Məhkəmə qərarları › İş №2-1(112)-12812/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12812/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12812/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 49 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixində doğulmuşdur. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi ev 15B mənzil 49-da ailəsi ilə birlikdə yaşayır. Yaşadığı 81 mənzilli doqquz mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ Müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. O, Qarabağ Müharibə əlili olduğu üçün xx.xx.1993-cü il tarixdən Qaradağ rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdur. Yaşayış yeri olmadığı üçün qeyd olunan, Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012-ci tarixli sərəncama əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi 9 mərtəbəli 15B saylı binada onlara (5 nəfər ailə tərkibi ilə) 2 otaqlı, sahəsi 44.52 kv.m olan 37 saylı mənzil verilmişdir. Hal-hazırda onların binası dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Mənzilə dair Mənzil-Kommunal İstismar Sahəsi ilə aralarında kirayə haqqında birtipli kirayə müqaviləsi də bağlanmışdır və o mənzilin kirayəçisi hesab olunur. Yaşadıqları mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2014-ci il tarixli **********80 saylı məktub ilə ona imtina edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdiriləsinə dair müraciətinə imtina olunmuşdur. Onun xx.xx.1993-cü ildən mənzil növbəsinə durmağı nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 9.17-ci maddəsinə əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri və bu qanuna uyğun olaraq dövlət reyestrinə saxlanmalı olan məlumatların dövlət reyestrinə daxil edilməsi və həmin Əsasnamənin 9.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qanuna və normativ akta əsasən hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qanunla və normativ aktla müəyyən edilmiş funksiyanal vəzifədir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 49 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Mənzilin faktiki ümumi sahə 52.71 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

4. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 58 nömrəli sərəncamına əsasən, Q.P. Əhmədov 5 nəfər ailə üzvləri ilə Qarabağ əlillərinin siyahısına daxil edilmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının Qərarında olan çıxarışdan görünür ki, 2-ci qrup Qaradağ müharibəsinin əlili İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə 8-ci mərtəbədə 2 otaqlı 49 nömrəli mənzil ayrılmışdır.

6. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamından olan çıxarışa əsasən, 2-ci qrup Qaradağ müharibəsinin əlili Q.P. Əhmədova 5 nəfər ailə üzvləri ilə birlikdə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B, 2 otaqlı sahəsi 44,52 kv.m olan 49 saylı mənzilin verilməsinə və mənzil növbəsindən çıxarılmasına dair sərəncam verilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 548 nömrəli arayışa əsasən, Q.P. Əhmədov özü, h/yoldaşı C.M.Abdullayeva, qızı Z.Q.Əhmədli, qızı A.Q.Əhmədli və oğlu İ.Q.Əhmədli Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15 B, 2 otaqlı sahəsi 44,52 kv.m olan 49 saylı mənzildə daimi qeydiyyatdadır.

8. İddiaçı Q.P. Əhmədovun ailə üzvləri olan h/yoldaşı C.M. Abdullayevanın, qızı Z.Q. Əhmədlinin, qızı A.Q. Əhmədlinin və oğlu İ.Q. Əhmədlinin notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B-də yerləşən, 49 saylı mənzilin Q.P. Əhmədovun adına özəlləşdirilməsinə razılıq vermişdirlər.

9. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 03A-021 nömrəli arayışına əsasən, Q.P. Əhmədov Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır.

10. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə Q.P. Əhmədov arasında Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamına əsasən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B-də yerləşən, 49 saylı mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır.

11. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna qoşma olaraq təqdim edilmiş çıxarışlardan görünür ki, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B-in, 26, 31, 46 və 61 saylı mənzillərinə artıq hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışlar verilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

İİİ Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Konstitusiyasının: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

26. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamına əsasən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B, 2 otaqlı sahəsi 44,52 kv.m olan 49 saylı mənzil 2-ci qrup Qaradağ müharibəsinin əlili 5 nəfər ailə tərkibi ilə İddiaçı verilməsinə və mənzil növbəsindən çıxarılmasına dair sərəncam verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə İddiaçı arasında Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli sərəncamına əsasən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B-də yerləşən, 49 saylı mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Q.P. Əhmədov özü, h/yoldaşı C.M. Abdullayeva, qızı Z.Q. Əhmədli, qızı A.Q. Əhmədli və oğlu İ.Q. Əhmədli Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 B-də yerləşən, 49 saylı mənzildə daimi qeydiyyatdadırlar.

27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

28. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, işdə olan ailə üzvlərinin razılıq ərizələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.

29. Məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 98 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı Çernobıl əlili kimi xx.xx.1993-cü il tarixdən mənzil növbəsində olduğundan mübahisə edilən daşınmaz əmlak ona güzəştli əsaslarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ müharəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının Qərarı ilə ayrılmış və ayrılmış mənzilin sənədləşməsi icra hakimiyyətinə həvalə edilmişdir.

30. Belə olan halda məhkəmə hesab edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 22 avqust 2012-ci il tarixli 98 nömrəli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir.

31. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq və ya kirayəyə verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

32. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni binada yerləşən mənzil mülkiyyətçilərinin müraciətləri əsasında xüsusi mülkiyyət hüququ ilə onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

33. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

34. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

35. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

36. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

37. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

38. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin 49 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar