Məhkəmə qərarları › İş №2-1(112)-12811/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12811/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12811/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Bakı İnzibati Məhkəməsi Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11551/2025 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan güzəştli şətlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. O, müxtəlif vaxtlarda zərərli peşələrdə işləmişdir. İddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2025-ci ilin iyun ayında cavabdeh tərəfindən aparılmış yoxlama zamanı iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması bildirilmiş və ona 55 yaşdan təyin edilmiş pensiya dayandırılaraq 57 yaşdan pensiya təyin edilmişdir. Eyni zamanda iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən hazırda aldığı əmək pensiyasından son üç il ərzində artıq ödənilmiş 4613.69 manat pul vəsaiti geri tələb edilmişdir. Cavabdeh inzibati orqanın istər təyin edilmiş pensiyanın dəyişdirilməsi, istərsə də, artıq ödənilmiş məbləğin geri tələb edilməsində ifadə edilən hərəkətləri əsassızdır. Belə ki, inzibati orqan ilk növbədə iddiaçının pensiya hüququnun 55 yaşdan yarandığını iddia edir. şəxsin 55 yaşdan pensiya hüququnun yaranması üçün onun “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13B bəndinə əsasən xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajının və bu iş stajının 12 il 06 ayının AR Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya uyğun zərərli işlərdə işləməsi şərtini özündə ehtiva edir. Şəxsin 55 yaşdan pensiya hüququnun yaranması üçün isə “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8ci maddəsi və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13B bəndinə əsasən xx.xx.1997-ci ilə qədər 25 il ümumi iş stajının və bu iş stajının 12 il 06 ayının AR Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya uyğun zərərli işlərdə işləməsi şərtini özündə ehtiva edir. İddia ərizəsinə əlavə olunmuş sənədlər və eləcə də iddiaçıya ilkin təyinat aparan orqanın tərtib etdiyi pensiya işinə baxış zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci ilə qədər azı 25 il ümumi iş stajını və azı 12 il 06 ayının 1 №-li Siyahı ilə təsdiq edilmiş zərərli iş stajına malikdir. Cavabdeh inzibati orqan pensiya təyinat yaşını dəyişdirərkən hesab etmişdir ki, iddiaçıya 57 yaşdan güzşətli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. Lakin bu mövqenin əksini sübut edən cavabdeh inzibati orqanın vaxtilə təsdiq etdiyi Qaydalarda misallar mövcuddur. Belə ki, hazırda əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bu kimi halları tənzimləyən norma Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalardır. Lakin vaxtilə bu tənzimləmə Qaydaları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq və realizə olunurdu. Eyni zamanda iddiaçının pensiyasından artıq ödənilmiş məbləğlərin tutulması da qanunsuzdur. Belə ki, qeyd olunan Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir. 1 pensiyaçının razılığı, 2 məhkəmə qərarı. Göründüyü kimi hazırkı mübahisə üzrə hər iki hal mövcud deyildir. Bu əsasdan cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inzibati icraat nəticəsində qəbul olunmuş xx.xx.2025 tarixli 3- 17-1/3-3-11551/2025 nömrəli qərarla iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərini uyğun qaydada yenidən hesablanaraq 963,37 manat məbləğində müəyyən olunmuş və bu barədə iddiaçıya xx.xx.2025 tarixli 3-17-1/2-İ-134503/2025 nömrəli məktubla məlumat verilmişdir. Daha sonra iddiaçı icdia ərizəsi ilə məhkəməyə müraciət edərək 55 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. “Elektron məhkəmə” sisteminə yerləşdirilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə iddiaçının vəkili iddia tələbini dəqiqləşdirərək cavabdeh orqan tərəfindən qəbul edilmiş “xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-11551/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 2-1(112)- 12811/2025 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərn müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il taixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2007-ci il tarixindən təyin edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları hacjqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçıya artıq ödənilmiş əmək pensiyasının son üç il üzrə məhdudlaşdırılaraq 4613,69 manat təşkil edir. Cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-11551/2025 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə eyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3- 11551/2025 saylı nömrəli məktubla bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrim dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində əmək pensiyanın qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 963,37 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşınızın tamamlandığı xx.xx.2007-ci il tarixindən təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 4613,69 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11551/2025 saylı qərar qəbul edilmiş, iddiaçının yenidən hesablanmış pensiya məbləği 963,37 manat müəyyənləşdirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1952-ci ildə anadan olmuş, onun 55 yaşı xx.xx.2007-ci ildə tamam olmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-11551/2025 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası yenidən hesablanmış, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 1109,68 manatdan 963,37 manata azaldılmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 55 yaşının tamam olduğu xx.xx.2007-ci ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixindən təyin edilməsi olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Həmçinin nəzərə alınmalıdır ki, uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.

1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 55 yaşdan;

2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 55 yaşının tamam olduğu xx.xx.2007-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə cavabdehin bu qərarı ilə razılaşmır və qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2- ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.8 ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipinə görə inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda qorunmur. Lakin hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. Həmçinin həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Belə ki, qeyd edilən Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 55 yaşın tamam olduğu xx.xx.2007-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 18 il sonra istinad etmiş və iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 55 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 57 yaşa çəkməsi barədə xx.xx.2025-ci il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11551/2025 saylı qərarı ləğv edilməlidir. Məhkəmə həmçinin bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında nəzərdə tutulmuş mövqeni nəzərə alır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 iyun 2025-ci il tarixli, 3-17-1/3-3-11551/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar