Məhkəmə qərarları › İş №2-1(112)-12802/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12802/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12802/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı üçüncü şəxs X2 və Əli-zadə Rəhimə Namiq qızı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiassı üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2 və Əli-zadə Rəhimə Namiq qızı) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 11 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş reyestr nömrəsi **********37- 05301-093031 saylı çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. ünvan 4 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********37- 05301-093083 saylı olan çıxarışa əsasən Əli-zadə Kamilə Əli qızının xüsusi mülkiyyətindədir. Daxili İşlər Nazirliyinin "Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2023-cü il tarixli, № ******* saylı arayışına əsasən X2 və Əli-zadə Rəhimə Namiq qızı (bundan sonra – üçüncü şəxslər) ünvan 1 ünvanda posport qeydiyyatındadırlar. İddiaçı üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əli-zadə Rəhimə Namiq qızı və X1 Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, ev 1, 32 saylı mənzildən pasport qeydiyyatından çıxarmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi 1 nömrəli evin 2-ci blokundakı 138 kv.metr sahəsi olan 32 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və 2006-cı ildən etibarən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Mənzilin mənsubiyyət məsələsi hər hansı şəxs tərəfindən mübahisə edilmir. Yaxın vaxtlarda yaşadıqları mənzilə kimlərin qeydiyyata düşməsi məsələsini araşdırarkən məlum olmuşdur ki, mənzildə ailə üzvlərindən savayı tanımadıqları daha 2 nəfər – üçüncü şəxslər də pasport qeydiyyatına alınmışlar. Həmin şəxsləri tanımadıqlarından müvafiq araşdırma aparmalı olmuşdur. Məlum olmuşdur ki, həmin şəxslər də, ana-bala olmaqla onların yaşadıqları binada, lakin evin 1-ci blokundakı 32 nömrəli mənzildir. Lakin onlar hansı səbəbdənsə evin 1-ci blokundakı 32 nömrəli mənzil əvəzinə, 2-ci blokdakı 32 nömrəli mənzilə, yəni iddiaçıya məxsus olan mənzilə pasport qeydiyyatına alınmışlar. Çox güman ki, bu anlaşılmazlıq pasport qeydiyyatı ilə məşğul olan məmurların texniki səhvə yol vermələrinin nəticəsidir. Üçüncü şəxslərlə görüşdükdən sonra razılığa gəlmişlər ki, DİN-nin ASAN Xidmət mərkəzində olan bölməsinə gedib bu anlaşılmazlığı aradan qaldırsınlar. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində araşdırma aparıb müəyyən etdilər ki, doğurdan da üçüncü şəxslər texniki səhv üzündən evin 1-ci blokundakı 32 nömrəli mənzilə qeydiyyata alınmaq əvəzinə 2-ci blokdakı ona və ailəsinə məxsus olan 32 nömrəli mənzilə qeydiyyata alınmışlar. Orada bildirildi ki, üçüncü şəxslərə məxsus sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində yaşadıqları evin və mənzilin nömrəsi göstərilsə də, səhvən blokun nömrəsi göstərilməmişdir. Bu səbəbdən də onlar yeni şəxsiyyət vəsiqəsi almalıdırlar. Asan Xidmət nümayəndəsinin bu iradının məntiqli olması şübhəlidir. Dövlət məmurlarının buraxdıqları səhvlər onların özləri tərəfindən də aradan qaldırılmalı idi. Bundan sonra, ona və ailəsinə məxsus mənzildən pasport qeydiyyatından çıxmaq üçün məhz hansı təşkilata müraciət etməli olduqları üçüncü şəxslərə izah etsə də, onlar bu məsələ ilə bağlı hər hansı təşəbbüs göstərməkdən imtina etdilər. Üçüncü şəxslər özlərinə məxsus mənzilləri olduğu və faktiki olaraq həmin mənzildə yaşadıqları halda onun adına olan evin 2-ci blokundakı 32 nömrəli mənzilə olan pasport qeydiyyatından könüllü sürətdə çıxmaqdan imtina edirlər. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmənin dəftərxanasına ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs R.Əli-zadənin istifadəsində olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, həmçinin onunla əlaqə saxlanılaraq məhkəmə iclasının vaxtı barədə məlumat verilmiş, lakin üçüncü şəxs məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Digər üçüncü şəxs azyaşlıdır. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsində "xxxx" MTK-ya məxsus 1 nömrəli binada 32 saylı iki ayrı-ayrı mənzil iddiaçının və K.Əlizadənin mükiyyətindədir. İddiaçının mənzili binanın ikinci girişində, K.Əli-zadənin mənzili isə, binanın birinci girişində yerləşir. İşin qeyd olunan halları, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş hər iki əmlaka dair arxiv qovluğundan, eyni zamanda "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, 60/O nömrəli arayışından müəyyən edilir. İddiaçının ailə üzvləri və üçüncü şəxslər ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxslərin onun mənzilindən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı işin həlli baxımından üçüncü şəxslərin iddiaçıya məxsus olan, yoxssa K.Əlizadənin mülkiyyətində olan mənzildə qeydiyyatda olmalarının və yaşamalarının müəyyən edilməsi zəruridir. Hər iki əmlakın arxiv qovluğundan müəyyən edilir ki, iddiaçının mənzili ünvan 1-dir. K.Əli-zadənin mənzili isə, ünvan 4-dir. Üçüncü şəxslərin qeydiyyatı - ünvan 1 ünvanınadır. "xxxx" MTK-nın 24 oktyabr 2024-cü il tarixli məktubuna əsasən Nəsimi rayonu, Möhsüm Sənani küçəsi 1-də yerləşən "xxxx" Tikinti Kooperativinə məxsus 2 bloklu evdə 32 rəqəmi ilə nömrələnmiş iki mənzil vardır. Birinci blokdakı 32 nömrəli mənzildə faktiki olaraq X3 və X5, ikinci blokdakı 32 nömrəli evdə isə faktiki olaraq İddiaçı, X4 və X9 yaşayırlar. Göründüyü kimi, hüquqmüəyyənedici sənədlərə əsasən üçüncü şəxsin mənzili ünvan 4 olduğu halda, üçüncü şəxslər ünvan 1 ünvanında, yəni iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar. Göründüyü kimi işdən olan sübutlarla müəyyən edilir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, daşınmaz əmlakın dövlət reyestrində Əli-zadə Rəhimə Namiq qızının adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, ev 1, giriş 1, 32 saylı mənzildə yaşayırlar və iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları yoxdur. Üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan rekvizitləri isə iddiaçının mülkiyyətində olan mənzildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğu halda, o, həmin əmlakda qeydiyyatda olan, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya əmlaka münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxs(lər)in qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, mülkiyyətçinin bunu istəmədiyinə baxmayaraq ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxsləri bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi onun mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Artıq yuxarıda şərh olunduğu kimi məhkəmə belə qənaətə gəlmişdir ki, bu məsələdə qüvvədə olan qanunvericilik “qanunun keyfiyyəti” ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün mülkiyyətçinin üzərinə qoyulması onun hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmiş olardı. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmur. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər. Üçüncü şəxslər Nəsimi rayon Polis İdarəsinə müraciət edərək mülkiyyətində olan mənzilin ünvanı üzrə, yəni - ünvan 4 ünvanına pasport qeydiyyatına alınmalarını tələb edə bilərlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X2 və Əli-zadə Rəhimə Namiq qızının ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar