Məhkəmə qərarları › İş №2-1(112)-12841/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12841/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12841/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasında müalicə və xüsusən cərrahi əməliyyatın olması məqsədi ilə həyati sağlamlığımın qorunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixdə № e-2-2(113)-7238/2024 saylı qətnaməsi üzrə onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasın ağır xəstəliklə əlaqədar götürülməsi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 2926,69 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu əsasdan Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixdə №-li e-2-2(113)-7238/2024 saylı Qətnaməsi ilə xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7,4 manat, İcbari Tibbi Sığorta Fonduna 1,34 manat, İşsizlikdən sığorta fonduna 0,37 manat, dövlət büdcəsinə 2917,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 2781,65 manat, faizlər üzrə 135,74 manat), İddiaçı (VÖEN:**********) İşsizlikdən sığorta fonduna 0,19 manat olmaqla, ümumilikdə 2926,69 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün, xx xxxxx 1959-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. 15 may 2025-ci il tarixdə (AVİS qeydiyyatı:xx.xx.2025-ci il tarixli **********672900 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi ərizə ilə müraciət edərək ağır xəstəliklə əlaqədar Türkiyə Respublikasına əməliiyat və müalicə olunmaq üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına qoyulan çıxışa qadağanı götürsünlər. Lakin Vergi İdarəsi 25 iyun 2025-ci il tarixli 3-21-2-8/2-R-3xx-xx/2025 saylı məktubla məhdudlaşdırmanın aradan qaldırılması üçün ancaq vergi borcu ödənildikdən sonra mümkündür. Məlumdur ki, AR Konstitusiyasında insan sağlamlığı və onun yaşamaq hüququ aydın şəkildə təsbit olunmuşdur. Lakin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin yazdığı imtina məktubundan görsənir ki,insan sağlamlığı onlar üçün önəmli deyildir. Lakin bilirəm ki, Dövlət büdcəsinə borcun ödənilməsi mütləqdir,lakin hal-hazırda onun ödəniləməsi üçün hal-hazırda indiki durumumda maliyyə vəziyyəti ağırdır. Hesab edir ki, sağlamlığında yaranmış ciddi probləmlər olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-875983/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yazılı etirazı onunla əsaslandırılmışdır ki, Lokal Gəlirlər Baş İdarəsi İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7,4 manat, İcbari Tibbi Sığorta Fonduna 1,34 manat, İşsizlikdən sığorta fonduna ,37 manat, dövlət büdcəsinə 2917,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 2781,65 manat, faizlər üzrə 135,74 manat), İddiaçı (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna ,19 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 2926,69 manat borcu vardır. Dövlət büdcəsinə hesablanmış 2926,69 manat borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixdə № e-2-2 (113)-7238/2024 saylı Qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin vergi borcu tam ödənilənədək iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır. Həmçinin MPMə əsasən, qətnamə qanuni qüvvəsi aldığından, iddiaçı tərəfindən şikayət verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, 2926,69 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC tərəfindən ödənilməmişdir. Hesab edirik ki, bu tip işlərdə məhkəmələrin presedent yaratması istinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6-

1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində qeyd olunur ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

Tərəflərin iştirakı və izahatları:

İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ.

İddianın növü və mümkünlüyü.

“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür.

FAKTİKİ HALLAR VƏ SÜBUTLAR

İş materiallarında olan:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-7238/2024 №-li Qətnaməsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7,4 manat, İcbari Tibbi Sığorta Fonduna 1,34 manat, İşsizlikdən sığorta fonduna 0,37 manat, dövlət büdcəsinə 2917,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 2781,65 manat, faizlər üzrə 135,74 manat), İddiaçı (VÖEN:**********) İşsizlikdən sığorta fonduna 0,19 manat olmaqla, ümumilikdə 2926,69 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün, xx xxxxx 1959-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

“Hüquqi şəxs haqqında məlumat (ümumi)”dən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri İddiaçıdur.

İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-8/2-R-3xx-xx/2025 №-li cavab məktubunda bildirilmişdir ki, “... ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar xx.xx.2025-ci il tarixə aradan qalxmamışdır. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd olunan əsaslarla məhdudiyyətin aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü və 24.1.2- 1-ci maddələri ilə tənzimlənir. Cəmiyyətin dövlət büdcəsinə (və ya müvafiq fondlara) xx.xx.2025-ci il tarixə borcu aşağıdakı kimidir: - Məcburi dövlət sosial sığorta haqları üzrə 7,40 manat faiz borcu; - işsizlikdən sığorta haqları üzrə 0,37 manat faiz borcu; - İcbari tibbi sığorta haqları üzrə 1,34 manat faiz borcu. Borcun dərhal ödənilməsi tələb olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.”

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Vergi Məcəlləsi.

Maddə 23.1 ... 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Maddə 24.1.1 ... 24.1.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ... 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi … Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi. ... Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ. ... 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. .... 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra – sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. ... 4.0.Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: ... 4.0.20. Vergi ödəyicilərinin vergi öhdəliklərinin, habelə sığorta haqları və nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarəsi üzrə öhdəliklərinin icrasının monitorinqini həyata keçirmək;

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli qərarı

MƏHKƏMƏNİN MÖVQEYİ

İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərar qəbul edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə müraciət etmiş, lakin sözügedən hüquqi şəxsin icra orqanının rəhbərinin (iddiaçının) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmadığına, yəni vergi borcun tam ödənilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən hüquqi şəxsin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. İstinad edilən həmin normanın müddəaları baxımından ölkədən getmək hüququna məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispozisiya şərtləri olmalıdır: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır; 2) həmin vergi borcu müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş olmalıdır; 3) hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. Başqa sözlə desək, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi Məcəlləsinin 24-cü maddəsində isə təsbit edilmişdir ki, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair dövlət reyestrində iddiaçının rəhbər şəxs kimi adı müəyyən edilmişdir. Bununla bağlı isə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Göstərilən bu hallar, bir daha ona dəlalət edir ki, hər nə qədər müəssisənin faktiki direktor və onun direktorluğu ilə bağlı müəssisənin qərarı qüvvədədir, İddiaçı "xxxx" MMCnin baş direktoru vəzifələrinin icrasını və qanuni təmsilçilik hüququna malik olan şəxs hesab olunur ki, bu səbəbdən müəssisə tərəfindən hesablanmış borc tam ödənilməsilə bağlı mübahisə həll edilmədən inzibati orqanın üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Beləliklə, məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçıdan tələb edilən borc MMCnin borcudur və iddiaçıya şəxsən hər hansı aidiyyəti yoxdur. Lakin, nə qədər ki, iddiaçı hüquqi şəxslərin reyestrində rəhbər vəzifəli şəxsdir, hüquqi şəxsin borcunun ödənilməsinin hüquqi şəxsin rəhbəri kimi ondan tələb edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni və əsaslıdır, vergi orqanının səlahiyyətləri çərçivəsində edilən hərəkətlərdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar