Məhkəmə qərarları › İş №2-1(112)-12831/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12831/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12831/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 15 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə İddiaçı (bundan sonra – iddiaçı) 0,07 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən sənəd verilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər torpaq ayrılmasına dair sənədin tərkib hissəsi olduğundan bu barədə sənədləri torpaq ayıran qurum tərəfindən verilə bilər. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. İmtina məktubunda müraciətinə aid olmayan cavab verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz göndərərək iddianın, həmin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarını səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdehin imtinası və iddia tələbinə etirazının dəlillərinin əsası cavabdeh İcra Hakimiyyətinin iddia tələbinə cavab verməli olmayan qurum olması ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə cavab verməli olan şəxs, Bakı şəhəri Cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1990-cı ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə 0.07 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd verilməmişdir. Hazırda iddiaçının tələbi ona ayrılmış torpaq sahəsinə cizginin tərtib edilərək verilməsidir. Cavabdeh imtina məktubunda və etirazının dəlillərində hazırkı iddia tələbinə cavab verməli olan şəxsin cavabdeh icra hakimiyyəti deyil, torpaq ayıran qurum olmasına istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası və etirazın əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, hazırkı qərarın “iddianın mümkünlüyü” bölməsində cavabdehin hazırkı iddia tələbinə cavab verməli olan şəxs olması məsələsinə qiymət verilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Məhkəmə qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu kontekstdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi vətəndaşın xeyrinə olmuş, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul edilərkən yerli icra hakimiyyəti tərəfindən verilməli olan yerləşmə cizgisinin məhz yerli icra hakimiyyətinin özü tərəfindən təmin olunmasını nəzərdə tutmuşdur. Göstərilən bütün halları nəzərə aldıqda məhkəmə hesab edir ki, iddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən, cavabdeh inzibati orqan kimi Əsasnamayə görə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə icraatında olan işlərdən (daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasına dair tələblər) Cavabdeh vətəndaşın müraciətinə əsasən vaxtı ilə ayrılmış torpaq sahələrinə dair yerləşmə cizgisi (xəritədən çıxarış) hazırlayaraq vətəndaşlara vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı əmri ilə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar