Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1283/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçıların müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçılar 1991 – 1993-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxx 1990-cı il tarixli qərarı ilə qeydə alınmış “Günəş” Sahələrarası X1 6-cı bəndinə əsasən “Günəş” SEİ Assosiasiyası və həmin dövrdə fəaliyyət göstərmiş olan X3 İnstitutunun Neftçala rayonunda təşkil etdiyi Qızlar Kollecində təhsil almış, orta ixtisas təhsilli ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirərək AR Təhsil Nazirliyinin rəsmi məktubuna əsasən xx xxxxxx 1993-cü il tarixdən işə başlamışlar. Bu dövr ərzində AR Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif treninq, seminar və kurslarında iştirak etmiş, ixtisasımızı artıraraq sertifakatlar almışlar. 2016-ci ilin noyabr ayında rayon müəllimlərinin biliyinin diaqnostik qiymətləndirmədən keçirilməsi ilə əlaqədar aparılan qeydiyyat zamanı iddiaçılar diaqnostik qiymətləndirmə prosesinə qeydə alınmayıb. Bununla əlaqədar x xxxxxx 2016-cı il tarixdə AR Təhsil Nazirliyinə rəsmi müraciət olunmuşdur. Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdirinin, hüquq şöbəsinin müdirinin qəbulunda olmuş, ərizə və mövcud olan sənədlər təqdim etmişlər. Bundan sonra AR Təhsil Nazirliyi İnformasiya şöbəsinin müdirinin imzaladığı və "Bildiririk ki, diplomunuz dövlət nimunəli sənəd deyil" cümləsindən ibarət olan xx xxxxxx 2017-ci il tarixli H- 3190/5/10-24 nömrəli cavab məktubu alınmışdır. Bu məktub müraciətimizin tam araşdırılmasını təmin etmədiyindən əsaslı deyil. Çünki, X14 həmin dövrdə qüvvədə olan «Təhsil haqqında Qanun»un tələblərinə uyğun olaraq AR Nazirlər Kabinetinin x xxxxxx 1993-cü il tarixli 060 nömrəli "Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəznində X19 Komissiyasının yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında" qərarına uyğun olaraq Təhsil Nazirliyi Nəznindəki X19 Komissiyasının xx xxxx 1993-cü il tarixli 14/6 qərarı ilə orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydə alınaraq reyestrə salınmış və ona müvafiq sertifikat verilməsi məsləhət bilinərək kollec tərəfindən verilmiş diplomlar hüquqi qüvvə kəsb edən sənəd hesab edilmişdir. Məhz bununla əlaqədar olaraq iddiaçıların müəllim kimi fəaliyyətə başlamağı təmin edilmişdir. Təhsil Nazirliyi nəznində yaradılmış X19 Komissiyasının səlahiyyətləri «Azərbaycan Respublikasının Təhsil qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxx 1994-cü il tarixdə imzalandığı günədək qüvvədə olmuşdur. «Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2010-cu il tarixli 82 nömrəli qərarı İlə təsdiq edildikdən sonra AR Təhsil Nazirliyi 2011-ci ilin sentyabr ayında Rayon təhsil şöbələrinə rəsmi göstəriş verərək sənədləri bu qərara uyğun gəlməyən müəllimlərin işdən azad olunması barədə tapşırıq vermişdir. Təhsil Şöbəsi də məktəb rəhbərlərinə oxşar göstəriş verdikdən sonra heç bir araşdırma aparmadan, Təhsil nazirinin 10 ildən artıq pedaqoji stajı olan müəllimlərin işdən azad olunmasına yol verilməməsi barədə x xxxxxxxx 1999-cu il tarixli 682 (s) nömrəli əmrinin 1-ci bəndinin, eləcə də AR Əmək Məcəlləsinin bir sıra tələbləri pozularaq onları (iddiaçıları) işdən azad etmişdir. İddiaçılar qərardan əvvəl, 1993-cü ildə özəl bölmədə fəaliyyətdə olmuş X11 bitirdiyindən və onlara verilmiş diplomlara şamil edilmədiyindən, işdən qanunsuz çıxarılmaqlarını əsas götürərək Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişlər, məhkəmə faktları araşdırdıqdan sonra onları əvvəlki işlərinə bərpa etmək barədə qətnamə qəbul etmişdir. Onlar hazırda da qeyd olunan məktəblərdə ibtidai sinif müəllimləri kimi fəaliyyət göstərirlər. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikası Pzezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 nömrəli Sərəncamında, eləcə də «Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə» Azərbaycan Respublikası Təhsil nazirinin x xxxxxxx 2016-cı il tarixli 723 nömrəli əmrində və ondan əvvəlki əmrlərdə hansı kateqoriyalı müəllimlərin diaqnostik qiymətləndirmədən keçməli olduğu barədə heç bir göstəriş yoxdur. 2015-ci ildə keçirilən diaqnostik qiymətləndirmə zamanı diplomların dövlət nümunəli olub-olmaması nəzərə alınmamış, bütün müəllimlər qiymətləndirmə imtahanına buraxılmışdır. Nəinki X11n məzunları, eləcədə X7 qeydə almadığı Biləsuvar rayon Pedaqoji Kollecinin məzunu olan və Cəlilabad rayonunun müxtəlif məktəblərində işləyən 100 nəfərdən artıq müəllim diaqnostik qiymətləndirməyə buraxılmış, qiymətləndirmədən keçmişdir. İddiaçılar hazırda ibtidai sinif müəllimləri kimi əmək fəaliyyətini davam etdirməyinə baxmayaraq diaqnostik qiymətləndirmədən keçmədiklərinə görə eyni kateqoriyalı müəllimlərdən 25 faiz az əmək haqqı alırlar. Məhz buna görə də qeyd olunan faktların – Təhsil Nazirliyi nəzdində X19 Komissiyasının fəaliyyətinin və Komissiyanın xx xxxx 1993-cü il tarixli 14/6 nömrəli qərarının hüquqiliyini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxxx 2011-ci iltarixli 8-25.8011/16 nömrəli məktubuna əsasən onları işdən azad etmək barədə verilmiş əmrlərin Biləsuvar Rayon Məhkəməsi tərəfindən ləğv edilərək əvvəlki iş yerinə bərpa olunduğunu və 27 illik pedaqoji stajını əsas götürərək onların Təhşil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin olunması barədə məsələnin araşdırılması və müvafiq qətnamə qəbul olunması məhkəmədən xahiş olunur. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-563/2020 saylı qərardadı ilə inzibati işə baxılması üçün ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçıların müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi» barədə iddia tələbləri üzrə işdən İddiaçı2 cavabdeh AR Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Cavabdeh AR Təhsil Nazirliyinin nümayəndəsinin hazırkı (İddiaçı1 cavabdeh AR Təhsil Nazirliyinə qarşı irəli sürdüyü tələb üzrə) iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı1 iddia tələbindən göründüyü kimi, iş üzrə o (iddiaçı), X4 X9 təhsil almış və ona ibtidai təhsilin pedoqogikası və metodikası ixtisası üzrə diplom verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Hesab edilir ki, AR Təhsil Nazirliyinin iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qaunun pozuntusuna yol verməmişdir. Belə ki, x xxxxxxx 1992-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 2-ci maddəsinə əsasən dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativhüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 1993-cü il tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş «X19 Komissiyası haqqında» Əsasnaməyə əsasən Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Təhsil müəssisələri hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında» xx xxxx 1993-cü il tarixli 413 nömrəli qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada apapılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunanlardan göründüyü kimi, AR Təhsil Nazirliyində qeyd edilən Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də hesab edilir ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə və İPM-in 73.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən X6 iddiasının mümkün sayılmaması xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X10 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın əsaslı olmadığını bildirdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. «Təhsil haqqında» AR Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 14.1-ci maddəsinə görə təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Həmin Qanunun 14.5.5-ci maddəsinə görə təhsil müəssisəsinin tipləri və növlərinin sırasına orta ixtisas təhsili müəssisələri (kolleclər) də daxildir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 21.2-ci maddəsinə görə orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. Həmin Qanunun 21.3-cü maddəsinə görə orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının xx xxxxxxx 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 10-cu maddəsinin İ və İİİ hossələrinə görə Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s). Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 18-ci maddəsinə görə orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə (8.5, 8.26-cı yarımbəndləri) görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 413 nömrəli qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, dövlət qeydiyyatından keçib sertifikat almamış öz özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır. AR Təhsil Nazirliyinin x xxxxxxx 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»nın 1.2-ci bəndinə görə bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Qaydaların 2-ci bəndinə görə diaqnostik qiymətləndirilmənin məqsədi aşağıdakılardır: müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrindən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. Qaydaların 3.1-ci bəndinə görə diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Məhkəmənin qənaəti belədir ki, hazırkı iddiaçıya təhsili üzrə diplom vermiş müəssisənin həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun fəaliyyət göstərməsi barədə yetərli sübutlar olmadığından, sözügedən diplom etibarsız qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət nümunəli diplom blanklarını qanunvericiliyə uyğun fəaliyyət göstərən təhsil müəssisələrinin məzmunlarına verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçını ona verilmiş diplomun dövlət nümunəli olmaması əsası ilə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına və sertifikatlaşdırmaya buraxmamaqda haqlı olmuşdur. Cavabdehin hərəkətləri qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə və sertifikatlaşdırmada iştirakının təmin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1283/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1283/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver