Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12838/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə qarşı «torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə qarşı «torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsinin yaxınlığında yerləşən, çirkab sular axıdılan xəndəyi əhatə edən sahə iddiaçılar tərəfidən qurudulmuş, bu işlərin görülməsi üçün həmin sahəyə xeyli miqdarda torpaq tökülərək yayılmışdır. Bu işlərin görülməsi üçün uzun müddət tələb olunmuşdur. Daha sonra həmin torpaq sahəsinin rəsmi olaraq iddiaçıların (ailələrinin) istifadəsinə verilməsi məqsədilə onlar Bakıxanov bələdiyyəsinə müraciət etmişlər. Lakin daha sonra naməlum səbəblərdən həmin torpaq sahəsi hüdudlarında ünvan 1 ünvanda yaşayan X1 adına sənədləşdirmə aparılmışdır. Bələdiyyənin bu hərəkəti qanunsuz olduğundan iddiaçılar çoxsaylı şikayətlər verildikdən sonra Bakıxanov bələdiyyəsinin iclasının qərarı ilə X2 ilə bələdiyyə arasında L.Məmmədbəyova küçəsində 300 kv.m torpaq sahəsinə 12 sentyabr 2006-cı il tarixdə bağlanılmış 187 savlı müqavilə ləğv edilmişdir. İddiaçılar hesab edirlər ki. çoxillik zəhmətləri nəticəsində qurudularaq yararlı vəziyyətə gətirdikləri torpaq sahəsi ədalətə söykənərək onların ailəsinə istifadəyə verilməlidir. Həmin sahənin ətrafında yüksək gərginlikli elektrik xətləri, su. kanalizasiya boru xətləri, qaz xətləri və sair kommunikasiya xətləri mövcud deyil. Ətrafda isə fərdi yaşayış evləri tikilmişdir. Bütün bu qeyd olunanları nəzərə alaraq iddiaçılar tərəfindən Bakıxanov bələdiyyəsinə müraciət olunaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində L.Məmmədbəyova küçəsinə yaxınlıqda yerləşən qurudularaq yararlı vəziyyətə salınmış torpaq sahəsinin qanunla nəzərdə tutulmuş qaydada iddiaçıların istifadəsinə verilməsinə dair müvafiq sərəncam verilməsi xahiş olunmuşdur. Həmin məktub poçt vasitəsilə göndərilmişdir. Lakin bələdiyyənin 06-27/tx saylı cavab məktubu formal olmaqla özündə heç bir məlumat əks etdirmir. Qeyd olunan faktları bir neçə şəxs təsdiq edə bilər. Həmin şəxslər aşağıdakılardır: X4, X5, X6, Mirzoyeva Tamilla. Göründüyü kimi, cavabdeh təşkilat bu məsələni həll etməkdən yayınır. İddiaçılar hesab edir ki, bu hal Azərbaycan Respublikası' Konstitusiyasının müdafiəsi altında olan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasının qanunlarının pozulması ilə müşahidə olunur. Belə ki, İPM-in 33.1-ci maddəsinə əsasən Məcburelmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlərə əsasən və İPM-in 8, 45-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən iddiaçıların abadlaşdırdıqları Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, L.Məmmədbəyova küçəsində yerləşən torpaq sahəsinin onların istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Bakıxanov bələdiyyəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət edə bilər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar və onların vəkili gəlmişlər, cavabdeh Bakıxanov bələdiyyəsinin nümayəndəsi gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia ərizəsində qeyd olunanları təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 nömrəli Fərmanına əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Sadalanan qanunvericilik aktlarının tələblərindən görünür ki, hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin müvafiq bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də yerli icra hakimiyyəti orqanından alınmış rəydir. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır. Həmin rəyin verilməsinin dayandırılması birmənalı olaraq müvafiq bələdiyyələr tərəfindən tərəfindən şəxslərə hazırda torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Qeyd olunanlar sonda belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsi tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-12838/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12838/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver