Məhkəmə qərarları › İş №2-1(112)-12863/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12863/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12863/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi”nə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və Məşğulluq” alt sisteminə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeydinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin yanvar ayında pensiya ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4nə müraciət edən zaman həmin orqandan bildirilmişdir ki, ƏƏSMN-nin X1 Sisteminin "Əmək və Məşğulluq" alt sisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi olması və həmin müqavilənin hazırda qüvvədə olduğu məlum olmuşdur. Bununla bağlı Xəzər rayon məhkəməsinə müraciət olunmuş və həmin məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə (iş N2 (003-1465/2025) qətnamə çıxarılış və qanuni qüvvəyə mindikdən sonra icraya göndərilmişdir. Xəzər rayon məhkəməsi iddiaçının iddiasını təmin edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşülmüş hesab edilməsini qət etmişdir. Lakin buna baxmayaraq X4 Xidməti tərəfindən müqavilənin xitam edilməsini "Əmək və Məşğulluq" alt sisteminə daxil etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin müvfiq qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddianın mümkünlüyünə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, oxşar hüquqi münasibətlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan mübahisələrdə, ilk növbədə işəgötürənə müraciət edilməli, bu mümkün olmadıqda isə mübahisə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələr tərəfindən həll olunmalıdır. Bu hüquqi mövqe, o cümlədən, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3323/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında da əksini tapmışdır. Məhkəmə razılaşır ki, işçi ilə işəgötürən arasında fərdi əmək münasibətlərindən (dövlət qulluğu, hərbi qulluq və xüsusi rütbəli xidmət münasibətləri istisna olmaqla) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə hallarda mübahisənin predmeti əmək hüquq münasibətinin yaranması, dəyişdirilməsi və ya xitamı ilə bağlı tərəflərin qarşılıqlı hüquq və vəzifələridir. Lakin hazırkı iş üzrə hüquqi vəziyyət mahiyyət etibarilə fərqlidir. Hazırkı mərhələdə iddiaçının mübahisəsi artıq işəgötürənlə mövcud əmək hüquq münasibətindən irəli gəlmir. İddiaçı ilkin olaraq işəgötürənə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış, həmin iddia təmin edilmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsi məhkəmə qətnaməsi ilə qüvvədən düşmüş hesab edilmişdir. Bununla da iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək mübahisə öz hüquqi həllini tapmış və həmin münasibətlər yekunlaşmışdır. Hazırkı mübahisə isə cavabdeh inzibati orqanın öz səlahiyyətləri çərçivəsində həyata keçirməli olduğu hərəkəti (əmək müqaviləsinə xitam verilməsi barədə qeydin müvafiq informasiya sistemində aparılması) icra etməkdən imtina etməsi ilə bağlıdır. Başqa sözlə, mübahisənin predmeti artıq əmək münasibəti deyil, inzibati orqanın hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində yaranmış publik-hüquqi münasibətdir. İddiaçının tələbi əmək müqaviləsinin xitamının yenidən müəyyən edilməsi deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi nəticənin dövlət informasiya sistemində rəsmiləşdirilməsidir. Bu isə bilavasitə inzibati orqanın səlahiyyət sferasına aid olan və inzibati icraat çərçivəsində həyata keçirilməli olan hüquqi məsələdir. Beləliklə, hazırkı iş üzrə mübahisə əmək hüququndan irəli gələn xüsusi hüquq mübahisəsi deyil, inzibati orqanın imtinası nəticəsində yaranmış publik-hüquqi mübahisə olduğundan, iddiaya baxılması inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1465/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. -Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 Xidmətinə ünvanlanmış həmin məktubda Bakı Şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-1465/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmüş hesab edilməsi qeyd olunmuş, bu səbəbdən də göstərilən icra sənədinin icrasını təmin edilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. -Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, icra vərəqəsində İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də, xitam əmrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi Xidmətə həvalə edilməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)- 1465/2025 nömrəli icra vərəqəsində xitam əmrinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi Xidmətə həvalə edildiyi təqdirdə icra vərəqəsinin icrasına qanunvericilik çərçivəsində baxılacaqdır. -Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixə olan vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Hüquqi şəxslərin dövlət reyestrinə əsasən Cəmiyyət yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti e-qeydiyyat ərizəsi əsasında xx.xx.2020-ci ildə dövlət qeydiyyatına alınmışdır və rəhbəri Nümayəndə2dur. Cəmiyyətin qeydiyyata alınması ilə əlaqədar təqdim edilmiş ərizədə qeyd edilmiş əlaqə məlumatları ********** və ********** nömrələridir. Hüquqi şəxslərin dövlət reyestrində Cəmiyyətin hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinin “k” bəndinə əsasən, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”ndan: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən: 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər; 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs; 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək; 7.1.3. elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi; 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Fərmanın 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəsidir. Qeyd edilən normativ hüquqi aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir, qarşıya qoyulan məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən və əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və həmin müqavilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində qüvvədə olan əmək müqaviləsi kimi qeydə alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, adı çəkilən hüquqi şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırmış və hazırda da faktiki fəaliyyət göstərmir. İddiaçı faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamasına baxmayaraq, adına aktiv əmək müqaviləsinin mövcudluğunun sosial təminat hüquqlarının həyata keçirilməsinə maneə yaratdığını əsas gətirərək mülki məhkəmə icraatı qaydasında müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1465/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmüş hesab edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflər arasında mövcud olmuş əmək hüquq münasibətlərinin davam etmədiyi müəyyən edilmiş və əmək müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, əmək müqaviləsinin qüvvədən düşməsi məhkəmə qaydasında müəyyən edildiyindən, həmin hüquqi nəticənin müvafiq dövlət informasiya sistemində əks etdirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aid məsələ deyil, onun üzərinə düşən imperativ xarakterli vəzifədir. Cavabdehin məhkəmə qətnaməsi ilə onun üzərinə konkret öhdəliyin qoyulmamasını əsas gətirərək iddiaçının müraciətinin təminindən imtina etməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Çünki məhkəmə aktı ilə hüquqi vəziyyət dəyişdirilmiş, əmək müqaviləsinin mövcudluğu aradan qaldırılmışdır. İnzibati orqan həmin faktı nəzərə almamaqla və müvafiq qeydiyyat hərəkətini həyata keçirməkdən imtina etməklə, faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrinin icrasını təmin etməmiş olur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və Məşğulluq” alt sisteminə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeydinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar