Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12834/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportun arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin yaşayış sahəsi 55,0 kv.metr olan 4 otaqlı 19 saylı mənzilin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1993-cü il tarixli, 19 saylı orderi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin, yaşayış sahəsi 55,0 kv.metr olan 4 otaqlı 19 saylı mənzili ailə üzvləri ilə birlikdə iddiaçının İddiaçı istifadəsinə verilmişdir. İddiaçı 1993-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 19 saylı mənzilində yaşayır. İddiaçı uzun illərdir həmin mənzili öz hesabına cari və əsaslı təmir etmişdir. Hal-hazırda həmin keçmiş yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Binaya xidmət isə 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 39 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən həyata keçirilir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 20 saylı sərəncamı ilə faktiki olaraq uzun illər yaşadığı mənzilə öz adına daimi kirayə müqaviləsi bağlanılmış və iddiaçı həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçı həmin mənzilin adına özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada sənədləri toplayaraq aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2023-ci il tarixli cavab məktubu ilə imtina olunmuşdur.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportun verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin, 19 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ii oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin - müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan - şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N2-1 i forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin, 19 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 20 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
6. X4 xx.xx.1993-cü il tarixli, 19 saylı daxili Orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 4 otaqlı 19 saylı mənzili ailə üzvləri ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir.
7. İş materiallarına əlavə olunan **********881 saylı Ərizədə qeyd olunur ki, X5 yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin onunla bağlanması üçün sərəncam verilməsini xahiş etmişdir.
8. İş materiallarına əlavə olunan **********740 saylı Ərizədə qeyd olunur ki, X11 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39 ünvanındakı 19 saylı arvadı İddiaçı ilə kirayə müqaviləsi bağlanması üçün etiraz etmir, razıdır.
9. İş materiallarına əlavə olunan **********413 saylı Ərizədə qeyd olunur ki, X8 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39 ünvanındakı 19 saylı İddiaçı ilə kirayə müqaviləsi bağlanması üçün etiraz etmir, razıdır.
10. İş materiallarına əlavə olunan **********499 saylı Ərizədə qeyd olunur ki, X9 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39 ünvanındakı 19 saylı İddiaçı ilə kirayə müqaviləsi bağlanması üçün etiraz etmir, razıdır.
11. İş materiallarına əlavə olunan **********305 saylı ərizədə qeyd olunur ki, X3 ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazı yoxdur.
12. İş materiallarına əlavə olunan **********952 saylı ərizədə qeyd olunur ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39 ünvanında yerləşən 19 saylı mənzilə dair kirayə müqaviləsinin anası İddiaçı adına bağlanmasına sərəncam verməyi xahiş edir.
13. ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il Daşınmaz əmlakın dövlət reyestrindən Arayışda qeyd olunur ki, İddiaçı adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi (qeydiyyat nömrəsi və tarixi: JN- 26760D, 2005; hüququn növü: ümumi birgə mülkiyyət) aşkar edilmişdir.
14. Qeyd edilən mənzilin qəzalı vəziyyətdə olmasına dair məhkəmənin sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən əmlaka ziyan dəyməsi ilə bağlı Agentlikdə hər hansı məlumat yoxdur.
15. Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 20 saylı “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 19 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” Sərəncamında qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin, yaşayış sahəsi 55,0 kv.metr olan 4 otaqlı 19 saylı mənzilinə İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
17. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı 39 ünvanında yerləşən binadakı mənzillərə dair hüquqların ilkin qeydiyyata alınmasına əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, həmin binadakı mənzillər analoji qaydada təqdim edilmiş sənədlərə uyğun qəbul edilmiş məhkəmə qərarları əsasında ilkin qeydiyyata alınmışdır.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
22. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
26. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
27. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
32. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 19 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” Sərəncamı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, X4 xx.xx.1993-cü il tarixli, 19 saylı daxili orderi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 4 otaqlı 19 saylı mənzili ailə üzvləri ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir.
33. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin razılıq ərizələrinə (X11, X8, X9 və X3) əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.
34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, 39 saylı evin 19 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.
35. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair çoxsaylı məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır.
36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39 ünvanında yerləşən 19 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva