Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12824/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1998-ci il tarixdə X1 (iddiaçının atası) ilə Bakı şəhəri Nəsimi Rayon MKİS 59 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, İnqilab küçəsi ev 1D Əlsalam İbişova yaşayış üçün verilmişdir. xx.xx.1992-ci il tarixdə X1 vəfat etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6396/2023 nömrəli qərarı əsasında Bakı şəhəri Nəsimi RİHB-nin xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində yaşayış sahəsi 261.1 kv.metr 5 otaqlı 1D saylı evin kirayə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında DİN-in xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından və 59 saylı MKİS-in xx.xx.2022, xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçı 1988-ci ildən həmin mənzildə qeydiyyatdadır və yaşayır. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, qeyd olunan mənzilə baxış keçirilmiş Bakı şəhəri Nəsimi RİHB-nin xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncamında qeyd olunan daşınmaz əmlakın yaşayış sahəsinin 261.1 kv.m, 5 otaqlı olduğu göstərilsə də, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsu 292.6 kv.metr olan 2 mrətəbəli ayrıca tikili olduğu və hazırda istifadəsiz olduğu müəyyən edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 1D saylı ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 1D saylı ev 1988-ci ildən onun istifadəsindədir və orada daimi qeydiyyatdadır. Ev 2 mərtəbədən ibarətdir, ona məxsusdur və hazırda bu ünvanda yaşayır. Göründüyü kimi cavabdeh inzibati orqan müraciətlə ona təqdim edilmiş sənədlərə və evin faktiki vəziyyətinə, istifadə olubolmamasına, hətta yerində baxış keçirdikdən sonra belə düzgün hüquqi qiymət verməmiş, bununla da, onun hüquqlarını kobudcasına pozmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Əlavə olaraq qeyd edilmişdir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6396/2023 nömrəli qərarı əsasında Bakı şəhəri Nəsimi RİHB-nin xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində yaşayış sahəsi 261.1 kv.metr 5 otaqlı 1D saylı evin kirayə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. İddiaçı faktiki olaraq həmin mənzildə yaşayır və pasport qeydiyyatındadır. İddiaçı həmin mənzilə mülkiyyət hüqunun qeydə alınmasını xahiş edir. Cavabdeh isə bildirir ki, Bakı şəhəri Nəsimi RİHB-nin xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncamında ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində yaşayış sahəsi 261.1 kv.metr göstərilsə də, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsu 292.6 kv.metr olan 2 mrətəbəli ayrıca tikili olduğu və hazırda istifadəsiz olduğu müəyyən edilmişdir. İddiaya qarşı yazılı etirazında cavabdeh həmçinin qeyd edir ki, fərdi yaşayış evinə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, işdə olan sənədlərdən və qanuni qüvvəsini almış məhkəmə qərarında müəyyən edilir ki, iddia predmetini təşkil edən daşınmaz əmlakın təyinat fərdi yaşayış evi deyil, mənzildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6396/2023 nömrəli qərarı ilə müəyyən edilmiş işin hallarında görünür ki, iddia predmetini təşkil edən mənzilin əvvəki icarədarı iddiaçının atası olmuş, iddiaçının atası ilə həmin mənzilə dair məznil kirayə müqaviləsi bağlanmış, atası öldükdən sonra mənzilin şəxsi hesab vərəqəsi iddiaçının adına dəyişmişdir. Sonradan məhkəmə qərarı üzərində Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə mənzilə dair iddiaçı mənzil kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməsi öhdəliyi qoyulmuş və icra hakimiyyəti tərəfindən qərar icra edilərək bu barədə xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncam verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi RİHB-nin xx.xx.2023-cü il tarixli, 90 nömrəli sərəncamında mənzilin yalnız yaşayış sahəsi (261.1) göstərilmişdir. Cavabdeh isə mənzilin ümumi sahəsinə (292.6 kv.metr) istinad edir. Qeyd edilən sahə fərqi yaşayış və ümumi sahələrin fərqindən irəli gəlir. Məhkəmə cavabdehin etirazının dəlili ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi, iddia tələbinin predmetini təşkil edən daşınmaz əmlakın təyinatı fərdi yaşayış evi deyil, mənzildir. Odur ki, cavabdehin iddiaçıdan fərdi yaşyış evinə və torpaq sahəsinə dair sənədlər tələb etməsi əsassızdır. İddiaçı isə, mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını və mənzil kirayəsi müqaviləsini təqdim edir. Qeyd edilməlidir ki, icra hakimiyyətinin sərəncamı 2023-cü il tarixli olsa da, iddiaçının həmin mənzillə bağlı hüquqları 1988-ci ildən yaranmışdır. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 1D saylı ev üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12824/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12824/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver