Məhkəmə qərarları › İş №2-1(112)-12812/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12812/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12812/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Bakı X6 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında X5 barəsində tərtib edilmiş 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və qazdan sayğacsız istifadəyə görə həmin akt əsasında dəymiş ziyanın bərpasına dair hesablanmış 10850,28 (on min səkkiz yüz əlli manat 28 qəpik) manat ödənişin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 33/375 saylı 0,12 ha bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən X1nun mülkiyyətində olmuşdur. X1 27 noyabr 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir və bu barədə Moskva 31 saylı VVAQ orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Atası Rusiya Federasiyası vətəndaşı olduğundan ailəlikcə Moskva şəhərində yaşamışlar. Atası orada işləmişdir. O, uzun müddət, təxminən 2018-ci ildən vəfat edənə qədər çox nadir hallarda qısa müddətə (bir-iki günlüyə) Bakıya gəlmişdir. Məzuniyyət vaxtlarını Türkiyədə, onların yanında və ya digər xarici ölkələrdə müalicə və istirahətdə olmuşdur. Atasının vəfatından sonra Moskva şəhər notariusunda açılmış vərəsəlik işi üzrə iddiaçı qanun üzrə vərəsə kimi tanınmış və bu barədə 6/2022 saylı vərəsəlik işi üzrə ona 31 may 2022-ci il tarixli Rusiya Federasiyasından kənarda yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququnun təsdiq edilməsi barədə 77AD ******* saylı şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə kimi atasının vəfatından sonra müvafiq qanunvericiliyə uyğun olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən atasından miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bağ sahəsinə mülkiyyət hüququna dair çıxarış alarkən ona məlum olmuşdur ki, bağın yerləşdiyi torpaq sahəsində onlara aid hər hansı bir tikili olmadığı halda atasının barəsində Cavabdeh müvafiq qurumunun əməkdaşları tərəfindən əsassız olaraq sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib edilərək külli məbləğdə ödəniş tələb edilir. Məsələ ilə bağlı araşdırma apararaq müvafiq sənədləri əldə etdikdə ona məlum olmuşdur ki, atasının vəfatından xeyli müddət sonra istehlakçı qismində ünvan Xəzər rayonu, Şüvəlan bağları, bağ sahəsi ev 2, mənzil 7, abonent kodu **********00070 göstərilməklə Cavabdeh Bakı X6 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilərək göstərilmişdir ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və qazdan istifadə qaydasına riayət olunması yoxlanılıb və müəyyən edilmişdir ki, abonent sayğacsız təbii qazdan istifadə edir. Ona görə də tələb edilib ki, dəymiş ziyan hesablansın və ödənilsin. Həmin akt BRQSD-in rəisi tərəfindən təsdiq edilmiş və onun əsasında həmin Deportamentin itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair hesablama aparılmış və abonentə-istehlakçıya 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyul ayı da daxil olmaqla 18360 m3 təbii qaz sərfiyyatına görə 10853,28 (on min səkkiz yüz əlli üç manat 28 qəpik) ödəniş hesablanmışdır. Bağ sahəsi uzun illər bundan əvvəl hasara alınmış və orada onlar tərəfindən hər hansı bir tikili inşa edilib istifadə edilməmişdir. Uzun müddət baxımsız qalan torpaq sahəsində evsiz insanlar özləri üçün bir sığınacaq düzəltmişdirlər. Bağ sahibi olaraq X5 ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə “qaz sayğacının quraşdırılması və istismarı” barədə hər hansı bir müqavilə olmamışdır. Tikili olmadığı halda qazdan istifadəyə görə müqavilə bağlanıla bilməzdi. Ona görə də onun adına abonent kodunun olması da reallığa uyğun deyildir. Cavabdeh Bakı X6 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli aktda göstərilir ki, istifadəçi X5 aktı imzalamaqdan imtina etmişdir. Reallığı isə budur ki, həmin akt tərtib edilən vaxtda istehlakçı kimi göstərilən X1 4 aydan artıq idi ki, dünyasını dəyişmişdi. Cavabdeh orqanın səlahiyyətli nümayəndələri və qurumu tərəfindən tərtib edilmiş Abonentin Saldosu adlanan cədvəldə də ünvan kimi ünvan 3 tərkibi ilə, 4 gözlü qaz cihazından (PQ-4) istifadə edildiyi göstərilmişdir. Həmin cədvəldə qazdan istifadə hesablanması sentyabr 2019-cu ildən başlanmışdır. Halbuki, həmin orqanın nümayəndələri tərəfindən X2 əsasən hər ay istehlakçılara qazın paylanması üzrə qaz xətti və qaz sayğacına baxış keçirilməklə istifadə edilmiş qazın ödənişinə və qazdan istifadənin qanunvericiliyin tələblərinin uyğun olub-olmamasına nəzarət edilir. Necə ola bilər ki, 3 il müddətində qazdan qanunsuz istifadə aşkar edilərək tədbir görülməsin və qanunsuz qaz xətti ləğv edilməsin. Cavabdeh tərəfindən 22 iyun 2022-ci il tarixdə bağ sahəsinin hasarınıın küçə hissəsində ZENNER markalı smart tipli qaz sayğacı quraşdırılmışdır və bu barədə yenə də iddiaçının iştirakı olmadan “Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında” 22 iyun 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Bağ sahəsində mülkiyyətində və yaxud istifadələrində yaşayış sahəsinin və sayğac quraşdırılması barədə onların müraciətinin olmadığı halda quraşdırılmış qaz sayğacı ilə bağlı gələcəkdə də mübahisə yaranmayacağı istisna olunmur. Göstərilənlərə əsasən iddiaçı tərəfindən cavabdeh tərəfindən tərtib edilmiş aktın və dəymiş ziyanın bərpa edilməsi üçün hesablanmış ödənişin ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 6080/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən aktın etibarsız hesab edilməsi və qazdan sayğacsız istifadəyə görə dəymiş ziyanın bərpa edilməsi üçün hesablanmış ödənişin ləğv edilməsi barədə iddia ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Qərardadda göstərilir ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmamışdır. Hazırkı mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisənin bazarda inhisarçı statusa malik olmaması), hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilməlidir. Qərardad həmçinin onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Cavabdeh Bakı X6 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında X5 barəsində tərtib edilmiş 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və qazdan sayğacsız istifadəyə görə dəymiş ziyanın bərpasına dair hesablanmış ödənişin ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdirBu baxımdan inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar subyekti - təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri; 1.12. İstilik təchizatı xidmətləri. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: -istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. -istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. Qeyd edilməlidir ki, qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, istilik, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Lakin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları, bağ sahəsi ev 2, mənzil 7, abonent kodu **********00070 göstərilməklə Cavabdeh Bakı X6 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən abonentin sayğacsız təbii qazdan istifadə etdiyi müəyyən olunmuş və akt əsasında həmin Departamentin itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair hesablama aparılmış və abonentə-istehlakçıya 18360 m3 təbii qaz sərfiyyatına görə 10853,28 (on min səkkiz yüz əlli üç manat 28 qəpik) borc hesablanmışdır. Hazırkı halda iddiaçı cavabdeh Azəriqaz İB-nin qeyd edilən aktın etibarsız hesab edilməsi və hesablanmış 10850,28 manat borcun silinməsini inzibati məhkəmə icraatında mübahisələndirir. İddiaçı cavabdeh qismində qeyd etdiyi Cavabdeh İB-nin təbii inhisar subyekti olduğunu və tərəflər arasında qazın alqı-satqısına dair mülki müqavilə olmadığını, bununla da cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş aktın inzibati akt olmaqla inzibati məhkəmə icraatında etibarsızlığını və borcun silinməsini mübahisələndirməli olduğunu iddia edir. Halbuki yuxarıda da qeyd edildiyi kimi təbii inhisar subyekti ilə yaranmış mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün təbii inhisar subyektinin konkret fəaliyyəti, tərəflər arasındakı münasibətin hüquqi təbiəti, fəaliyyətin publik hüquq sahəsi, ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Bu baxımdan iş üzrə müəyyən olunur ki, cavabdehin mübahisələndirilən aktı iddiaçının qazdan sayğacsız istifadə etdiyinə görə tərtib olunmuş, borc **********00070 nömrəli abonent koduna, şəxsi hesab vərəqinə hesablanmış, borcun ödənilməsi abonentdən tələb edilmişdir. Göründüyü kimi cavabdehin mübahisələndirilən aktı bilavasitə qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmişdir. Tərəflər arasında qazın alqı-satqısına dair müqavilə olmamış olsa belə sözügedən aktın və borcun hesablanması bilavasitə istehlak münasibətləri ilə bağlı olmuşdur. İstehlak münasibətləri isə öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüquq öhdəliklərinin yaranması təkcə mülki müqavilə əsasında deyil, həm də müqavilədənkənar da yaranması mümkündür. Nəzərə alınmalı olan hal münasibətin xarakteri, aid olduğu hüquq sahəsinin hüquqi təbiətidir. Təbii inhisar subyekti mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına və ya müqavilə olmadan istehlak qaydalarının pozulması zəmnində qəbul etdiyi akt “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Başqa sözlə, istehlak münasibətlərindən irəli gələn, istehlakçının hüquqlarının qorunmasına yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə mübahisə inzibati məhkəmə icraatının predmetinə aid olmadığından iddianın mümkünlük şərti ödənilmir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar