyil, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən təyin edilmişdir. Belə ki, həmin maddənin 4-cü hissəsinin iddiaçının cavabdehə müraciət etdiyi 2014cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir: 39.4.1. kişilərə - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan - 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə; 39.4.2. qadınlara - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan - 12 il 6 aydan az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25.07.2006-cı il tarixli 430 nömrəli Fərmanının 2.3-cü hissəsinə əsasən Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabineti müvafiq siyahını 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nı (bundan sonra – Siyahı) təsdiq edərkən onun təkibində təsdiq etmiş və Penitensiar müəssisələrdə mülki işlər üzrə aşağıdakı mülki işçilərin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququnu təsbir etmişdir:
1. ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri
2. komendant
3. tibb işçiləri
4. əməyin təşkili və əmək haqqı şöbəsinin (hissəsinin) işçiləri
5. maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçiləri
6. texniki nəzarət şöbəsinin (hissəsinin) işçiləri
7. təhlükəsizlik texnikası üzrə mütəxəssis
8. mətbəx müdiri
9. istehsalat sexlərinin (sahələrinin) işçiləri. İşdən görünür ki, iddiaçının 55 yaşı 01.02.2011-ci il tarixdə tamam olmuş, həmin tarixə onun 25 ildən (35 il) artıq ümumi stajı olsa da, penitensiar müəssisədə əmək stajı cəmi 12 il 3 ay 12 gün olduğundan ona 15 ilinin tamam olduğu 20.10.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh hazırda iddiaçının işlədiyi bu dövrün cəmi 4 il 4 ay 13 gün müddətinin Siyahıda müəyyən olunduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən İddiaçı 20.10.1998-ci il tarixdə (əmr № 1237ş/h) 14 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı yeməkxananın müdiri vəzifəsinə təyin olunmuşdur. “Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Avtonəqliyyat təsərrüfatının, İTTB-nin çörək sexinin, köşk və yeməkxanalarının ştat vahidlərinin elan edilməsi haqqında” 28.02.2003-cü il tarixli 116ş/h saylı əmrlə 14 saylı yeməkxanada müdir vəzifəsi ixtisar olunaraq satıcı-aşpaz vəzifəsi təsis edilmişdir. İddiaçı 03.03.2003-cü il tarixdə (əmr № 47) 14 saylı yeməkxananın satıcı-aşpazı vəzifəsinə təyin olunmuş, 27.10.2014-cü il tarixdə (əmr № 167/t) əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 20.10.1998-ci il tarixdən 28.02.2003-cü il tarixədək Siyahıda göstərilən mətbəx müdiri vəzifəsində işləmiş, bundan sonra 27.10.2014-cü il tarixədək isə 14 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı yeməkxananın satıcı-aşpazı kimi fəaliyyət göstərmişdir. Cavabdeh məhz bu hala istinad etsə də, Siyahıda maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçilərinin də penitensiar müəssisələrin güzəştli şərtlərlə pensiya hüququna malik olan mülki işçilər sırasına aid edildiyini nəzərə almamışdır. Məsələ ilə bağlı iddiaçının işlədiyi müəssisəyə verilmiş sorğuya cavab olaraq Penitensiar Xidmət tərəfindən 14.02.2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 03.03.2003-cü il tarixdən 27.10.2014-cü il tarixədək işlədiyi satıcıaşpaz ştat vahidi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki - Penitensiar xidmət) intendant Ticarət və Təchizat Bazasının nəzdində Baş İdarə üzrə 28.02.2003-cü il tarixli 116ş/h nömrəli əmrlə yaradılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə penitensiar müəssisələrin təchizatı, o cümlədən maddi-texniki təchizatı ilə məşğul olan idarə olmuş, iddiaçı da həmin İdarənin işçisi olmuşdur. Eyni zamanda İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsinin 2015-ci il tarixli Aktında qeyd edilmişdir ki, iddiaçının pensiya hüququnu təsdiq edən güzəştli arayış yerində yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı penitensiar müəssisədə mülki işçi kimi işləmiş, 20.10.1998-ci ildən mətbəx müdiri vəzifəsinə qəbul edilmiş və bu vəzifəni işdən azad olunanadək icra etmişdir. 03.03.2003-cü il tarixdən həmin vəzifə ixtisara düşmüş, lakin həmin vəzifəni əvvəlki qaydada tam gücündə icra etmişdir. Mətbəx sahəsində əlavə işçi olmamışdır. Bütün işləri özü tək icra etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsinin 23.11.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 20.10.1998-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (əvvəllər MQİBİ) Təchizat İdarəsinin (əvvəllər İTTB) ticarət sahəsinin 14 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən 14 saylı kafe-yeməkxanasında müdir vəzifəsində çalışmışdır. 03.03.2003-cü ildə yeməkxana müdiri vəzifəsi ixtisara düşmüş və ştatda ancaq bir vəzifə saxlanıldığı üçün həmin tarixdən satıcı-aşpaz vəzifəsinə köçürülmüşdür. İddiaçı 2014-cü ilin noyabr ayınadək həmin vəzifədə işləyərək şəxsi heyyətin və məhkumların qidalanmasını təmin etmişdir. Mətbəxdə başqa işçi olmamış, vəzifəsini tək özü icra etmişdir. İşçi hər il məzuniyyət hüququndan istifadə etmişdir. Beləliklə, işin sadalanan halları ilə cavabdehin iddiaçı barəsində qəbul etdiyi inzibati aktın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin 18.02.2021-ci il tarixli qərarı ləğv olunmaqla iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının dayandırılması haqqında” 18.02.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova