Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12818/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (üçüncü şəxs X8 cəlb edilməklə) “qərarın etibarsızlığının tanınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin X4 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1390 saylı, 15 sentyabr 2006-ci il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-508/2024 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı Şirkəti tərəfindən, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş sənədlərdən müəyyən olmuşdur ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli sərəncamı ilə X4 istifadəsinə, Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212869 saylı neft quyusunun, neft xətinin və vurucu qaz xəttinin mühafizə zolağı daxilində 1500 kv/m torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin 908 saylı, 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Qeyd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində, 2 saylı mədənin 1-ci sahəsində yerləşən 212869 saylı neft quyusunun, neft xətinin və vurucu qaz xəttinin mühafizə zolağı daxilində vətəndaşın istifadəsinə 1500 kv/m torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahələri İddiaçı şirkətinin (“Şirkət”) müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşdiyindən. Şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozduğundan, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyindən və Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdiyindən, Bakı şəhər Binəqədi qəsəbə Bələdiyyəsinin sözügedən sərəncamı qanunsuzdur. Üçüncü şəxs tərəfindən həmin bələdiyyə sərəncamına istinad edilərək Saziş ərazisinin bir hissəsi istifadə edildiyindən, bələdiyyə sərəncamının qanunsuzluğu məhkəmə qaydasında tanınmalı və ləğv edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında’’ Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və AZEN OYL Kompani Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X9 şirkətləri arasında imzalanmış X7 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X12 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Ali Məhkəmənin 2-l(102)- 1233/15 saylı, 10 noyabr 2015-ci il tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsıılbəyova, hakimlər Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-l 105/15 saylı, 03 iyul 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs olmaqla) “Binəqədi rayon İcra Hakimiyyətinin X1 istifadəsinə torpaq sahəsinin ayrılmasına dair 1377 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X8 tərəfindən iddia tələbinə qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, hazırda üçüncü şəxsin DƏDRX PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin hakimi Miminat xanım Hacıbəyovanın icraatında 2-l(112)-508/2024-01 saylı inzibati iş vardır. Məhkəmə qərarına əsasən qeyd edilən məhkəmə prosesinə AR Dövlət Neft şirkəti 3-cü şəxs qismində cəlb olunmuşdur. Həmin iş üzrə keçirilən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi bildirmişdir ki, üçüncü şəxsə və həmin ərazidə yerləşən digər şəxslərə məxsus torpaq sahələrinin əvvəllər nə SOCAR-a, nə də İddiaçı şirkətinə heç bir aidiyyəti olmamışdır. Boş torpaq sahələri İddiaçı şirkətinə 2017-ci ildə verilmişdir. Qeyd edilir ki, Binəqədi qəsəbə bələdiyyəsindən, bələdiyyə ərazisində yerləşən və bələdiyyəyə məxsus 1500 m2 torpaq sahəsini 15 sentyabr 2006-cı il tarixdə, yəni ölkə Prezidentinin xx.xx.2007ci il tarixli sərəncamına qədər olan dövrdə almışdır. Bu tarixə kimi Bələdiyə özünə məxsus torpaq sahələri üzərində sərəncam vermək hüququna malik idi. Qeyd edilən faktı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən SOCAR-ın nümayəndəsi də təsdiq edərək, bildirmişdir ki, İddiaçı şirkətinə qeyd edilən ərazidə yerləşən torpaq sahələri (boş torpaq sahələri) 2017-ci il tarixdə verilib. O zaman həmin torpaq sahələri Binəqədi qəsəbə bələdiyyəsinin torpaq əraziləri idi. Sadəcə olaraq İddiaçı şirkəti 2017-ci ilin sonunda vətəndaşlara məxsus torpaq sahələrinə yaxın ərazidə 1 ədəd boruya bənzər nəsə basdırıb. Ancaq orada neft və sair çıxarılmır. Eyni zamanda bildirilir ki, qonşu torpaq sahələrinin sahibləri, öz torpaq sahələrində evlər inşa ediblər və bir çoxu torpaq sahələri və inşa etdikləri evlərə dair Çıxarışlar alıblar. Qeyd edilənlərə əsasən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan sənədlərdən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X5 1500 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş 01 sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən Binəqədi qəsəbə bələdiyyəsinin 1390 saylı, 15 sentyabr 2006-cı il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. İPM-in: -35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. -80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-in 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12818/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12818/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver