Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12837/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "sökülmüş qeyri-yaşayış sahəsinin bərpası" tələbinə dair inzibati mübahisələrə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan əmlakın xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa aid xx.xx.2016-cı il 3813/d nömrəli eskiz-lahiyə ilə Yasamal İH-nin xx.xx.2023-cü il tarixli 5-21/2-A-91/2023 nömrəli plan- sxeminə ƏMTX-nin xx.xx.2017-ci il, 204 nömrəli icarə müqaviləsinə aid xx.xx.2017-ci il tarixli, **********47 nömrəli təyinat göstərişinə uyğun inşa edərək bərpasına və ƏMTX-i ilə Reyestrində qanuni sənədlər əsasında icarə sahəsinə 308.3 kv.m göstərməklə çıxarışda əmlakın 308.3 kv.m olmaqla düzəliş edilməsi barədə qərar qəbul edilməsinim xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Ə.Haqverdiyev küçəsi 2c ünvanında yerləşən 308.3 kv.m-dən ibarət olan, dörd tərəfdən piyada yolu ilə əhatə olunan qeyriyaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Yasamal İcra Hakimiyyəti qeyri-qanuni olaraq 2 metr × 10.15 metr olan əmlakın arxası boyu un saxlama otağını və 7.1 m.× 17.75 metr olan yan xidmət otağını sökmüşdür. Hazırda əmlak xx.xx.2019-cu il **********№-li çıxarışa istinadən 168 kv.m-dən ibarətdir ki, onun 96.3 kv.m tikili altı, 72.3 kv.m açıq sökülmüş sahədən ibarətdir. Məhkəmə ekspert rəyinə istinadən əmlakın arxa hissəsində 48.6 kv.m mətbəx talvar kimi qeyd olunub ki, 308.3 kv.m-lik əmlakın çıxarış texniki pasportda göstərilməyən 48.6 kv.m mətbəxlə birgə tikili altı sahə 144.9 kv.m-dən ibarətdir, sökülmüş sahə isə 163.4 kv.m-dən ibarətdir ki, çıxarış texniki pasportda sökülmüş sahə 72.3 kv.m icarə sahəsi kimi göstərilmiş, 91.1 kv.m sahə isə göstərilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 5-21/2-1357/2024 nömrəli iddiaya yazılı münasibətində göstərmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış obyektinin tikinti-təmir işləri eləcədə konstuktiv dəyişikliklər edilməsinə dair icazə verilməmişdir. Eyni zamanda 2023-ci ilin aprel ayında həmin ünvanda yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış obyektinin arxa hissəsinin mətbəx sahəsinin çöl divarının üzlüyünün dəyişdirilməsinə dair onun müraciəti əsasında Cavabdeh icazə və nəzarəti ilə əmlakın sözü gedən hissəsinin üzlüyü V.İddiaçı tərəfindən dəyişdirilmiş,müvafiq qaydada standardlara uyğun kosmetik rənglənmə işləri aparılmışdır. Qeyri-yaşayış obyekti İddiaçı təqdim etdiyi icarə müqaviləsinə əsasən 2 (iki) il müddətinə X2 icarəyə verilmişdir. X1 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinin bayır hissəsində icazəsiz iaşə obyekti kimi istifadə etməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən rəsmi icazə almadığından qeyd olunan qurumun əməkdaşları tərəfindən öncə xəbərdarlıq edilmiş, daha sonraicarədarın fəaliyyətinin qanuna müvafiq rəsmiləşdirilməsi məqsədilə obyektinin bayır hissəsində icazəsiz iaşə obyektinin fəaliyyəti dayandırılmış və həmin qeyri-yaşayış obyekti sökülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilməlidir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır, lakin yuxarıda qeyd edilənlərə əsasən, iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanına yerləşən ümumi sahəsi 73.6 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində, həmin qeydi yaşayış sahəsinin yerləşdiyi 168.6 kv.metr torpaq sahəsi isə onun istifadəsindədir. Qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixli texniki pasportdan görünür ki, 2C ünvanında yerləşən daşınmaz əmlak üzrə xidməti binanın tikintialtı sahəsi 93.5 kv.metr, beton örtüklü sahə 72.3 kv.metr olmaqla, ərazinin ümumi torpaq sahəsi 168.6 kv.metr, qeyri yaşayış sahəsi 39.1 kv.metr əsas, 34.5 kv.metr köməkçi olmaqla, cəmi 73.6 kv.metr təşkil edir. İddiaçı hazırda həmin qeyri-yaşayış binasının ümumi sahəsinin 308.3 kv.metr olduğunu, cavabdeh tərəfindən həmin sahənin 163.4 kv.metr hissəsinin söküldüyünü bildirməklə, sökülmüş sahənin 308.3 kv.metrə çatdırılmaqla bərpa edilməsini xahiş edir. Lakin iş materialları ilə iddiaçının mülkiyyətində, yaxud qanuni istifadəsində olan qeyri-yaşayış binasının ümumi sahəsinin 308.3 kv.metr olması müəyyən edilmir. İddiaçı da bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı çıxarışda göstərilən 73.6 kv.metr sahənin hazırda mövcud olduğunu və sökülmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı bir hüququ olmayan sökülmüş sahənin bərpası ilə bağlı hazırkı iddianı qaldımağa subyektiv hüququ yoxdur. Çünki, sökülmüş tikilinin bərpa edilməsini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi daşınmaz əmlak üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ isə qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). Buna görə də göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı mübahisə predmeti ilə bağlı iddiaçı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. İddiaçı iddia ərizəsində həmçinin əmlakın sahəsinin 308.3 kv.metr olması ilə bağlı çıxarışa, daha doğrusu daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilməsini xahiş etsə də, reyestrdəki qeydlər və ona düzəlişlər, hazırkı cavabdeh tərəfindən deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarələri tərəfindən həyata keçirildiyindən bu tələb hazırkı cavabdehə qarşı yönələ bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-12837/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12837/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver