Məhkəmə qərarları › İş №2-1(112)-12811/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12811/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12811/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlb edilmiş üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X9) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atam X9 adına verilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ev 1997-ci ilədək X1na məxsus olmuşdur. Evin sahəsi həmin dövrdə 20 kvadrat metr olmuşdur. O, ailə qurduğu üçün və ailəsinin genişlənməsi və evin sahəsinin kiçik olması ilə əlaqədar evi sökdürmüş, 2011-ci ildə yenidən tikdirib. Hal-hazırda evin sahəsi 120 kvadrat metrdir. Bildirir ki, o, İddiaçı, X2, arvadı və iki uşağı həmin həmin ünvanda qeydiyyatdadırlar və faktiki olaraq həmin ünvanda yaşayırlar. Sözügedən ev əvvəllər babası, yəni X4 adına olmuş və babası 1997-ci ildə vəfat etmişdir. X1 vəfat etməmişdən əvvəl vəsiyyətnamə qoymamış və öldükdən sonra vərəsəlik açılmamışdır. X2 xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət qeydiyyatına dair yeni çıxarış almışdır. Həmin çıxarışda evin sahəsi 57.80 kvadrat metr kimi qeydiyyata alınmışdır. X2 tərəfindən yaşayış sahəsinin dövlət qeydiyyatına dair çıxarışı qanunsuz əldə etmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edilmiş, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı çıxarışın atası tərəfindən qanunsuz aldığı və ləvğ edilməsi xahiş edib. Lakin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-M-M48-8/2024 nömrəli cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Aərbaycan Respublikası Qanunun 2.3-ci və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir qeyd edilərək müraciəti təmin edilməmişdir.

3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə yazılı etirazda qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1974-cü ildə tərtib edilmiş “Evlərin texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid pasportunda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evləri və torpaq sahəsi xx.xx.1997-ci il tarixdə vəfat etmiş atası Müzəffər Mirkərim oğluna məxsus olmuşdur. xx.xx.2022-ci ildə 9 saylı Notariat Ofisində qardaşı, X7 adına "Vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin verilməsi ilə bağlı 2904 saylı vərəsəlik işi açılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Qanunun 22.2-ci maddəsinin tələbinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun ölmüş şəxsə, Müzəffər Mirkərim oğluna məxsus olması haqqmda xx.xx.2024- cü ildə ********** qeydiyyat nömrəli arayış verilmişdir. Mərhum atası Müzəffər Mirkərim oğlunun şifahi vəsiyyətini, qeyd olunan ünvanda onun vəsaiti hesabına əlavə evin inşa edilməsini və həmin ünvanda yaşadığını nəzərə alaraq bütün vərəsələr öz miras paylarını ona bağışlamışdır. Hal-hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur.

5. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,026760 ha ölçüdə torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X8 (iddiaçının babası və üçüncü şəxsin atası) məxsus olmuşdur (qeydiyyat tarixi xx.xx.2024-cü il).

6. 31.01.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən X12, X11 və X13 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,026760 ha ölçüdə torpaq sahəsində onlara məxsus paylarını X6 bağışlamışlar.

7. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,026760 ha ölçüdə torpaq sahəsi tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə X3 adına qeydə alınmşdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, qeyd edilən torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir, üçüncü şəxsin hüquqlarının qeydiyyatı qanunsuz olduğundan ləğv edilməlidir.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə etiraz edərək bildirdi ki, çıxarışda qeyd edilən 57,80 kv.m. ölçüdə tikili faktiki olaraq mövcuddur, əksinə, tikilinin sahəsi artırılmış, ərazidə əlavə tikililər inşa edilmişdir.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə dair hüquqlar (üçüncü şəxsin adına) qeydiyyata alınmış, iddiaçı isə torpağa və fərdi yaşayış evinə dair hüquqi marağını təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

15. Mülki Məcəllədən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

16. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, mərhum X8 məxsus miras əmlak onun birinci növbədə olan vərəsələri arasında bölüşdürülmüş və üçüncü şəxs X3 hüquqları (mərhumun oğlu kimi) qeydə alınmışdır. Odur ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olan iddiaçının atası və əmiləri (mərhumun övladları) sağ olmuşdur. Belə olan təqdirdə, iddiaçı mərhumun vərəsəsi hesab edilə bilməzdi. 17.Lakin istənilən halda, üçüncü şəxs X3 hüquqları notariusun vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlakın bağışlanması müqavilələri əsasında aparıldığından iddiaçı vərəsəliklə bağlı məsələləri mülki məhkəmə icraatında qaydasında mübahisələndirə və iddiası uğurlu olduğu təqdirdə həmin hərəkətlər və əqdlər əsasında aparılmış qeydiyyatın ləğvini tələb edə bilər.

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar