Məhkəmə qərarları › İş №2-1(112)-1281/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1281/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1281/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nüməyəndəsi X1, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Əlizadə Fidan Elman qızının, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X7 və X6 qarşı «sərəncamların, qeydiyyat vəqəsinin və reyestrdən çıxarışın etibarsız sayılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, X7 və X6 qarşı «sərəncamların, qeydiyyat vəqəsinin və reyestrdən çıxarışın etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş və AR Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş İddiaçın tabeliyindəki tibb müəssisələrinin Siyahısına əsasən 1 nömrəli Qadın Məsləhətxanası (bundan sonra – “Məsləhətxana”) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindən İddiaçın tabeliyinə keçmişdir. Sözügedən Məsləhətxana 20-ci əsrin ortalarından Azərbaycan SSR Kommunal Xidmətlər Nazirliyinin 1972-ci il tarixli Ev təsərüfatlarının texniki inventarlaşdırması pasportuna və Səhiyyə Nazirliyinin pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməkdədir. Buna baxmayaraq vətəndaş X9 AR Səhiyyə Nazirliyinə və Məsləhətxanaya qarşı Bakı şəhər Səbail Rayon Məhkəməsində «əmlakın boşaldılması, iddiaçıya təhvil verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbi ilə iddia qaldıraraq mülkiyyətçisi olduğu ünvan 1 ünvanından Məsləhətxananın çıxarılmasını xahiş etmişdir. Lakin AR Səhiyyə Nazirliyi Məsləhətxananın ünvan 1 ünvanında deyil, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında fəaliyyət göstərməsi əsası ilə bu iddiaya etirazını bildirmişdir. Bundan sonra Bakı şəhər Səbail Rayon Məhkəməsi tərəfindən sözügedən ünvanların eyni olub-olmamasının müəyyən edilməsi barədə mühəndis-texniki ekspertizası təyin edilmiş, eləcə də ünvan dəyişikliyi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Lakin ünvanların müəyyən edilməsi mühəndis-texniki ekspertizanın müəyyən etdiyi məsələlərin dairəsinə aid olmadığından iş AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən icra edilmədən məhkəmə baxışına geri qaytarılmışdır. Buna baxmayaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilən x xxxxxx 2019-cu il tarixli cavab məktubunda X5 adına rəsmiləşdirilən daşınmaz əmlakın Məsləhətxana kimi istifadə edildiyinin müəyyən olunduğu bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən bu cavab məktubu ilə vətəndaşlara verilən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi və Məsləhətxanaya məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 8 ünvanında olan qeyri-yaşayış sahəsinin eyni yer olması və həmin ərazinin vətəndaşlara verilməsi barədə sərəncamlar və reyestrdən çıxarışlar Məsləhətxananın mənafeyinə toxunmaqdadır. Yuxarıda qeyd edilən məsələlər ilə bağlı AR Səhiyyə Nazirliyi tərəfindən Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə sözügedən Məsləhətxananın AR Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli qərarı ilə TƏBİB-in tabeliyinə verilməsi səbəbindən AR Səhiyyə Nazirliyinin iddiası qeyri-mümkün hesab edilmişdir. Məsələ ilə bağlı TƏBİB yalnız AR Səhiyyə Nazirliyinin ona ünvanlanan xx xxxx 2020-ci il tarixli xx/xx-2044 nömrəli məktubu vasitəsi ilə xəbərdar olmuşdur. DƏDRX tərəfindən verilmiş RX seriyalı 130742 nömrəli xx xxx 2018-ci il tarixli reyestrdən çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sərəncamlar etibarsız hesab edilməlidir. Belə ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin ilkin qeydiyyatı Bakı şəhər Səbail RİH başçısının xx xxx 1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin xx xxx 1998-ci il tarixli 802 nömrəli sərəncamları ilə verilmiş orderlər əsasında aparılmışdır. Lakin həmin dövrdə qeyd olunan tikili Bakı şəhəri Səbail RİH-in balansında olmadığından (AR Səhiyyə Nazirliyinin balansında olmuşdur), sabiq RİH başçısının müvafiq sərəncamları ilə həmin tikilini vətəndaşlara vermək səlahiyyətləri olmamışdır. Mübahisə predmeti olan daşınmaz əmlak AR Səhiyyə Nazirliyinə məxsus sənədlərdə qeyri-yaşayış sahəsi kimi göstərilsə də, Zaur Məmmədovun adına verilmiş reyestdən çıxarışda “mənzil” kimi göstərilməkdədir. Eləcə də binanın yerləşmə ünvanları AR Səhiyyə Nazirliyinə məxsus sənəddə “8”, Zaur Məmmmədova məxsus sənəddə isə “6” kimi göstərilmişdir. Bundan əlavə olaraq, X3 adına verilmiş “Qeydiyyat vəsiqəsi”ndə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 6 saylı binanın 1, 2, 3 saylı mənzilləri kimi göstrəilmişdir. Bütün bu qeyd olunanlardan göründüyü kimi, ünvanlar arasındakı ziddiyyətlər sərəncamların əsassızlığını göstərir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən daşınmaz əmlakın texniki pasportu tərtib olunur ki, bu zaman cavabdeh qurumun müətəxəssisləri daşınmaz əmlakın olduğu yerə bilavasitə gələrək əmlakın faktiki vəziyyəti ilə tanış olur və ölçülərini yoxlayırlar. Lakin işin faktiki hallarından göründüyü kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları Məsləhətxananın yerləşdiyi binaya gəlib baxış keçirməmişlər. Əgər baxış keçirilmiş olsaydı daşınmaz əmlakın tibb müəssisəsi kimi istifadə olunması cavabdeh quruma məlum olar və həmin daşınmaz əmlakı xüsusi mülkiyyət kimi qeydiyyata almaqdan imtina edilərdi. Xüsusi ilə vurğulanır ki, hər üç sərəncam verilən tarixdə, yəni 1998-ci ildə RİH başçısı olmuş şəxs (1993 – 2001) hazırkı üçüncü şəxsin atasıdır. Bu hal isə, özlüyündə həmin sərəncamın obyektivliyini sual altına alır. Eləcə də həmin sərəncamların əsası mövcud olmamış və dövlət əmlakı qanunsuz olaraq vətəndaşlara verilmişdir. Qeyd edilənlərdən də aydın olduğu kimi, Bakı şəhəri, Bülbül prospekti 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AR Səhiyyə Nazirliyinin balansında olmuşdur. Bu səbəbdən də həmin ərazi üzrə RİH başçısının hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Bütün qeyd olunanlara görə də RİH başçısının xx xxx 1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin xx xxx 1998ci il tarixli 802 nömrəli sərəncamları və həmin sərəncamlar əsasında verilmiş Bakı ŞİH TİMHQ İdarəsinin x xxxxx 1999-cu il tarixli 162697 nömrəli “Qeydiyyat vəsiqəsi” DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxx 2018-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Göstərilənlərə və İPM-in 2.2.5, 36, 68, 69, 70-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsinə, əsaslanaraq, Bakı şəhəri Səbail RİH-in xx xxx 1998-ci il tarixli 794 və 801 nömrəli, həmçinin xx xxx 1998-ci il tarixli 802 nömrəli sərəncamlarının və həmin sərəncamların əsasında Bakı ŞİH TİMHQ İdarəsinin x xxxx 1999-cu il tarixli 162697 nömrəli qeydiyyat vəsiqəsinin və DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxx 2018-ci il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin Xidmətin 1 saylı ünvan 8 ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - TƏBİB-in iddiası etirazla qarşılanır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən məsələ ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət daxil olmamışdır. Həmin ünvanda yerləşən mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Səbail RİH başçısının 162 saylı xx xxx 1998-ci il tarixli sərəncamı əsas götürülməklə ilkin qeydiyyata alınmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 11.1, 23-cü maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilir. Üçüncü şəxs X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş (nümayəndəsi vasitəsilə) yazılı etirazında aşağıdakılar bildirilir: - İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məlum olduğu kimi, AR Səhiyyə Nazirliyi eyni iddia tələbləri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Qərardad Bakı Apellyasiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, «İnzibati icraat haqqında» AR Qanununun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İddiaçının hüquqi statusu publik hüquqi şəxsdir, iddiaçı inzibati orqandır. nizamnaməsindən məlumdur ki, onun inzibati orqana xas olan fəaliyyət istiqamətləri və vəzifələri vardır: tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək, tibbi xidmətlər sahəsində dövlət siyasətinə və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. Beləliklə, iddiaçı hazırkı mübahisəni məhkəmədə deyil, subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan “mübahisələndirmə haqqında iddia” hesab edilə bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə işi üzrə iddia müddəti inzibati orqan tərəfindən qəbul olunan qərarın və ya şikayət üzrə qərarın elan olunmasından sonra 30 gündür. İddiaçı iddia ərizəsində mübahisə barədə 2020-ci il mart ayında xəbər tutduğunu qeyd etmişdir. Ancaq iddia ərizəsində görünür ki, ərizə 2020-ci ilin iyul ayında məhkəməyə təqdim edilmişdir. Yəni təqribən 4 ay sonra. Nəticədə, iddiaçı iddia müddətini ötürmüşdür. Əlavə olaraq, ünvan 11 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi və Z.Məmmədova məxsus olması faktı AR Səhiyyə Nazirliyinə uzun müddətdir ki, məlumdur. Belə ki, Z. Məmmədov uzun müddət əvvəl və bir neçə dəfə AR Səhiyyə Nazirliyinə müraciət etmişdir. Xüsusən 2019-cu ilin mart və aprel aylarında Z.Məmmədov AR Səhiyyə Nazirliyinin rəhbərliyinə rəsmi məktub ünvanlanmışdır. Bu müraciətlər heç bir nəticə verməmişdir. AR Səhiyyə Nazirliyi də TƏBİB-ə məlumat təqdim etməli idi – yəni, ən azı təqdim etməsi barədə ehtimal etmək olar. Əks halda hər dəfə 1 saylı Qadın Məsləhətxanasını idarə edən təşkilat dəyişdikdə, iddia müddəti yenilənə bilər. Bu da mülki və inzibati münasibətlərin sabitlik prinsipinə ziddir. Məhkəmə araşdırmasının predmeti olan ünvan 12 ünvanında yerləşən mənzildə hal hazırda 1 saylı Qadın Məsləhətxanası fəaliyyət göstərir. AR Nazirlər Kabinetinin x xxxxxx 2011-ci il tarixli 182 saylı qərarına əsasən 1 saylı Qadın Məsləhətxanası AR Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan, tabeliyində olan qurum olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 910 saylı Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri (bəzi istisnalarla) iddiaçının tabeliyinə verilmişdir. Bununla belə, 1 saylı Qadın Məsləhətxanasının yerləşdiyi binanın iddiaçıya hər hansı formada verilməsi barədə heç bir hüquqi əsas yoxdur. İddiaçının nizamnaməsinin 5.2-ci bəndinə əsasən iddiaçının əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. İddiaçının nizamnaməsinin 5.1-ci bəndinə əsasən onun nizamnamə fondu 100 manatdır. Beləliklə, iddiaçının tabeliynə verilən tibb müəssisələrinin əmlakı onun nizamnamə kapitalına daxil olmayıb. Digər tərəfdən isə, təsisçi tərəfindən hər hansı əmlakın iddiaçıya ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Nəzərə alaraq ki, iddiaçıya 1 saylı Qadın Məsləhətxanasının yerləşdiyi binaya hər hansı hüquq (məsələn, əmlaka dair hər hansı hüquq) verilməmişdir, onun həmin sahələrlə bağlı iddia vermək subyektiv hüququ da mövcud deyil. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarına əsaslanaraq, iddianın mümkünsüz hesab edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə iddianın mümkünlüyü ilə bağlı aşağıdakı məzmunda yazılı “çıxış” təqdim etdi: - Məlumdur ki, hazırki iş üzrə iddia tələbini inzibati aktın etibarsızlığı təşkil edir. İPM 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-də yalnız mübahisələndirmə və ya məcburetmə haqqında iddialara münasibətdə konkret iddia müddəti müəyyən edilmişdir. Prosessual baxımdan hazırkı iddia mübahisələndirmə və ya məcburetmə haqqında iddialara aid edilmədiyindən həmin münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. Çünki konkret halda, sərəncamın etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Belə olan halda isə, İPM 36.1-ci maddəsinin tələbindən göründüyü kimi, bu qəbildən olan iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış barəsində səlahiyyətsiz olaraq verilmiş sərəncamın etibarsızlığının mübahisələndirilməsinə iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 19-cu maddəsi ilə müəyyən edilmişdir ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Məhz bu baxımdan da iddiaçının sahibliyində və istifadəsində olan əmlak üzərində özgə bir şəxs (orqan) tərəfindən sərəncam verilməsi, həmin əmlakın hüquqlarının iddia müddəti tətbiq olunmaqla məhdudlaşdırılması yolverilməzdir. Beləliklə müəyyən edilir ki, cavabdehin sərəncamı ilə üçüncü şəxsə ayrılmış mübahisə obyekti dövlətin müstəsna səlahiyyətinə məxsus iddiaçının sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsidir. Belə bir halda iddia müddətinin keçməsindən söhbət belə gedə bilməz. Mövcud məhkəmə təcrübəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi xx xxxxx 2017-ci il tarixli 2-1(103)-809/17 nömrəli qərarında məsələ ilə bağlı yuxarıda qeyd edildiyi kimi münasibət bildirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın mümkün iddia olduğunu və iddianı müdafiə etdiyini bildirdi. O, qeyd etdi ki, TƏBİB inzibati orqan deyil, hazırkı mübahisə hüquqi şəxs və inzibati orqan arasındadır və bu hal AR Ali Məhkəməsinin Plenumunun qərarına müvafiqdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə bu qəbldən olan mübahisələrə məhkəmə qaydasında baxılır. İddia “müəyyən etmə və tanınma haqqında” iddia növünə aid olduğundan müddəti müddəti şamil olunmur, həmçinin AR Mülki Məcəllənin müvafiq müddəasının da təsiri altına düşmür. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 bildirdi ki, daşınmaz əmlakla bağlı qeydiyyat qanuna uyğun aparılmışdır, qanunsuz hərəkətlərlə bağlı əsas yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin (Zaur Məmmədovun) nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, TƏBİB nizamnaməsinə görə inzibati orqana aid səlahiyyətlərə malik təşkilatdır. İddia mühiyyətcə “mübahisələndirma haqqında” iddiadır, iddiaçının subyektiv hüququ yoxdur, onun tibb qurumların fəaliyyətinə nəzarət funksiyası var, əmlakla bağlı hüquq nəzərdə tutulmur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs AR Səhiyyə Nazirliyinin nümayəndəsi X8 iddianın mümkün sayılmasını xahiş etdi və bildirdi ki, TƏBİB-in nümayəndəsinin mövqeyi ilə razılaşır. Subyektiv hüquqla bağlı Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərardadlarında məhkəmələrin mövqeyi var. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.3-cü maddəsinə görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 25-ci maddəsinə görə inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr. «Publik hüquqi şəxslər haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Həmin Qanunun 2.2-ci maddəsinə görə publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikasının xx xxxxxxxx 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığş gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. AR Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. AR Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Nizamnaməsinində nəzərə tutulmuşdur ki: - (1.1-ci bənd) TƏBİB «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur; - (3.1-ci bənd) TƏBİB bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir: (3.1.2) tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək, (3.1.8) fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. Qeyd olunmalıdır ki, iddiaçı AR Səhiyyə Nazirliyi cavabdehlər Bakı şəhəri Səbail RİH-ə və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı RİH-in xx xxx 1998-ci il tarixli 794 və 801 saylı, xx xxx 1998-ci il tarixli 802 saylı sərəncamlarının və həmin sərəncamlar əsasında Bakı ŞİH TİMHQ İdarəsinin x xxxxx 1999-cu il tarixli 162697 nömrəli qeydiyyat vəsiqəsi və DƏDRX 1 saylı bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxx 2018-ci il tarixli reyestrdən çıxarışın etibazsız sayılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-937/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 910 saylı Fərmanına əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri (bəzi istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. Sözügedən Fərmanın 2.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 148 saylı Fərmanının 3.6-cı bəndinə əsasən həmin müəssisələrin təsisçi səlahiyyəti TƏBİB-ə məxsusdur. Hazırkı iddia AR Səhiyyə Nazirliyi tərəfindən qaldırılsa da, 1 saylı Qadın Məsləhətxanası hazırda adıçəkilən Nazirliyin balansında deyil, Nazirliyin bu iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Hazırkı mübahisə üzrə tərəflər inzibati orqandır, «İnzibati icraat haqqında» AR Qanunun 4.3-cü maddəsinə əsasən bu mübahisə məhkəmə qaydasında deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1081/2020 saylı iş x xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda “qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” inzibati orqan kimi müəyyən edilmişdir və iddiaçı TƏBİB publik hüquqi şəxs kimi Nizamnaməsinə əsasən tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi fəaliyyəti ilə bağlı müraciətlərə digər qanunlarla yanaşı «İnzibati icraat haqqında» AR Qanununa uyğun olaraq baxmaq vəzifəsini də daşıyır. Odur ki, hazırkı iddiaçı TƏBİB inzibati orqandır. Belə olan halda, məhkəmənin qənaətinə görə İPM-in müddəalarında (25-ci maddə) hüquqi şəxlər inzibati məhkəmə icraaatında proses iştirakçısı qismində nəzərdə tutulsa da, həmin Məcəllənin 2.1-ci maddəsinə və «İnzibati icraat haqqında» AR Qanununun 4.3-cü maddəsinə əsasən iddiaçı TƏBİB-lə cavabdeh Bakı şəhəri Səbail RİH aarasındakı bu mübahisəyə iki inzibati orqan arasındakı “səlahiyyətlə bağlı mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında deyil, müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən baxıla bilər. Qeyd olunanlarla yanaşı məhkəmə vurğulayır ki, yuxarıda qeyd olunan hal nəzərə alınmasa belə həm mübahisə predmeti olan sərəncamların qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (x xxxxxx 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» AR Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırda tələbini “İnzibati icraat haqqında” AR Qanununun inzibati aktın etibarsızlığı əsasları təsbit olunmuş 65-ci maddəsinə istinad etməklə müvafiq sərəncamın RİH-in səlahiyyəti olmadan qəbul olunması ilə əsaslandlrır. Məhkəmənin qənaətinə görə üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan balanssaxlayıcının, mülkiyyətçinin, habelə tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» AR Qanununun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Hazırkı işin hallarına görə müvafiq sərəncamların iddiaçıya və ya əmlakın əvvəlki balanssaxlayıcısına məlum olma tarixi konkret müəyyən olunmasa da, inzibati münasibətlərdə onların inzibati orqan statusu ilə çıxış etməsi “sonradan məlumatlandırılma” halını formallaşdırır. İş üzrə iddia tələbin digər cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönələn hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu tələb iki inzibati orqan arasındakı mübahisə olmaqla tələb birinci tələndən, yəni “sərəncamın etibarsızlığı” tələbindən törəmə və asılı xarakterlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar