Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12822/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 0,10 ha (arxiv arayışı üzrə 0,07 ha) həyətyanı torpaq sahəsinə dair aidiyyəti müvafiq sənədlərin (plan, sxem və s.) tərtib edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə iddiaçıya Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 0,10 ha (arxiv arayışı üzrə 0,07 ha) həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin həmin vaxt bu torpaq sahəsinə aidiyyəti olan sənədlər (torpaq sahəsinin planı və s.) tərtib edilməmişdir. Bununla əlaqədar ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin (plan, sxem və s.) tərtib olunub verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etdi. Məqsədi aidiyyəti sənədləri əldə etdikdən sonra göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması olmuşdur. Müraciətinə Cavabdehndə baxılmış və imtina olunaraq bildirilmişdir ki, “Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə verilməsi barədə müqavilənin tərkib hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaq ayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur”. Hesab edir ki, cavabdehin ona ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin (plan, sxem və s.) tərtib olunub verilməsi ilə bağlı imtina cavabı əsassızdır. Göründüyü kimi ona fərdi yaşayış evi tikmək üçün ayrılmış həyətyanı torpaq sahəsinə müvafiq sənədlərin tərtib olunub verilməsi ilə əlaqədar müraciət etdiyi halda, imtina cavabında aidiyyəti olmayan “torpaq sahəsinin istifadəyə verilməsindən...” bəhs edilir.
4. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, “Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaq ayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.”
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə müraciəti əsasında Xəzər RlHB-nın Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Baxış zamanı göstərilən torpaq sahəsinin Donuzkökəltmə sovxozunun ərazisinin hüdudları daxilində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən müvafiq sənədlər torpaq ayrılması barədə qərarın tərkib məqsədəuyğun hesab olunur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı "torpaq sahəsinin yerləşmə sxem-cizgisinin tərtib edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir.
6. Azərbaycan Respublikası Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş arxiv çıxarışına əsasən 12 iyul 1990-cı il tarixli, 135 №li əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 №li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 23 №li qərara əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyatyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Həmin siyahıda X1 adı göstərilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 6275.0 kv.m təşkil edir. Bu sahənin 928.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin torpaq sahəsi Donuzkökəltmə sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində yerləşir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. İddia tələbi Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsidir.
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
19. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir
20. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
21. İşin faktiki hallarına əsasən, iddiaçıya Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonu Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən əmrin mövcudluğu məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı ilə təsdiqlənir. Həmin arxiv arayışı ilə təqdim edilmiş əmrin surətindən görünür ki, əmrə heç bir sənəd (sxem, təhkim aktı, ayrıc aktı və ilkin baş plan) əlavə edilməmişdir. Torpaq sahəsi Donuzkökəltmə sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsinin ərazisi daxilindədir.
22. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, əmr tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmamış, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva