Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12838/2025 19.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, İİİ yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, İİİ yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, Bakı şəhəri Badamdar Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və Badamdar Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 08 saylı protokoluna əsasən özünün xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə uzun müddət abadlaşdırıb, daş hasara alındığı İİİ yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra tərəflərindən “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmiş, o, xx.xx.2006-cı il tarixdə 4992 manat məbləğində pul vəsaitini Badamdar Bələdiyyəsinin hesabına ödəmiş və ona 236033 saylı kassa mədaxil qəbzi verilmişdir. Qeyd edir ki, sözügedən sənədlərin etibarlılığı tərəfindən sorğu edilmiş və Səbail Bələdiyyəsinin 06-1151-M/2025 saylı məktubu ilə ona məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı və ona əsas olan sənədlər bələdiyyə tərəfindən təsdiq edilir. Belə ki, ona izah olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən sözügedən sərəncam hrə hansı səbəbə görə qüvvədən düşmüş hesab edilənədək hüquqi qüvvəsini saxlayır və hüquiq cəhətdən etibarlı sayılır. Eləcə də, həmin sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mövcuddur. Həmçinin nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində faktiki olaraq onun istifadəsindədir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin, sahəyə digər fiziki şəxsin (X3) müraciəti daxil olmuşdur. Bundan əlavə təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələr, perimetrik ölçülər qeyd olunmamışdır. O cümlədən, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə vizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 179 nömrəli sərəncamına əsasən Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 1200 k.m olan torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir.
9. Torpaq sahəsinin yerləşmə cizgisi, “Torpaqların alqı-satqısına dair” akt” və kassa mədaxil orderi iş materiallarına əlavə edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-M-0825-8/2025 **********66 nömrəli məktubla imtina edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-247/2015 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən İddiaçı adına Səbail rayonu Badamdar Bələdiyyəsinin 179 nömrəli, 08 sentyabr 2006-cı iltarixli qərarı və ona əsas olan sənədlər (ərizə, protokol, alqı-satqı aktı, ödəniş qəbzləri, sxem və çertyoj sənədləri və s.) bələdiyyənin arxiv məlumat bazasında aşkar edilməmişdir. Bu səbəbdən də, həmin qərarla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətlərinin göndərilməsi imkan xaricindədir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli, 2-48-2F/2-2219/2025 nömrəli məktubla Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 313/1 saylı qərarının və həmin qərara əlavə olunmuş sənədinin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 12 sentyabr 2025-ci il tarixli, 3-48-2F/2-2262/2025 nömrəli məktubla bildirilmişdir ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Səbail rayonu Badamdar Bələdiyyəsinə müraciət etməsi tövsiyə olunur.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 02 oktyabr 2025-ci il tarixli, 3-21-3-30/2-46021/2025 nömrəli məktubla mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq sənədlərin surətləri, müayinə aktının və ortofo görüntüsünün təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli, 07-147-06-562/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən sənədlərlə bağlı şikayət və ləğvi barədə Səbail Bələdiyyəsinə müraciət daxil olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.
2. Torpaq sahəsinə digər fiziki şəxsin (X3) müraciəti daxil olmuşdur.
3. Təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələr, perimetrik ölçülər qeyd olunmamışdır. O cümlədən, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə vizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.
23. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
25. İddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 179 nömrəli qərarına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürmüşdür.
26. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 179 nömrəli qərarı və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və həmin qərarla iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmənin sorğusuna əsasən Bələdiyyə tərəfindən təsdiq edilmişdir.
27. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
28. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən sözügedən torpaq ayrılma barədə qərarı mötəbər qiymətləndirir.
29. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri digər fiziki şəxslərin adına Badamdar Bələdiyyəsinin qərarlarına əsasən ayrılmışdır və həmin torpaq sahələri sözügedən şəxlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da, cavabdeh tərəfindən eyni mühim faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. O cümlədən, hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
30. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin cisgisində istinad, istinad məsafələrinin qeyd olunmaması da, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi uzun illərdir iddiaçının faktiki istifadəsindədir və mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan qərarın və həmin qərara əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Əlavə olaraq, sözügedən torpaq sahəsinə dair digər fiziki şəxsin - X1 da, müraciətinin daxil olması bildirilsə də, sözügedən torpaq sahəsinə dair həmin şəxsə məxsus hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş, bununla da, həmin şəxs tərəfindən iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə eynilik təşkil etməsi hazırki icraat zamanı müəyyən edilməmişdir. Belə olan təqdirdə, məhkəmə cavabdehin sözügedən dəlillərini əsassız qiymətləndirir.
31. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 179 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, İİİ yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva