Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12833/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X4, X12 və X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X18 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X4, X12 və X9) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X11, X4, X12 və X9 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən X6, X2, X7 və X3 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə X11, X4, X12 və X9 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. ASAN 1 Xidmət Mərkəzi tərəfindən verilmiş arayışdan iddiaçıya məlum olmuşdur ki, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilində iddiaçının ailə üzvləri olmayan tamamilə başqa şəxslər - X11, X4, X12 və X9 iddiaçının xəbəri, icazəsi olmadan pasport qeydiyyatındadırlar. Həmin şəxslər onun evində yaşamırlar, onlar başqa ünvanda yaşayırlar, qeyd edilən şəxslərin iddiaçının mənzilində formal olaraq pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyət hüquqlarını pozur, həmçinin, adam sayına görə kommunal xidmətlərə görə ona əlavə borclar yazılır. Evində başqa şəxslərin qeydiyyatda olduqlarını biləndən sonra iddiaçı ərizə ilə Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş və mənzilində formal pasport qeydiyyatında olan, lakin iddiaçının ailə üzvü olmayan, mənzilində yaşamayan X11, X4, X12 və X3 iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin, Binəqədi Rayon İdarəsi 05 aqust 2024-cü il tarixli, 3-13-46/2-B-30992 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxslərin etirazları: ünvan 1 ünvanında yerləşən mənzil 1990-cı il tarixdən mülkiyyət hüququ əsasında atam X8, 2014-cü il tarixdən isə bacısı X10 məxsusdur. İddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxs İddiaçı sözügedən binada onlardan sonra mənzil almış və qonşu olmuşlar. Üçüncü şəxs və ailə üzvüləri atası X11, anası X4 və qızı X9 iddia ərizəsində qeyd edildiyi kimi həmin şəxsin ünvanına icazəsiz qeydiyyata düşməmişlər. Belə ki, həmin binada yan-yana iki fərqli mənzil var və aydın olur ki, onlardan asılı olmayan səbəblərə görə ünvanlarda qarışıqlıq yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilmiş və mənzilə yeni qaydalarla ünvan verilmişdir (ünvan 3ş 199, M2, mənzil 3). Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.4-cü bəndinə əsasən, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır; 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; 3.7-ci bəndinə əsasən, daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). İş faktiki halları ilə müəyyən edilir ki, eyni ünvan göstəricilərinə malik iki mənzil mövcuddur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, başqa şəxsin (ailə üzvləri olan X1) mülkiyyətində olan mənzildə qeydiyyatdadılar, həmin mənzil sonuncunun mülkiyyətində olanda (ilkin qeydiyyat xx.xx.2014) heç iddiaçının hazırda mülkiyyətində olan (xx.xx.2015) mənzilə hüququ qeydiyyata alınmamışdır. Mənzillər ayrı-ayrı olsada, nəzərə alınmalıdır ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Məhkəmə iddiaçıya izah edir ki, yaranmış belə bir vəziyyətdə ünvan göstəricilərinin təkrarlanması səbəbindən buna dair dəyişikliyin edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçının irəli sürdüyü iddia tələbi üzrə hüquqi dəyərləndirmə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığıdan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X20