Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12839/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X2 3-cü şəxs) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X4 Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən ayrılmış, ünvan 1də yerləşən 600 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən iddiaçıya fərdi ev tikintisi üçün ünvan 1də sahəsi 600 kv.m. olan torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin sərəncamdan da göründüyü kimi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.1996-cı il tarixli, 18/03-8/1626 saylı məktubla qeyd edilən sahədə fərdi ev tikintisi üçün razılıq vermişdir. Sözü gedən torpaq sahəsi üzərində iddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh imtina məktubunda bildirilmişdir ki, qeyd olunan sahə dövlət mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulan yolkənarı sahədir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdeh iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X2 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli müraciəti zamanı göstərilən ərazi elektron kadastr baza məlumatına əsasən ümumi istifadədə olmuş yaşıllıq ərazisində yerləşməsi müəyyən edilmişdir. Bu barədə iddiaçıya **********64 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Daha sonra iddiaçı tərəfindən digər müraciətləri zamanı göstərilən ərazi elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olan yol kənarı sahənin bir hissəsi olması müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə X1 müraciəti idarəyə daxil olmuşdur. Eyni zamanda bildirilir ki, iddiaçı tərəfindən idarəyə eyni sənəd əsaslarla fərqli ərazilərə dair müraciətlər qeydə alınmışdır. Məlumat üçün bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi bir tərəfdən su anbarının hasarı olmaqla dörd tərəfdən daş hasara alınmış digər 600 kv.m. sahə ilə bir hasar daxilində yerləşir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********29 saylı imtina məktubu ilə iddiaçıya etirazda göstərilənlər bildirilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 oktyabr 2023cü il tarixli, 3-48-2F/2-07081/2023 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarışına əsasən 2457-ci məhəllədə istifadəsiz qalmış torpaq sahəsində 600 kv.m. torpaq sahəsində İddiaçı fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 1875 saylı sərəncamına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində 600 kv. m. torpaq sahəsinin yerləşdiyi situasiya planı Bakı şəhəri Nizami RİHB aparatının böyükməsləhətçisi memar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən X3 X6 sədri Qurban Məmmədova göndərilmiş xx.xx.2020-ci il tarixli, 04/04-2/16258 nömrəli məktubu ilə bildirilmişdir ki, qeyd olunan ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətləri keçmir. - “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 163 nömrəli, 03 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 1875 saylı 16 dekabr 1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə ayrılmış ünvan 1də yerləşən ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsinin sənəd üzrə və faktiki vəziyyətdə yeri və koordinatları müəyyən edilərkən məlum oldu ki, bu koordinatlar naturaya uyğundur, torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Mütəxəssis rəyinə qoşma olaraq tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İddiaçının tələbi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1875 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır.
65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hazırki işin hallarından müəyyən olur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamına əsasən 2457-ci məhəllədə istifadəsiz qalmış torpaq sahəsində 600 kv.m. torpaq sahəsində İddiaçı fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi torpaq sahəsinin yerləşdiyi situasiya planı Bakı şəhəri Nizami RİHB aparatının böyük-məsləhətçisi memar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Cavabdehin imtinasının əsaslarına görə elektron kadastr məlumatlarına əsasən, şərti olaraq göstərdiyi sahə dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolkənarı ərazidir. Bundan əlavə, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarəyə eyni sənəd əsaslarla müxtəlif vaxtlarda fərqli ərazilərə dair müraciətlər qeydə alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlərin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla baglı cavabdehin digər dəlillərini əsaslı sayan məhkəmə qeyd edir ki, işdə olan torpaq sahəsinin “situasiya planı”ndan görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçı səlahiyyəti şəxs tərəfindən təsdiq edilmiş cizgini təqdim etməmiş, onun şərti göstərdiyi torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolkənarı ərazidir. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli torpaq sahəsinin verildiyi 16 dekabr 1996cı il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2497/2023 saylı xx.xx.2023-cü il tarixli iş üzrə hüquqi mövqeyinə görə torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin, eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət – 30 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin etməklə, qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmişlər. Hazırki iş üzrə iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən hüquqi yardım göstərilərək qanunvericilikdə torpaq sahəsinin yerquruluşu işlərinin aparılmasına hüququ olan orqan - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sərhədlərini yerə (naturaya) keçirilməsini göstərən yerləşmə sxeminin məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənəd məhkəməyə də təqdim edilməmişdir. Beləliklə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamı iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan orqan tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi barədə torpagın yerləşmə sxemini təqdim etmədiyindən, sadəcə torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 1875 nömrəli, 16 dekabr 1996-cı il tarixli sərəncamı) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək sənədlə müraciət etdiyindən (cavabdehə eyni sənəd əsaslarla müxtəlif vaxtlarda fərqli ərazilərə dair müraciətlərin qeydə alınması da buna dəlalət edir) cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva