Məhkəmə qərarları › İş №2-1(112)-1281/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1281/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1281/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X1 (ünvanı:ünvan 1 3-cü şəxsin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, məsləhətçi-hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 3-cü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı “yenilənmiş məlumat vərəqəsinin müvafiq quruma göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hərbi xidmətə yararsız sayıldığından “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq (29 aprel 1992-ci il tarixli qanununun 13-cü maddəsinin a) bəndinə əsasən pensiyasına qanunla müəyyən edilmiş 5%-in əlavə edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının əmək haqqının 5 faizi əlavə nəzərə alınmaqla məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi ünvanı nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1991-1993-cü illərdə Naxçıvanski adına Hərbi Liseyi, 12 avqust 1993-cü ildən 02 sentyabr 1997-ci ilə kimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində sərhədqoşunları fakültəsini bitirmiş, 12 avqust 1993-cü il tarixdən 18 may 2018-ci il tarixədək isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit rütbəsində (keçmiş mayor) xidmət etmişdir. Xidmət etdiyi dövrdə səhhətində ciddi problemlər yarandığına görə 18 may 2018-ci il tarixədə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə Dövlət Sərdhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvələrin ehtiyatına buraxılmışdır. 20 ildən artıq xidmət etmişdir. Bakı şəhərində müraciət etdiyi tibb müəssisələrində xəstəliyi (qida qəbul etdikdən 30-40 dəqiqə sonra orqanizmində şəkərin miqdarı kəskin aşağı düşürdü) müəyyən olunmadığından 2018-ci ilin aprel ayında Rusiya Federasiyasının Sosnovıy Bor şəhərinə getdi. Rusiya Federasiyasının Leninqrad vilayətinin Sosnovıy Bor şəhərində «Titanmed» X5 müayinə olunmuş, həmin Tibb Mərkəzində xəstəliyi aşkar olunduqdan sonra həmin sənədlər əsasında Respublika Onkoloji Mərkəzində təkrar müayinədən keçmiş, «Titanmed» X3 verilmiş tibbi sənədlərdə göstərilən xəstəliyi təsdiq olunmuş və «Onikibarmaq bağırsağın xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının xoraları, çapığı və deformasiyası. Qastroduodenit. Hepatosteatoz. Onurğanın C4-C5-C6 fəqərəarası disklərin mərkəzi protruziyaları. Sağ böyrəyin sisti» diaqnozu qoyulmuşdur. Hal-hazırda həmin diaqnoz üzrə Respublika Onkoloji Mərkəzində müalicə alır. «Hərbi Quluqcuların Pensiya Təminatı Haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, (29 aprel 1992-ci il tarixli qanun), əgər hərbi qulluqçu ehtiyata buraxıldıqdan sonra 3 il ərzində (həmin qanunun 49cu maddəsi) onda xəstəlik aşkar olunarsa pensiyasına xəstəliyi ilə əlaqədar 5% əlavə olunmalıdır. Bununla əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilatın ona verdiyi 26 oktyabr 2018-ci il tarixli K/1169/1O/Z-1586 saylı cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: «Məlumat üçün bildirir ki, Sizə xidmət illərinə görə pensiya təyin edilərkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.14.1-1-ci maddəsinə uyğun olaraq təyin edilmişdir». «Hərbi quluqcuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğlərinin dəyişməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı andan sonrakı ayın 1-dən bu pensiyaların yenidən hesablanır. Həm də pensiyaçı pensiyanın artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi 12 ay üçün ödənilməlidir. Cavabdeh təşkilatın qeyd etdiyi cavabını əsassız və qeyri-qanuni hesab edir, iddiaçı 20 ildən artıq xidmət edib ehtiyata buraxıldıqdan sonra xəstəliyi aşkar olunmuşdur. Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra xəstəliyinə görə DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir.Komissiyasının qərarında aşağıdakılar göstərilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı əmri ilə tasdiq edilmiş “Xəstəliklər cədvəlinin” 57 “b”, 66 “ç” maddələrinin İİİ qrafasına əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlikdir, xərbi xidmət dövründə alınmışdır (28 sentyabr 2018- ci il tarixli 2114 nömrəli xəstəlik haqqında şəhadətnamə). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş EZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasənİddiaçı 1993-cü ildə Naxçıvanski adına Hərbi Liseyi, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, 12 avqust 1993-cü il tarixdən 18 may 2016-cı il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit rütbəsində (keçmiş mayor) xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində 20 ildən artıq xidmət etmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya uçot vərəqinin surətini təqdim etmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sərhəd Xidməti iddiaçı barəsində tərtib etdiyi 000888 nömrəli Məlumat Vərəqini hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddiaçıya pensiya təyin edilməsi üçün göndərmişdir. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtina məktubunda göstərilmişdir ki, iddiaçı 18 may 2016-cı il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ona xidmət illərinə görə pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 2114 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçı Azərbaycan Respbblikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant K.Məmmədovun xx.xx.2018-ci il tarixli 1060 saylı göndərişinə əsasən DSX MHHK-sı tərəfindən şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli 2114 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı “Onikibarmaq bağırsağın xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının xoraları, çapığı və deformasiyası. Qastroduodenit. Hepatosteatoz. Onurğanın C4-C5-C6 fəqərəarası disklərin mərkəzi protruziyaları. Sağ böyrəyin sisti.” diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, DSX Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş «Xəstəliklər cədvəlinin» 57 «b», 66 «ç» maddələrinin İİİ qrafasına əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Göründüyü kimi, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-ci maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da, iddiaçı ehtiyata buraxılarkən onda müvafiq xəstəliyinin mövcud olması və həmin xəstəliyin hərbi xidmət dövründə alması iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının müvafiq xəstəliyini hərbi xidmət dövründə alması və həmin xəstəlik nəticəsində hərbi xidmətə yararsız olması işin mübahəsiz halıdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qeyd edilən xəstəliyi vaxtında müəyyən edilsəydi, o, “öz arzusu” ilə deyil “xəstəliyinə görə” hərbi xidmətdən ehtiyata buraxılacaqdı. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 2-ci cümləsinə əsasən qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9cu maddəsinə əsasən öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 41.0.3-cü maddəsinə əsasən xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqdahərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqlabu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ehtiyata buraxılarkən onda müvafiq xəstəliyinin mövcud olması, həmin xəstəliyin hərbi xidmət dövründə alması, həmçinin qeyd edilən xəstəlik nəticəsində hərbi xidmətə yararsız hesab edilməsi işin mübahisəsiz halı olduğundan, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək haqqının 5 faizi əlavə nəzərə alınmaqla məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı əmək haqqının 5 faizi əlavə nəzərə alınmaqla məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulur. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar