Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12800/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar X9, X10, X11, X4, X7, X17, İddiaçı2, X8, X5, X12 və İddiaçı1, iddiaçı X1 nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələblərinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və digərləri (cəmi 686 nəfər iddiaçı, bundan sonra - iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Prezident Administrasiyasına (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40 000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların əksəriyyəti vətən müharibəsi veteranı, qazilər və əmək veteranlarıdır. Onların mülkiyyətlərində dövlət özəlləşdirmə payları var, lakin həmin mülkiyyət hüquqlarından onlar istifadə edə bilmirlər. Belə ki, həmin paylar üzərindəki mülkiyyət hüquqları xx.xx.2011-ci ildən bəri cavabdeh İdarələr tərəfindən qəbul edilmiş qanun qüvvəsində olmayan aktlar ilə pozulur, onlar həmin paylardan istifadə edə, sərəncam verə bilmir. xx.xx.1995-ci il tarixində Qanunla təsdiq edilmiş “AR-da 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” 8-ci bəndinin 3cü abzasının imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq dövlət özləşdirmə payları (çekləri) ilə satılmalıdır. Qanunla bütün investorlar 15% əmək kollektivindən qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 50% payı ancaq və ancaq vətəndaşlardan AR-sının dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilərdi. Qanunla Xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəl opsion almalı idi. Hər özəlləşdirmə opsionu vətəndaşlardan ikincili bazardan bir çek almaq hüququ verirdi. Bununla birlikdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli “222” saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalardan məlum olduğu kimi 2-ci bənddə Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir yazılmışdır. Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çeki dəyərinin ən azı 500 USD və bir özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentini ən azı 2000 USD müəyyən edib. Bu dəyərin əmlak ekvivalenti qanunla təsdiqlənmiş İ Dövlət Proqramına görə inflyasiyadan qorunur. Ötən 28 ildəki infilyasiyanı nəzərə alsaq hər özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün ən azı 40 000 manat olduğunu təsdiqləyir. 1995-ci il Ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində, dövlət büdcəsində heç 1 milyad dolar olmayanda dövlət tarixi sosial ədalətin təmin olunması üçün özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-ni miras əmlak payı olaraq dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə əvəzləndirilməsini qanunla təsdiqlədi. Nəticədə bu gün üçün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək bu əmlakların dəyərini yenidən qiymətləndirərsə hətta bir özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün bəlkə də 80 000 manat olması faktı üzə çıxar. Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunmuş 23 dekabr 2009-cu il tarixli, 202 nömrəli Fərman (qanun qüvvəsində olmayan akt) ilə bu imkanın qarşısı alındı və iddiaçıların bu mülkiyyət hüququ pozuldu. Belə ki, həmin fərman ilə dövlət özəlləşdirmə çeklərinin (paylarının) xx.xx.2011 -ci il tarixinə qədər tədavüldə qalacağı bildirildi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 75 saylı Fərman ilə dövriyyədə olan dövlət özəlləşdirmə çeklərinin (paylarının) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi xx.xx.2011-ci ilə qədər istifadə edilə biləcəyi qəbul olundu. 2004-cü ilə qədər kimi heç bir qanunvericilik aktı ilə dövlət özəlləşdirmə çeklərinin (paylarının) tədiyyə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırılmadığı halda, birdən-birə xx.xx.2004cü il tarixli, 75 saylı Fərman ilə məhdudlaşdırıldı. Göründüyü kimi, xx.xx.2011-ci il tarixində iddiaçıların mülkiyyətində olan dövlət özəlləşdirmə çekləri (payları) heç bir kompensasiya ödənilmədən tədavüldən çıxarıldığı kimi, həm də Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, insan hüquqlarına dair qoşulduğumuz beynəlxalq müqavilələrə zidd olaraq, mülkiyyət hüquqları pozularaq dövlət özəlləşdirmə çeklərinin (paylarının) özəlləşdirmə zamanı tədiyyə vasitəsi kimi istifadəsi də qadağan edildi. Lakin bu yolverilməzdir. İddiaçılar X9, X10, X11, X4, X7, X17, İddiaçı2, X8, X5, X12 və İddiaçı1, həmçinin iddiaçı X1 nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahatlar verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, dövlət özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarılmışıdır. Bu səbəbdən həmin çeklərin hər hansı hüquqi qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər təyin edilmiş məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, işə digər cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı iddia tələbində iddiaçıların tələbi 2 hissədən ibarətdir: 1.Dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması, həmin payların hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması. 2.Bu mümkün olmadığı təqdirdə isə həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40 000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (30.2.). Göründüyü kimi iddiaçıların iddia tələbinin birinci hissəsi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş “əmlak” tələbinə dair, ikinci hissəsi isə həmin maddədə nəzərdə tutulmuş “inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiadır. İddiaçılar iddia tələbinin birinci hissəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, ikinci hissəsini isə bütün cavabdehlərə qarşı yönəltmişdir. Qeyd edilməlidir ki, cavbdehlərin hər biri müxtəlif inzibati orqanlar olmaqla qanunvericiliklə onlara aid edilmiş səlahiyyətlərə malikdirlər. İddiaçının iddia tələbləri isə yalnız bir inzibati orqanın səlahiyyətinə aid ola, onların hüquqlarının pzulması bir orqanın hərəkət və ya hərəkətsizliyi üzündən baş verə və tələb bir inzibati orqana qarşı yönəldilə bilərdi. Lakin, iddiaçılar öz tələblərini 4 inzibati orqana qarşı yönəltmişlər. Həmçinin iddiaçılar dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid olduğunu hesab edirlərsə, yalnız həmin iddia tələbini irəli sürməli ididlər. Lakin, iddiaçılar bununla yanaşı dəymiş ziyana qarşı kompensasiya tələbini irəli sürmüş, həmin tələbi 4 inzibati orqana qarşı yönəltmiş və onlara ziyan dəyməsinin hansı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsini əsslandıra bilməmişlər. Məhkəmə hesab edir ki, iddianın bu şəkildə qoyulması yolverilməzdir. Eyni zamanda qeyd edilməlidir ki, özəlləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən dövlət özələşdirmə payları (çekləri) Azərbaycan Rspublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız hesab olunur. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 16 may 2000-ci il tarixli (№878-İQ) Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi nə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər. Adıçəkilən qanunvericilik aktlarından göründüyü kimi, vətəndaşlara, o cümlədən, iddiaçılara verilmiş özəlləşdirmə çekləri (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutur. Lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə görə) görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamışdır. Beləliklə də konkret halda, iddiaçılar onlara verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanı qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələbləri barədə iddiaları mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-12800/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12800/2024
06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver