Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12801/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı “tikiliyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı tikiliyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin heç bir hüquqmüəyyənedici sənədi olmamaqla, özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin ev Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (bundan sonra – cavabdeh və ya qoruq) ərazisində yerləşir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək yaşadığı evdə mətbəxin və sanitar qovşağın tikilməsinə icazə verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini qismən təmin edərək evə bitişik olmamaq şərtilə yalnız sanitar qovşağın tikilməsinə razılıq vermişdir. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsində yerləşən 44 nömrəli ev üçün mətbəxin tikintisinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin ev onun mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. Ev tarixi qoruq ərazisində yerləşir və mətbəxi və sanitar qovşağı yoxdur. Cavabdehin imtinası əsassızdır. Belə ki, evi üçün mətbəx də ən azı sanitar qovşağı qədər vacibdir. Çünki ailə qurduğu zaman həmin mənzil yaşayış şəraitinə uyğun gəlməyəcəkdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddiaçı yaşadığı evdə mətbəxin tikilməsinə razılıq verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir ki, bu tələb ona münasibətdə əlverişli inzibati aktın qəbul edilməsinə yönəlmiş məcburetmə haqqında iddiadır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdeh xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı iddia tələbi ilə 7.08.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin ev qoruq ərazisində yerləşir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı evdə mətbəxin tikintisinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı tələbinin əsası kimi həmin evdə faktiki yaşamasına və həmin evin onun mülkiyətində olmasına istinad edir. Tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci maddəsinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mübahisəli tikili özbaşına tikilidir və heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə də, iddiaçının mülkiyyət hüququna dair normaya istinad etməsinin qanuni əsası yoxdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisəli torpaq sahəsinin cavabdeh qoruğun ərazisində yerləşməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı da bu halı mübahisələndirmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi: Maddə 1.1. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, Cavabdeh Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının (bundan sonra – Qoruqlar) ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Maddə 3.1. İdarə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.3. Qoruqlar sahəsində nəzarəti həyata keçirmək; 3.1.8. Qoruqların ərazisində abadlıq və yenidənqurma işlərinin aparılmasına razılıq vermək; Maddə 3.2. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 3.2.6. Qoruqların ərazisində İdarənin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək; 3.2.11. Qoruqların sərhədlərindən kənardakı bufer zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinə razılıq vermək; Göründüyü kimi, qoruq ərazisində İdarənin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, həmçinin qoruq ərazisində inşaat-təmir işlərinə razılıq vermək cavabdehin hüququdur. İddiaçı isə cavabdehin bu hüququndan irəli gələn hərəkətini mübahisələndirməsinə baxmayaraq, tələbini əsaslandırmamış, tələbin faktiki və qanuni əsası müəyyən edilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı yaşadığı tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmamaqla özbaşına tikilidə yaşayır. Hazırkı halda da yeni özbaşına tikili inşa etmək öhdəliyinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir. Belə olan halda cavabdehin hərəkəti qanuni olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı tikiliyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12801/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12801/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver