Məhkəmə qərarları › İş №2-1(112)-1286/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1286/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1286/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarı ilə İddiaçı MMC kameral yoxlama nəticəsində əsassız olaraq vergi məbləği hesablanmışdır. Qeyd olunan qərar yanlış, və qanunsuz hesab edilməlidir. Belə ki, İddiaçı MMC-nin uzun müddətdir ki, fəaliyyəti dayandırılmışdır. Təsərrüfat fəaliyyəti yoxdur. Bununla əlaqədar bütün lazımi bəyannamə və hesabatlar təqdim edilmişdir. Müəssisə dəqiqləşdirilmiş hesabatları təqdim etmiş və bu hesabatlar üzrə yaranmış vergini də ödəmişdir. Lakin cavabdeh yanlış kameral yoxlama nəticəsində əsassız vergi hesablamışdır. Odur ki, qeyd olunan qərarlar, hesablanmış vergilər, həmçinin həmin qərar əsasında şəxsi hesab vərəqəsinə işlənmiş 34340,25 manat cəmi ödənilməli borc silinməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki. İddiaçı MMC tərəfindən 173545,39 manat məbləğində malların əldə edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş bəyannamələrdə idxal edilmiş malların ticarət əlavəsi tətbiq etməklə 36902,8 manat dövriyyə məbləğinin göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluğ ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********922000 nömrəli məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin oktyabr ayı üçün ƏDV üzrə 30843,30 manat əlavə vergi məbləği hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********810100 nömrəli qərar elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2018-ci il tarixdə oxunduğuna görə həmin tarixdən də vergi ödəyicisinə təqdim olunmuş sayılır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi “17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi saylı qərarın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1. –ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2.-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi Məcəlləsinin 70.2-1 maddəsinə uyğun olaraq, Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Mübahisələndirilən inzibati akt - xx.xx.2018-ci il tarixli **********810100 nömrəli qərar xx.xx.2018-ci il tarixdə vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmiş, xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən oxunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan iddia vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. Həmçinin, məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (xx.xx.2020-ci) işin gedişatı ilə maraqlanmamış, məhkəmənin müvafiq sorğularına cavab verməmişdir. İşin gedişatından göründüyü kimi iddiaçı məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İnzibati Prosessual Məcəlləsinin 46.2-ci maddəsinin tələblərini pozarağ, iddia ərizəsində öz hüquqi ünvanını düzgün göstərməmişdir. Beləki, İddiaçı MMC- nin ünvanı -ünvan 1m deyil, yəni müəssisənin Yasamal rayonun hansı küçəsində yerləşməsi, göstərilməmişdir. Məhkəmə tərəfindən 30 iyul 2020-ci il tarixli məktubu ilə, iddiaçı tərəfindən Məcəllə ilə müəyyən edilmiş müddət buraxıldığı halda, buraxılmış prosessual müdətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçının hüquqi ünvanı düzgün göstərilmədiyi üçün qeyd edilən məhktub poçt tərəfindən məhkəməyə geri qaytarılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “17 dekabr 2018-ci il tarixli, **********810100 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar