Məhkəmə qərarları › İş №2-1(112)-12818/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12818/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12818/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndələri X2 və X6, Cavabdehin nümayəndələri X1 və X7 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Firması (bundan sonra iddiaçı) (VÖEN:**********) tərəfindən müvafiq gömrük orqanına xx.xx.2022-ci il tarixli **********4914 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********6045 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********1501 sorğu nömrəli; 18.01,2023-cü il tarixli **********1259 sorğu nömrəli; xx.xx.2023-cü il tarixli **********2520 sorğu nömrəli; 26 04.2023-cü il tarixli **********0567 sorğu nömrəli; xx.xx.2023-cü il tarixli **********6774 sorğu nömrəli; xx.xx.2023-cü il tarixli **********7796 sorğu nömrəli; 22 05.2024-cü il tarixli **********2549 sorğu nömrəli; xx.xx.2024-cü il tarixli **********0717 sorğu nömrəli; xx.xx.2024-cü il tarixli **********6197 sorğu nömrəli xx.xx.2024-cü il tarixli **********3400 sorğu nömrəli gömrük bəyannamələri təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “Araş" şirkətinin ünvanına 741017 nömrəli xx.xx.2020-ci il üzrə idxal olunan “Candela" markalı “X16-U” modelli estetik məqsədlər üçün istifadə olunan (dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı, tüklərin təmizlənməsi) tibbi lazer aparatı XİF MN-ə görə 9018 90 840 0 alt yarımmövqeyində sinifləşdirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "ARAŞ FİRMASİ" ünvanına ********.1.1, ********.4.1, 4421498, ******* saylı invoyslar üzrə idxal olunan yük (“Candela” markalı “Vbeam Perfecta”, “Gentlemax Pro”, “Vbeam Prima”, “X16-U” və “X15” modelli tibbi lazer aparatları) XİF MN-ə görə 9018 90 840 0 kodu ilə sinifləşdirilir. İddiaçı firması xx.xx.2025-ci il tarixli **********0121 nömrəli Gömrük Bəyannaməsində idxal etdiyi yükün XİF MN kodunu ********** kimi göstərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin GM**********48 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyində bildirilmişdir ki, İddiaçı firması ünvanına ******* nömrəli xx.xx.2025-ci il tarixli invoys üzrə idxal olunan yük XİF MN-ə görə ********** kodu ilə sinifləşdirilir. İddiaçı firması barəsində "Gömrük borcunun yaranması haqqında" xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir: • xx.xx.2022-ci il tarixli **********4914 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 20128.21 manat idxal rüsumu, 3569,08 manat əlavə dəyər vergisi, 8649.51 manat dəbbə pulu olmaqla ümumilikdə 32346,81 manat məbləğində gömrük borcu. • xx.xx.2022-ci il tarixli **********6045 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5037;87 manat idxal rüsumu, 852,82 manat əlavə dəyər vergisi, 2150,10 manat dəbbə pulu olmaqla ümumilikdə 8040,78 manat məbləğində gömrük borcu. • xx.xx.2022-ci il tarixli **********3001 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 40723,50 manat idxal rüsumu, 7222,23 manat əlavə dəyər vergisi, 17500,19 manat dəbbə pulu olmaqla ümumilikdə 65445,92 manat məbləğində gömrük borcu; • xx.xx.2022-ci il tarixli **********1501 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 40239 manat idxal rüsumu, 7135,02 manat əlavə dəyər vergisi, 17291,52 manat dəbbə pulu olmaqla ümumilikdə 64665,54 manat məbləğində gömrük borcu; • 18.01.2023-cü ıl tarixli **********1259 sorğu nömrəli gömrük bəyannaməsi uzrə 52393,58 manat idxal rüsumu, 9430.84 manat əlavə dəyər vergisi, 22565,91 manat dəbbə pulu olmaqla ümumilikdə 84390,33 manat məbləğində gömrük borcu, • xx.xx.2023-cü il tarixli **********2520 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4031,59 manat idxal rüsumu, 725,69 manat əlavə dəyər vergisi, 1736,41 manat dəbbə pulu olmaqla ümumilikdə 6493,69 manat məbləğində gömrük borcu; • 26.04.2023-cü il tarixli **********0567 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 35899,75 manat idxal rüsumu, 6461,96 manat əlavə dəyər vergisi, 15462,02 manat dəbbə pulu olmaqla ümumilikdə 57823,73 manat məbləğində gömrük borcu; • xx.xx.2023-cü il tarixli **********6774 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 45046,43 manat idxal rüsumu, 8108,36 manat əlavə dəyər vergisi, 19401,50 manat dəbbə pulu olmaqla ümumilikdə 72556,28 manat məbləğində gömrük borcu; • xx.xx.2023-cü il tarixli **********7796 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 35882,41 manat idxal rüsumu, 6458,83 manat əiavə dəyər vergisi, 15454,55 manat dəbbə pulu olmaqla ümumilikdə 57795,79 manat məbləğində gömrük borcu; • 22.05.2024-cu il tarixli **********2549 sorğu nömrəli gömrük bəyannaməsi uzrə 44742,73 manat idxal rüsumu, 8053,69 manat əlavə dəyər vergisi, 19270,69 manat dəbbə pulu olmaqla ümumilikdə 72067,11 manat məbləğində gömrük borcu; • xx.xx.2024-cü il tarixli **********0717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 44700,44 manat idxal rüsumu, 8046,07 manat əlavə dəyər vergisi, 19146,98 manat dəbbə pulu olmaqla ümumilikdə 71893.49 manat məbləğində gömrük borcu; • xx.xx.2024-cü il tarixli **********6197 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 44567,20 manat idxal rüsumu, 8022,10 manat əlavə dəyər vergisi, 15776,79 manat dəbbə pulu olmaqla ümumilikdə 68366,08 manat məbləğində gömrük borcu; • xx.xx.2024-cü il tarixli **********3400 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 44765,25 manat idxal rüsumu, 8057,75 manat əlavə dəyər vergisi, 12571,87 manat dəbbə pulu olmaqla, ümumilikdə 65394,87 manat məbləğində gömrük borcu olmaqla, cəmi 727280,44 (yeddi yüz iyirmi yeddi min iki yüz səksən manat, qırx dörd qəpik) manat məbləğində borc 5 (beş) gün müddətində ödənilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X12 İddiaçı firmasına ünvanladığı xx.xx.2025-ci il tarixli 3-28-1/2-19463/2025 saylı məktubdan görünür ki, qeydiyyata alınması üçün müraciət edilmiş tibb vasitəsi “Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq verilmiş sənədlərə əsasən tibbi avadanlıq hesab olunmuş və bu səbəbdən xx.xx.2025-ci il tarixli TV 01752 nömrəli qeydiyyat vəsiqəsi verilərək dövlət reyestrinə daxil edilmişdir. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Candela Corporation şirkəti ilə 01 yanvar 2018-ci il tarixli distribütorluq müqaviləsinə əsasən "xxxx" firması bəzi tibbi avadanlıqların Azərbaycan Respublikası ərazisində rəsmi satışını həyata keçirmə hüququ əldə etmişdir. Müqavilədə nəzərdə tutulan Candela GentleLase Pro-U lazer sistemi tibbi avadanlıq sayıldığı üçün şirkət tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmiş və həmin avadanlıq Nazirlik tərəfindən TV seriyalı 01752 saylı dövlət qeydiyyatına alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Avadanlıq tibbi təyinatlı olduğundan, ölkəyə idxalından əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X8" publik hüquqi şəxsinə də müraciət olunmuş və 19 mart 2025-ci il tarixli 3-28/1/2-8351/2025 saylı məktubla həmin avadanlığın idxalına rəsmi icazə alınmışdır. Beləliklə, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tibbi avadanlığın idxalı üçün tələb olunan bütün qeydiyyat və icazə prosedurları tərəflərindən tam yerinə yetirilmişdir. Qeyd edirlər ki, malgöndərən (istehsalçı) şirkət invoys və avia-nəqliyyat qaiməsində hər zaman malın kodunu 9018 kimi qeyd edirdi. Xatırlatma olaraq bildirirlər ki, sözügedən avadanlığın tibbi cihaz olub-olmamasını müəyyən etmək üçün gömrük orqanı tərəfindən daha əvvəl - 2020-ci və 2022-ci illərdə - iki dəfə ekspertiza aparılmış, xx.xx.2020-ci il tarixli, 2200-013/0xx-xx/005367 nömrəli və 17 may 2022-ci il tarixli, 2200-43/0xx-xx/002802 nömrəli ekspert rəylərində avadanlığın Candela" markalı "X16-U" modelli tüklərin, dəri piqmentlerinin ve kapilyar damarların müalicəsinde istifadə olunan tibbi lazer aparatı, candella maralı "X15" modelli üzre 2-ci mövqeyi üzre Ekspert: xoşxassali piqmentli lezyonlar, diffuz qızartı vo üz damarları, hörümçək və ayaq damarları, qırışlar, damar lezyonları, angiomalar və hemagiomalar venoz göl, şərabı ləkələri, PFB, dırnaq göbəliyinin müalicəsində istifadə olunan tibbi lazer aparatı. Yuxarıda qeyd edildiyi Azərbaycan Respublikası Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən verilən 2020 və 2022-ci il tarixli ekspert rəylərindən də aydın olur ki, ölkəyə idxal etdikləri avadanlıq tibbi avadanlıqdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarına əsasən İddiaçı Firmasının ümumilikdə 727.280,44 manat gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddia edir ki, həmin cihazlar tibbi məqsədi olmayan avadanlıqlar olduğundan, “Araş firması” həmin cihazları sənədləşdirərkən, “9018” kodu başlığı altında yox “8543” mal mövqeyində təsnif edilməli idi. Qərar aşağıdakılara əsasən əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarına əsasən ölkəyə idxal etdikləri Alexandrit Candella pro u aparatı 9018 90 8400 alt yardımçı mövqeyində bəyan olunmalı və 0 faiz dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilərək rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qəbul etdiyi qərara münasibətdə bildirmək istəyirlər ki, avadanlıq bütün dünyada tibbi avadanlıq kimi tanınır və tibbi məqsəqlər üçün istifadə olunur: tüklərin, dəri piqmentlerinin ve kapilyar damarların müalicəsində istifadə olunan tibbi lazer aparatı, candella maralı "X15" modelli üzre 2-ci mövqeyi üzre Ekspert: xoşxassali piqmentli lezyonlar, diffuz qızartı vo üz damarları, hörümçək və ayaq damarları, qırışlar, damar lezyonları, angiomalar və hemagiomalar venoz göl, şərabı ləkələri, PFB, dırnaq göbəliyinin müalicəsində istifadə olunan tibbi lazer aparatı, gömrük tərəfindən verilmiş 2020 və 2022ci il tarixli ekspert rəylərində də qeyd edilir ki, avadanlıq tibbi avadanlıq funksiyalarını yerinə yetirir. Həmçinin idxal etdikləri avadanlığın tibbi cihaz olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz təsdiqini tapdığından, ona qeydiyyat vəsiqəsi verilərək, tibbi avadanlıq kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləninin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinin rədd edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İlk öncə qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi İddiaçı firması barəsində "Gömrük borcunun yaranması haqqında" xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tərəfindən mübahisələndirilən qərarla onun barəsində cəmi 727280,44 (yeddi yüz iyirmi yeddi min iki yüz səksən manat, qırx dörd qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maddə 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. Maddə 103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: 103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; 103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; 103.1.3. malları keçirən şəxsə görə. Maddə 103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Maddə 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. Maddə 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Maddə 219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. Maddə 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Maddə 225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. Maddə 227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra- Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. Maddə 227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azadedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Maddə 228. Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Maddə 319. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası: 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X10 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Maddə 322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.6. Mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin qərarı əsasında eyni ixtisaslı bir neçə ekspertə həvalə olunmaqla komisyon ekspertiza keçirilir. Maddə 325. Ekspert rəyi 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Gömrük borcunun yaranması haqqında" xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarı onunla əsaslandırılmışdır ki, “X3 Harmonik Sistem Komitəsinin 2019-cu il tarixli 63-cü sessiyasında qəbul olunmuş NC2597 nömrəli qərarın U əlavəsinə əsasən əsas funksiyası geniş spektrli, yüksək keyfiyyətli işıq (optik radiasiya) yaratmaq olan, xüsusilə optik koherens tomoqrafiyası (OCT) aparan cihazlarda (gözün torlu qişası kimi toxumaların dərinliklərini izləyir) ixtisaslaşmış X5 (SLED) XİF MN üzrə «8543.70» təsnifat kodunda sinifləşdirilməlidir. X3 Harmonik Sistem Komitəsinin 2024-cü il sentyabr tarixli 74-cü sessiyasında qəbul olunmuş qərara əsasən “xəstəxanada, müalicə mərkəzlərində, eləcə də digər gözəllik və ya sağlamlıq müəssisələrində yaraların sağalması, qocalma əleyhinə, mövsümi affektiv pozğunluqların (SAD) və dermatoloji, pediatrik xəstəliklərin müalicə olunması məqsədilə istifadə üçün nəzərdə tutulmuş 350 - 3400 nm dalğa uzunluğuna sahib şəxsi işıq terapiyası cihazı (Personal light therapy device)” XİF MN üzrə «8543.70» təsnifat kodunda sinifləşdirilməlidir. Yuxarıda qeyd olunan səbəblərdən “GentleLase Pro-U” və “X15” markalı lazer cihazlarının lazer generatoru, sensorlu idarəetmə texnologiyası, başlıq applikatorları kimi elektron-funksional elementlərdən ibarət olması, əsas istifadə məqsədi, funksional və obyektiv xüsusiyyətləri - bu avadanlıqların XİF MN üzrə «8543» mal mövqeyində, yəni “özünəməxsus funksiyası olan digər elektrik cihazları” altında yerləşdirilməsini zəruri edir. Beləliklə, yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə aparılmış inzibati icraatın predmeti olan mallar (lazer epilyasiya avadanlıqları) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin şərtlərinə əsasən «8543 70 800 9» alt yarımmövqeyi üzrə sinifləşdirilməli və 5% tarif dərəcəsi ilə idxal rüsumuna cəlb edilməlidir...” Məhkəmə cavabdehin əsaslandırması ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən idxal olunan yükün XİF MN-ə görə ********** kodu ilə sinifləşdirilməli olduğu halda ********** kodu ilə sinifləşdirdiyini nəzərə alaraq və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.1-ci maddəsinin tələblərini tətbiq edərək iddiaçı barəsində xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə gömrük borcu hesablamışdır. İddiaçı tərəfindən isə həmin dövrdə idxal olunan yükün XİF MN-ə görə kodu məhz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin ekspert rəyləri əsasında bəyan edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli 2200-013/0xx-xx/005367 nömrəli ekspert rəyinə əsasən İddiaçı şirkətinin ünvanına 741017 nömrəli xx.xx.2020-ci il üzrə idxal olunan “Candela” markalı “X16-U” modelli estetik məqsədlər üçün istifadə olunan (dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı, tüklərin təmizlənməsi) tibbi lazer aparatı XİF MN-ə görə 9018 90 840 0 alt yarımmövqeyində sinifləşdirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "ARAŞ FİRMASİ" ünvanına ********.1.1, ********.4.1, 4421498, ******* saylı invoyslar üzrə idxal olunan yük (“Candela” markalı “Vbeam Perfecta”, “Gentlemax Pro”, “Vbeam Prima”, “X16-U” və “X15” modelli tibbi lazer aparatları) XİF MN-ə görə 9018 90 840 0 kodu ilə sinifləşdirilir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "ARAŞ FİRMASİ" ünvanına ******* nömrəli xx.xx.2025-ci il tarixli invoys üzrə idxal olunan yük XİF MN-ə görə 8543 70 800 9 kodu ilə sinifləşdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, idxal olunan yükün XİF MN-ə görə 8543 70 800 9 kodu ilə sinifləşdirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin ekspert rəyi xx.xx.2025-ci il tarixdə verilsə də, iddiaçıya hesablanan borc məbləği xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edir və qeyd edildiyi kimi, iddiaçı idxal etdiyi malları eyni Ekspertiza İdarəsinin daha əvvəllər verdiyi ekspert rəyləri əsasında bəyan etmişdir. Başqa sözlə idxal olunan malların hansı kodla bəyan edilməsinə dair inzibati praktika məhz cavabdeh inzibati orqanın özünün təqdim etdiyi ekspert rəyləri əsasında formalaşmış və uzun illər tətbiq edilmişdir. Belə bir inzibati praktikanın mövcudluğu tərəflərin hər hansı biri tərəfindən inkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2 İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1157/2024 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (“Beinaroviç və digərləri Litvaya qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərar, §140). Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu nəzərə alınmalıdır. Lakin göründüyü kimi mübahisələndirilən qərar qəbul edilərkən inzibati orqan öz yazılı bəyanatı əsasında formalaşan inzibati praktikaya uyğun davranmamış, gömrük rəsmiləşdirilməsinə təqdim edilən malların XİF MN-ə görə 9018 90 840 0 kodu ilə deyil, 8543 70 800 9 kodu ilə sinifləşdirilməli olmasına dair mövqeyini (əsaslı və ya əsassız) xx.xx.2025-ci il tarixdə bəyan etmiş, lakin buna baxmayaraq iddiaçıya həmin tarixdən əvvəlki tarixlərdə ölkəyə gətirdiyi və gömrük orqanının yazılı rəyləri əsasında formalaşmış inzibati praktikaya uyğun bəyan etdiyi mallara görə gömrük borcu hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aparılan icraat zamanı cavabdeh mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/040Q nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar