Məhkəmə qərarları › İş №2-1(112)-12844/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12844/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12844/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 qızının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının baş mütəxəssisi) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildən başlamış, müxtəlif peşələrdə çalışmış və hal-hazırda işləyir. Ümumilikdə 25 ildən çox stajı olmasına və bunun 12 il 6 aydan çox müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməyinə görə onun xx.xx.2020-ci il tarixdə (57 yaş) güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış və buna görə də pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla imtina edilmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, onun pensiya hüququ 60 yaşında xx.xx.2023-cü ildə yaranır. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız və qanunsuz olaraq imtina edilmişdir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə təyin olunur. İddiaçıya 57 yaşından təyin olunması üçün əsas şərt onun 25 ildən artıq sosial sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin 21.061993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarları ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən işlərdə işləməsidir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli, imtina məktubu ilə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına sahib olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş həmin sərtlər ödənilməlidir. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilir ki, filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 14 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildiririlir ki, İddiaçı H3 №4237452 nömrəli hərbi biletin surətinə əsasən, o hərbi xidmətə yararsız hesab edilmiş və hərbi xidmətdə olmamışdır. Belə olan halda İddiaçı münasibətdə Qanunun 9.1-ci maddəsində qeyd edilən şərtlər ödənilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cavabdeh DSMF-in Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 7, 9.8-ci maddələrinə istinad edilməklə 1 yanvar 2006-cı ilədək ümumi iş stajının 25 ildən az (24 il 11 ay 14 gün (xx.xx.1980xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. - “ASAN 2” tərəfindən verilmiş, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli SOCAR**********81200601A00012 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən indiyədək Heydər Əliyev adına X4 işləyir. xx.xx.1992-ci il tarixindən (işə qəbul barədə 8-12/123 saylı xx.xx.1992-ci il tarixli əmr) xx.xx.1993-cü ilədək 1 N-li dəstədə atıcı peşəsində işləmişdir. xx.xx.1993-cü il tarixindən (köçürülmə barədə 8-12/66 saylı xx.xx.1993-cü il tarixli əmr) indiyədək 7, 17, 11, 26 N-li sexlərin doldurma estakadasında, dəniz doldurma məntəqəsində, neft məhsullarının yüklənməsi üzrə dəniz məntəqəsində, neft məhsullarının yüklənməsi üzrə dəniz sahəsində, neft məhsullarının qəbulu və yüklənməsi üzrə xidmət sahəsində doldurucu - boşaldıcı, süzücü-tökücü (doldurucu) peşəsində işləyir. Qeyd: Arayışın 2-ci bəndində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, Qərar № 12 “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. - xx.xx.1980-cı il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı “Soyuzqazmaş” Bakı ehtiyat hissələri birləşdirici detalların istehsalı zavodunda xx.xx.1980-cı il tarixdə Qaz-nasos qurğusu frezerçisinin şagirdi təyin edilmiş, xx.xx.1980-ci il tarixdə 2-ci dərəcəli frezerçi dərəcəsi verilmiş, xx.xx.1981-ci il tarixdə mexanika sexinə 3-cü dərəcəli frezerçi keçirilmiş, 03.01.983-cü il tarixdə alətlər sahəsi sexinə 3-cü dərəcəli frezerçi keçirilmiş, xx.xx.1983-cü il tarixdə çilingər və montaj sexinə metal və konstruksiyaların yığılması üzrə 1-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1983-cü il tarixdə metal konstruksiyaların yığılması üzrə 2-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli çilingər dərəcəsi verilmiş, xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1985-ci il tarixdə “Bakıqazmaş” İB-nin Bakı ehtiyat hissələri və birləşdirici detalların istehsalı zavodunda çilingər və montaj sexinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.1986-cı il tarixdə oksigen balonları doldurucusu işinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdə Bakı Əlvan Metallar malı Zavodunun pres yayma sexində 2-ci kateqoriyalı mişar və dəzgahlarda kəsici peşəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə zavodun alət təsərrüfatı bürosuna 3cü dərəcəli nəqledici qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə zavodu maddi-texniki təminatı və satış şöbəsinə 3-cü dərəcəli nəqledici qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə alət təsərrüfatı bürosuna 3-cü dərəcəli nəqledici keçirilmiş, xx.xx.1089-cü il tarixdə xalq istehlakı mallarının istehsalı üzrə sexin alət sexinə 1-ci dərəcəli tornaçı qəbul edilmiş, xx.xx.1989-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdə inkişaf etmiş X1 ştamplayıcı keçirilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdə “Yupiter” kooperativinə santexnik işinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə “Azenerji” İB-nin Təmir- İstehsalat müəssisəsinə qazan və turbin avadanlıqları daimi sahəsinə qazan sexləri avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə qazan sexlərin avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər dərəcəsi təyin edilmiş, xx.xx.1992-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixdə Yeni Bakı neftqayırma zavoduna 1№-li dəstəyə atıcı qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə 7 №li sexin doldurma eskadasına 4-cü dərəcəli doldurucu-boşaldıcı keçirilmiş, xx.xx.1993cü il tarixdə 7 №li sex yenidən təşkili və təzə ştat cədvəlinə uyğun olaraq 17№li sexin doldurma eskadası 4-cü dərəcəli doldurucu-boşaldıcı adlandırılmış, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli 50№li sərəncamı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yeni Bakı Neftayırma zavodu “Azərneftyanacaq” İstehsalat Birliyi adlandırılmışdır. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı 57 yaşı tamam olduğu 31 may 2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 30 avqust 2022-ci il tarixli, **********4 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunmaqla təqdim etdiyi sənədlərdən ümumi iş stajının 25 ildən az təşkil etdiyi bildirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: - xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; - xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun həm xx.xx.2006-cı il tarixədək, həm də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə iddianın əsassız olması ilə bağlı qeyd edir ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə istinad etməklə xx.xx.2017-ci il tarixədək tələb olunan ümumi iş stajını yığmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, 24 il 11 ay 14 gün təşkil edir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının 24 il 11 ay 14 gün təşkil etdiyi, bununla da ümumi stajın ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 ildən az təşkil etdiyi müəyyən edildiyindən, onun 12 il 06 ay müddətində güzəştli iş stajına malik olub-olmamasının araşdırılmasına zərurət qalmamışdır. Beləliklə, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq 2006-cı ilin 1 yanvar tarixinədək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplamadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar