Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12818/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının təyin edildiyi tarixdən ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur və 17 yanvar 1977-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Ona 50 yaşı tamam olduğu 27 yanvar 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 27 iyul 2023-cü il tarixdə cavabdeh orqan ona məktub ünvanlayaraq təyin edilmiş pensiyasının yanlış olduğunu və onun 52 yaşı tamam olduğu 27 yanvar 2010-cu il tarixdən təyin edilməli olduğunu qeyd etmişdir. Lakin iddiaçı hesab edir ki, cavabdeh orqanın bu hərəkəti qanunsuzdur. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən kişilər – 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, bu, onlara güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdeh orqan 27 yanvar 2008-ci il tarixdə təyin edilmiş pensiyanın yanlış olması qənaətinə yanlız 15 il sonra gəlmişdir və vətəndaşa ödənilən pensiya buna görə dayandırılacaqdır. Bu isə, qanuna ziddir. Cavabdehin hər-hansı qanunsuz hərəkətinə görə vətəndaşın konstitusion hüquqlarından olan sosial təminat hüququnun pozulması qanunsuzdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.6, 14.1, 24, 28, 67-ci maddələrinə, İPM-in 2.2.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin hərəkəti qanunsuz sayılaraq, iddiaçıya 50 yaşı tamam olduğu 27 yanvar 2008-ci il tarixdən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə icraatının gedişində iddiaçı iddianın «cavabdehin 6 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya 50 yaşdan (xx.xx.2008-ci il tarixdən) təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilar üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu 27 yanvar 2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu 27 yanvar 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 28 il 8 ay 13 gün təşkil edir. Bununla əlaqədar iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,88 manat (28,70 il x 170 manat : 144 ay) hesablanaraq 27 yanvar 2010-cu il tarixə indeksləşdirilib 52,51 manat müəyyən edilərək, üzərinə 1 yanvar 2006-cı il tarixdən 27 yanvar 2010-cu il tarixədək olan işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6.403,68 manat sığorta kapitalına uyğun 44,47 manat (6.403,68 : 144) və baza hissəsi (75 manat) əlavə edilərək 27 yanvar 2010-cu il tarixə 171,98 manat (52,51 + 44,47 + 75 (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq 30 iyun 2023-cü il tarixə 431,24 manat)) əmək pensiyası hesablanmalı olduğu halda, qanunvericiliyə zidd olaraq, 27 yanvar 2008-ci il tarixə 230,63 manat (indeksləşdirilərək və sonrakı hesablamalarda nəzərə alınaraq 30 iyun 2023-cü il tarixə 796,52 manat) artıq əmək pensiyası hesablanmaqla ona ödənilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 15.655,57 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 15.655,57 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə hər ay 43,13 manat iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, «İnzibati icraat haqqında» Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab olunur ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Bundan əlavə, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə DSMF-nin əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra DSMF tərəfindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni DSMF əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab olunur ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanları təsdiqlədiyi bildirdi və iddianı müdafiə etdi. O, qeyd etdi ki, ona 50 yaşdan əmək pensiyası əvvəllər təyin olunmuşdur. Sonradan müvafiq müraciəti cavabdehə ünvanlandıqdan sonra ona bildirilmişdir ki, əmək pensiyası düzgün hesablanmamışdır. Pensiya məbləği 15 ildən sonra dəyişdirilmişdir. Həmin pensiya məbləğini 15 il almışdır. Bütün xərclərini 15 ldir həmin pensiya məbləğinin hesabına qurmuşdur, pensiya məbləği azaldılandan sonra onun başqa şəxslərə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun tələblərindən göründüyü kimi, kişilərə güzəştli şərtlərlə pensiya təyinatı üçün 13 iyun 1997-ci il tarixədək 50 yaş olmuşdur. Həmin tarixdən sonra pensiya yaşı hər il 6 artırılaraq 2000-ci ilin avqust ayında kişilər üçün 52 yaş olmuşdur. DSMF tərəfindən onun (iddiaçının) pensiya yaşı 50 yaşdan 52 yaa keçirilmişdir. Bundan başqa, pensiya məbləğində artıq ödəmə də yaranmışdır. Bu barədə müvafiq qərar qəbul olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən iddiaçı X2 50 yaşdan, yəni 27 yanvar 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14500/2023 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamışdır. Yenidən hesablanma zamanı cavabdeh inzibati orqan belə qənaətə gəlmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, ona qanunsuz olaraq 50 yaşdan əmək pensiyası təyin edilmişdir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşdan yaranmışdır, bu isə 27 yanvar 2010-cu il tarixə təsadüf etdiyindən, pensiya məbləği əmək haqqının orta aylıq məbləğinə görə deyil, sığorta kapitalına əsasən hesablanmalıdır. Cavabdeh 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3- 14500/2023 nömrəli qərarla iddiaçıya 52 yaşdan, yəni 27 yanvar 2010-cu il tarixdən “sığorta kapitalı” əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamış və pensiya məbləği bu hesablamada daha az – 796,52 manat müəyyən edilmişdir. Həmin qərarın qəbulundan sonra cavabdeh inzibati orqan son üç il üzrə pensiya məbləği kimi artıq ödənilmiş 15.655,57 manat pul vəsaitini onun əmək pensiyasından aylıq 43,13 manat olmaqla tutulmalar aparır. İddiaçı hazırda cavabdehin sözügedən 6 iyul 2023-cü il tarixli qərarını mübahisələndirir, onun ləğv olunmasını və ona 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn ödənişinin davam etdirilməsini, habelə qərarın qəbulundan sonra ödənilməmiş pensiya məbləğinin ona ödəniıməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS – bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK – sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T – göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 1 avqust 1997-ci il tarixədək 20 ildən artıq ümumi, o cümlədən 10 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə olunmuş 1 nömrəli siyahısı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə iş stajı toplaması hazırkı işin mübahisələndirilməyən hallarına aiddir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir: 1) Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14500/2023 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarı qəbul edərkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının mübahisə predmeti olan 6 iyul 2023-cü il tarixli qərarın qəbul edilməsinə qabaqcadan münasibəti öyrənilməmiş, qərarın qəbulu üzrə araşdırma onun iştirakı olmadan aparılmış, sonda əmək pensiyasının məbləğinin azaldılmamaqla hesablanması barədə həmin qərar qəbul edilmişdir. Bu hal inzibati orqanın iddiaya qarşı münasibətində dolayısı ilə etiraf olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 6 iyul 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 6 iyul 2023-cü il tarixli 3-17-1/3- 3-14500/2023 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. 2) İddiaçı əmək pensiyası hüququnun yaranması vaxtına gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulduğundan və 1 avqust 1997-ci il tarixədək 20 ildən artıq ümumi, o cümlədən 10 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə iş stajı topladığından, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə (“a” bəndinə) əsasən onun 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14500/2023 nömrəli qərarı qanunsuz sayılaraq ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya əvvəlki qaydada 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməli, qərarın qəbulundan sonra ödənilməmiş pensiya məblğləri qaytarılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14500/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı 50 yaşdan (27 yanvar 2008-ci il tarixdən) təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 iyul 2023-cü il tarixli 3-17-1/3-3-14500/2023 nömrəli qərarı ləğv edilsin, İddiaçı 50 yaşdan (27 yanvar 2008-ci il tarixdən) təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-12818/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12818/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver