Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12807/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat İmtana İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Rover” minik markalı, hazırda üzərində **-MY-*** dövlət qeydiyyat nişanı olan, universal tipli, SALWA2VF5EA353778 ban nömrəli, qara metalik rəngli, 2014-cü il buraxılışlı avtomobil üzərində təkrar qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Qeydiyyat İmtana İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.12.2021-ci il tarixli qərardadı ilə cavabdehin əsl cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi ilə əvəz olunmasını qərara alınmışdır. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahardan göründüyü kimi iddiaçı hesab edir ki, avtomobilin Azərbaycan Respublikasında ilkin qeydiyyata alınması, yəni 25 fevral 2015-ci il tarixi ilə İnterpolun Milli Mərkəzi Bürosunun 02.11.2021-ci il tarixli məktubunda qeyd edilən avtomobilin oğurlanması 08 iyun 2015-ci il tarixli arasında zidiyyət mövcuddur. Bu məqama əsasən avtomobilin oğurlanma tarixindən əvvəl qeyd edilən avtomobil Azərbaycan Respublikası ərazisində olmaqla müvafiq qeydiyyat aparılıb nömrə nişanları verilmişdir. Yəni avtomobilin Azərbaycan Respublikasında qeydiyyata alınması tarixi ilə cinayətin törədilməsi tarixi arasında zidiyyətli məqam vardı. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. -XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması və qanunvericilikdə səciyyələnmiş digər əsaslara görə həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması "qeydiyyat hərəkətləri" anlayışını ehtiva edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə əldə etmiş olduğu avtonəqliyyat vasitəsi üzərində təkrar qeydiyyata hərəkətlərinin aparılmasını istəsə də, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Avtomobilin iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsinə əsas olaraq nəqliyyat vasitəsinin Ukrayna Respublikası tərəfindən dövlətlərarası axtarışda olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin məsələyə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmişdir.Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, həmin avtomobilin oğurlanmış avtomobil kimi Ukrayna Respublikasında axtarışa verilməsi ilə İddiaçı və qeyrilərinin hərəkətləri arasında hər hansı əlaqə yoxdur, yəni İddiaçı və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə avtomobilin hazırki mülkiyyətçisinin vicdanlı alıcı olması ilə bağlı qeyd edir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi axtarışın ləğvi ilə bağlı olmamaqla, həmin avtomobilin axtarışı üzrə məlumatlara toxunmadan həmin avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi mümkündür. Belə ki, avtomobilin axtarışda olması avtomobilin istifadəçisi İddiaçı həmin avtomobili alarkən məlum olmamış və iddiaçı yalnız bu məlumatdan cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış məktubu əldə etdikdən sonra xəbərdar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirsək məlum olur ki, -181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. -181.2-ci maddəsində əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın sahibliyə verilməsinin qanuni əsaslarından biri kimi göstərilmişdir. -182.1-ci maddəsinə əsasən «Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır». -182.2-ci maddəsinin birinci cümləsinə əsasən «Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur». Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində Mülki Məcəllənin 182.2-ci maddəsinin mənasını şərh edərək qeyd olunmuşdur ki, şəxsin öz iradəsinə əsasən mülkiyyətindən çıxarılmış əmlakı heç bir qanun pozuntusuna yol vermədən, müvafiq əqdə əsasən əldə etmiş, bununla da həmin əmlaka qanunda nəzərdə tutulmuş qaydada mülkiyyət hüquq qazanmış şəxs vicdanlı alıcı hesab edilir. (“Cinayətin törədilməsi zamanı əmlak zərər çəkmiş şəxsin iradəsinə zidd olmayaraq onun mülkiyyətindən çıxarıldıqdan sonra həmin əmlakı əldə etmiş şəxsin vicdanlı alıcı statutsuna malik olması sübuta yetirildikdə, o, mülkiyyətindən məhrum edilə bilməz ) İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər sənədlərlə sözügedən avtomobilin oğurlanmış avtomobil kimi Ukrayna Respublikasında axtarışa verilməsi ilə İddiaçı hərəkətləri arasında hər hansı əlaqə olmaması, yəni avtomobilin mülkiyyətçisinin vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığı, mülkiyyətçisinin öz əmlakı üzərində sərəncam vermək hüququndan istifadə edərək, həmin avtomobili iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmçinin avtomobilə dair sərəncam vermək hüququnu sonuncuya verməsi iş materialları ilə müəyyən edilmişdir. Digər tərəfdən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi, ümumiyyətlə mübahisə predmetini təşkil edən avtomobil gömrük vəsiqəsi əsasında Azərbaycan Respublikasına gətirildikdən sonra avtomobil ilə bağlı təkrar qeydiyyat hərəkətləri aparılmış, əvvəlki alıcılara qeydiyyat nişanları təhkim olunaraq qeydiyyat şəhadətnamələri verilmiş və yalnız 2021-ci ildə avtomobilin interpol xətti üzrə axtarışda olması faktı qeydiyyata alındıqdan sonra iddiaçıya münasibətdə avtomobil ilə bağlı təkrar hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Nəzərə alınmalıdır ki, bu hal bir mənalı olaraq onun hüquqlarının pozulmasına səbəb olur. Çünki, digər alıcılara münasibətdə həmin avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, iddiaçı və əvvəlki alıcılar arasında fərq qoyur ki, bu da iddiaçının mülkiyyət hüquqlarından məhrum edir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, avtomobilin 08 iyun 2015-ci il tarixdə oğurlanması ilə bağlı məlumat verilmişdir ki, avtomobilin Azərbaycan Respublikasına gətirilmə tarixi həmin tarixdən əvvəl olmuşdur. Belə ki, əgər avtomobil Azərbaycan Respublikasına 08 iyun 2015-cı il tarixdən əvvəl gətirilmişdirsə həmin avtomobilin 08 iyun 2015-ci il tarixdə başqa bir ölkədə olması və oğurlanması ilə bağlı ziddiyyətli hal olmuşdur ki, məhkəmə həmin ziddiyyətli halın iddiaçının xeyrinə şərh edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “X1 Rover” minik markalı, hazırda üzərində **-MY-*** dövlət qeydiyyat nişanı olan, universal tipli, SALWA2VF5EA353778 ban nömrəli, qara metalik rəngli, 2014-cü il buraxılışlı avtomobil üzərində təkrar qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “X1 Rover” minik markalı, hazırda üzərində **-MY-*** dövlət qeydiyyat nişanı olan, universal tipli, SALWA2VF5EA353778 ban nömrəli, qara metalik rəngli, 2014-cü il buraxılışlı avtomobil üzərində təkrar qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-12807/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12807/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver