Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12849/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X3rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentybar 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən iddiaçıya verilmiş 57537 №-li bakalavr diplomuna əsasən, İddiaçı (bundan sonra - iddiaçı) həmin Universitetin Açıq Təhsil X1 və Təşviq bölməsindəki təhsilini xx.xx.2021-ci il tarixdə müvəffəqiyyətlə tamamlamışdır. İddiaçı ona verilmiş 57537 № li bakalavr diplomunun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İmtinanın əsas dəlili ondan ibarətdir ki, ərizəçinin təhsilalma forması üzrə təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma forması müəyyən edilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Türkiyə Respublikasının Atatürk Universitetinin 57537 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Təhsil Haqqında” Qanunda təhsilin distant (məsafədən) təhsil almaq forması nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarla imtina etmiş, iddiaçı iddia ərizəsini 8.08.2023-cü il tarixdə verərək iddia müddətini ötürməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Baxılan işdə işin mübahisələndirilməyən halıdır ki, iddiaçı Türkiyə Respublikası Atatürk Universitetinin Açıq Təhsil X2 və Təşviq bölməsindəki təhsilini xx.xx.2021-ci il tarixdə tamamlamış və ona 57537 №-li bakalavr diplomu verilmişdir. İddiaçı hazırkı tələbində həmin diplom üzrə ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınmasını xahiş edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma formasının olmamasına istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız, iddia tələbi əsaslıdır. Belə ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndinə tanınmaya dar ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Cavabdeh Qaydaların 4.1.5-ci bəndinə istinad edərək iddiaçının diplomu üzrə ixtsasının tanınmasından imtina edir. Həmin normada bakalavriat səyiyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması şərti təsbit edilmişdir. Bunun üçün məhkəmə ənənəvi təlim metodları anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən diplomun tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının təhsil aldığı Açıq təhsil (açık ögretim) təhsilalma formasına da aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, Açıq təhsil (“açık ögretim”) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsilin adıdır. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. İddiaçının təhsil aldığı Universitetin internet (web) səhifəsində əks olunmuş məlumatlarla müəyyən edilir ki, “bakalavr təhsil proqramını müvəffəqiyyətlə tamamlayan tələbələrin diplomalarında “X5 və ya X6” məzunu qeydi əks olunacaq və bu diplom digər bakalavr diplomalarının verdiyi bütün qanuni hüquqları təmin edəcəkdir. (https://ataaof.edu.tr//programlar/halkla-iliskiler-ve-tanitim-lisans). Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası formal əsasalara söykənir. Ona görə də, iddia təmin edilməlidir. İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı verilmiş Türkiyə Respublikasının Atatürk Universitetinin 57537 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12849/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12849/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver