Məhkəmə qərarları › İş №2-1(112)-1282/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1282/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1282/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, 3-cü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında işə cəlb edilməklə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X4 göstərilməklə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb müdafiə nazirliyinin xidməti mənzil fonduna verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9225/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayədəsi və digər 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıda sadalanan qanunvericiliyin normalarına istinad etməklə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. (-). 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Maddə 4. Aidiyyət 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı instansiyaya şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası yaradılsın. (-).

7. Müəyyən edilsin ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər (12 mart 2019-cu il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 427) ilə yeni məzmunda 7-ci hissə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”: İnzibati orqanların adı Azərbaycan Respublikası Müdafiə Nazirliyi. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər). İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na görə həm iddiaçı, həm də cavabdeh inzibati orqandır. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanının 14 mart 2019-cu il tarixdən qüvvəyə minmiş 7-ci bəndi ilə müəyyən edilmişdir ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər. İddiaçı inzibati orqan cavabdeh inzibati orqanın səlahiyyəti ilə bağlı mübahisə açmışdır. Bəhs olunan normalara görə belə mübahisə inzibati məhkəmə icraatının predmeti ola bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməsidir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar