Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1283/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi “mənzilə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 24 yanvar 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – üçüncü şəxs və ya MTK) arasında 6 mart 2018-ci il tarixli 178 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər. MTK mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi barədə 6 mart 2018-ci il tarixli 18-03A nömrəli kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı vermişdir. İddiaçı mübahisəli mənzilin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üzrə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 15 yanvar 2019-cu il tarixli məktubla hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi səbəbindən iddiaçının tələbindən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(009)-39/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, həmin iş üzrə iddiaçı "xxxx" MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış 78 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər İddiaçı və X5 arasında Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə162 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-507/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(103)- 507/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti, qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Kassasiya şikayətinin forması” başlıqlı Əlavə 3-də müəyyən edilmiş) əməl olunmadan, yəni MPM-ə 3 saylı Əlavəyə uyğun tərtib olunmadan verildiyinə, həmçinin dövlət rüsumu qanunla müəyyən edilmiş miqdarda ödənilmədiyinə görə geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(103)-507/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-507/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları, digər prosessual hərəkətlər və iş üzrə qəbul edilmiş məhkəmə aktları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla MTK arasında xx.xx.2018-ci il tarixdə 178 №-li müqavilə imzalanmış və müqaviləyə əsasən ona ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzilin dəyəri tərəfindən tam ödənilməklə mülkiyyətinə keçmişdir. Həmçinin MTK-nın sədrinin xx.xx.2018-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderinin qəbzi ilə mənzilin dəyərinin tam ödənilməsi qeyd olunmuşdur. Bundan sonra tərəfindən mənzilinə dair hüquqmüəyyənedici sənədlər toplanaraq cavabdeh orqana təqdim olunmuşdur. Cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqları bərpa olunmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı iş üzrə, 25 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçıya **********35-05301-093172 reyestr nömrəli, Seriya RX, ******* № li, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. MTK apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-901/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. MTK həmin qərardaddan kassasiya şikayəti vermiş, sonradan şikayətini geri götürmüş və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-818/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya icraatına xitam verilmişdir. MTK vəsatət ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək MTK-nın üçüncü şəxs qismində cəlb etməklə işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-679/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 679/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-315/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının qərardaddan verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə teleqram göndərmiş, eyni zamanda məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək ailə üzvünün yas mərasimi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçının vəsatəti nəzərə alınaraq məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəsatəti nəzərə alınaraq məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı həmin iclasda da iştirak etməmiş və məhkəmənin dəftərxanasına iddiaçının adından (nümayəndəsi H,Əhmədov) ərizə təqdim edərək iddiaçının səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, nümayəndə kimi iddiaçının adından məhkəməyə ərizə verən şəxs səlahiyyətini və iddiaçını təmsil etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən təqdim edilsə belə, iddiaçı səhhəti ilə əlaqədar, məhkəmədə iştirak etmənin üzrlü hesab edilməsinə dair sübutlar təqdim etməmiş, məhkəmə iclasının lüzumsuz uzadılmasına nail olmaq məqsədi ilə işə vaxtında baxılmasına mane olmağa çalımışdır. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etməmiş, lakin özü tərəfindən yazılmış ərizəni məhkəmənin inzibati binasına gələrək dəftərxanaya təqdim etmişdir. Həmçinin iddiaçı nümayəndə və vəkillə təmsil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Maddə 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Maddə 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzrlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Sadalanan normalardan göründüyü kimi, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə borcludurlar. Əgər hər hansı bir üzrlü səbəbdən məhkəməyə gələ bilmədikləri halda bunu bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı ilə MTK arasında 6 mart 2018-ci il tarixli 178 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətini təmin etməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tələbinin faktiki əsası kimi, MTK ilə mübahisəli mənzilə dair bağlanamış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad edir. Lakin qanuni qüvvəsini almış mülki işlər üzrə məhkəmə qətnamələri ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənəd etibarsızdır. Belə olan halda, həmin sənədə istinad edərək mübahisəli mənzil üzərində daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı tələbin təmin edilməsi üçün əsas artıq mövcud deyildir. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.13.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X4 Görülməsi və X6 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin iddiaçıya məxsus mənzilin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. Bu hal məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olan mənzilin də daxil edildiyi binanın istismara qəbul aktı təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı iş üzrə, 25 yanvar 2019-cu il tarixli qərarın icrasında dönüş edilməlidir. Belə ki, iş üzrə qəbul edilmiş həmin qərar cavabdeh tərəfindən icra edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçının adına Seriya RX, ******* № li, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülki Prosessual Məcəllə: Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-679/2019 saylı iş üzrə, 25 yanvar 2019-cu il tarixli qərarının icrasında dönüş edilsin. İddiaçı adına ünvan 2 ünvanında yerləşən 135,4 kv.m mənzilə dair dövlət reyestrində aparılmış **********35-05301-093172 reyestr nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* № li, xx.xx.2019-cu il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1283/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1283/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver