Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1287/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faktiki 1998-2006-cı illərdə işlədiyi 8 il müddətin əmək (sığorta), stajına əlavə edilməsi və 2017- 2020-ci illər ərzində əmək haqqına hesablanmış sosial sığorta məbləğinin nəzərə alınmaqla pensiyanın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya yaşı tamam olanda yaşa gərə əmək pensiyası təyini üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Belə ki, xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başladığından, pensiya yaşı çatmamışdan əvvəl 2006-cı ilə kimi artıq 25 ildən çox əmək stajı var idi. Ondan sonra da fasilələrlə işləmişdir. Uzun müddət araşdırmadan sonra cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından cavab almışdır. Cavabdehin ona ünvanladığı 21 dekabr 2020-ci il tarixli, 206332/4445 saylı cavab məktubunun məzmunundan aydın olmuşdur ki, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciəti müsbət həll edilməmişdir. Səbəbi də onunla izah edilmişdir ki, “xx.xx.2006-cı il tarixinədək sığorta stajı 19 il 9 ay, yəni 25 ildən az, həmçinin xx.xx.2018-ci il tarixədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır”. Əmək stajının 25 ildən az olması ilə bağlı hissənin əsası kimi “1998-2008-ci illər üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilmədiyinə istinad edilmişdir”. Bu səbəbdən də yəni “2006-cı ilədək 25 il əmək stajı tamamlanmadığından və 2006-cı ildən sonra sığorta hesablanmadığından əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı” bildirilmişdir. Cavabdehin qeyd edilənlərə görə haqlı olmadığının sübutu olaraq, əmək kitabçanın qeyd edilən illər üzrə çıxarışını əlavə edərək, yol verilmiş anlaşmazlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh haqlı olmadığı bəlli olduğu halda eyni məzmunla çıxış edərək, 30 aprel 2021-ci il tarixli, **********9 saylı imtina məktubunu ünvanına göndərmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtinası 27 may 2021-ci il tarixdə ona təqdim edilmişdir. Cavabdehin qeyd etdiyi dəlil müraciətinin təmin edilməməsi üçün tələb olunan işlədiyi illərin əmək stajında nəzərə alınmaması üçün qanuni əsas hesab edilə bilməz. Lakin cavabdehin bu yanlış mövqedən çıxış etməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsinə əngəl yaratmışdır. Belə ki, yaşa görə əmək pensiyası əmək stajına görə təyin edilir və bu stajın müddəti 25 ildən az olmamalıdır. Əmək stajının hesablanması, nəzərə alması səlahiyyəti (vəzifəsi) cavabdehə aid edilmişdir. Cavabdeh də qanuni tələbindən imtina etməklə törətdiyi pozuntunun aradan qaldırılması və işlədiyi müddətdə əldə etdiyi əmək stajının nəzərə alınması ilə bağlı hərəkətsizlikdə davam etməsi, qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən nəzərə alınmasından imtina edilən 1998-2008-ci illərlə bağlı qeyd edir ki, o, xx.xx.1997-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" 24 nömrəli TSMD-cə fasiləsiz işləmişdir. Bu danılmaz fakt olaraq adına qanunla tərtib edilmiş əmək kitabçasında öz əksini tapmışdır. Bu hal cavabdeh tərəfindən dolayısı ilə də olsa təsdiq edilmişdir. Belə ki, cavabdeh 1998-2008-ci illərdə iş stajının qeyd edilmədiyini (əslində nəzərə almadığını) göstərir. Halbuki, adıçəkilən təşkilatda xx.xx.1997-ci il tarixdən işə başlamışdır. Bu baxımdan cavabdeh həmin müəssisədə işlədiyi 1 ilini qəbul etmişdir. Göründüyü kimi cavabdeh eyni müəssisədə işlədiyi xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci ilə kimi olan müddəti qəbul edir, yerdə qalan 10 ilini isə qəbul etmir və bunun əsası kimi də hər hansı dəlilə istinad etməmişdir. Əslində həmin müddətin xx.xx.2006-cı il tarixə kimi olan 8 ili nəzərə alınmalı idi. İşçi olaraq iddiaçı öz əmək fəaliyyətinin rəsmiləşdirilməsinə nəzarəti ona verilən əmək kitabçasında aparılan qeydlərlə həyata keçirir. İddiaçı işçi olaraq öz əmək fəaliyyətinin rəsmiləşdirilməsinə nəzarəti ona verilən əmək kitabçasında aparılan qeydlərlə həyata keçirir. Bundan başqa 2006-cı ildən sonrakı müddətlərdə xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə kimi "xxxx" MMCdə işləmişdir. Bu illər ərzində əmək haqqı məbləğinə sosial sığorta hesablanmış və hər il üçün növbəti ildə ödənilmişdir. Bu barədə ona verilmiş sosial arayışı cavabdehə təqdim etmişdir. Lakin eyni qayda ilə cavabdeh bəhanə gətirərək, bu illəri də nəzərə almamışdır. Bu baxımdan da qeyd olunan 1998-2006-cı illərin əmək stajına daxil edilməsi və həmçinin 2017-2020-ci illərdə əmək haqqına heablanmış sosial sığotra məbləğini nəzərə almaq məsələsini mübahisələndirməkdə cavabdeh haqlı olmamışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə üzərinə vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı 02 mart 2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının əmək kitabçasında qeyd olunmuş 1998-2008-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmədiyi üçün nəzərə alınmamış və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən filiala təqdim edilmiş ******* №-li əmək kitabçasında 2008-ci ildə "xxxx" 24 №-iı TSMD-də isdən azad edilməsi barədə heç bir qeyd olmadığı halda, əmək kitabçasının məhkəməyə təqdim edilmiş surətində xx.xx.2008-ci ildə 78 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə isdən azad edilməsi barədə qeydlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.4-cü bəndinə əsasən əmək kitabçasında isə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında isdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının işdən azad edilməsi barədə qeydlər əmək kitabçasına sonradan əlavə edilməklə yanaşı, qüvvədə olan qanunvericiliyə deyil, Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsaslanmış və müəssisənin möhürü ilə təsdiqlənməmişdir ki, göstərilən hallar qeydin mötəbərliyinə əsaslı şübhə yaradır. İddiaçı əmək kitabçasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işləməsi göstərilsə də 2019-2020-ci illərdə cəmi 3 ay üzrə müəssisə tərəfindən iddiaçının adına məcburi dövlət sosial sığorta haqqı ödənişləri həyata keçirilmişdir. Odur ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1976-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 Təhsili Komitəsinin xx.xx.1974-cü il tarixli, 197 nömrəli attestatına əsasən İddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə 18 nömrəli Bakı şəhər texniki peşə məktəbində təhsil almışdır. İş materiallarına əlavə edilmiş AT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Sovxoza usta qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə matros şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Güzdək Tikinti materialları kombinatına 3-cü dərəcə ütüləyici qəbul edilmiş, xx.xx.1985-ci ildə azad edilmişdir. xx.xx.1985-ci ildə 3-cü dərəcə sürücü qəbul olmuş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 4-cü dərəcə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə AZTUR Liftmontaj BMU İstehsalat Bazasına dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə "xxxx" 24 nömrəli TSMD-yə 5-ci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1998-ci ildə "xxxx" 24 nömrəli TSMD "xxxx" X4 Cəmiyyətinin Bakı 3 saylı “Aqrartikinti” filialı adlandırılmışdır. xx.xx.2008-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə "xxxx" MMCnin fəhlə peşəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 17/275 nömrəli məktubu ilə "xxxx" 24 №-li TSMD-də (hazırkı "xxxx" ASC) dülgər işləmiş İddiaçı haqqında 24 №-li TSMD-nin arxivində aşkar edilmiş sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. Həmin məktubla təqdim edilmiş: - Əmrlər kitabından çıxarışa əsasən İddiaçı Razamazan oğlu xx.xx.1997-ci ildə 5ci dərəcəli dülgər işinə qəbul edilmişdir. - Əmək haqqı cədvəllərindən görünür ki, "xxxx" Bakı 3 saylı ATF-in İddiaçı əmək haqqının ödənilməsi ilə bağlı 2001-ci ilin aprel, iyun, iyul, avqust, sentyabr, 2002-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr, 2003-cü ilin yanvar, fevral, mart, iyun, iyul, avqust, 2004-cü ilin yanvar, mart, aprel ayları üzrə əmək haqları ödənilmişdir. - "xxxx" ATSC-nin Bakı 3 saylı Aqrartikinti filialının möhürü və rəisinin imzası ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 78 nömrəli əmri ilə İddiaçı xx.xx.2008-ci il tarixində tutduğu dülgər vəzifəsindən azad olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə sığortaolunan İddiaçı (SSN: **********897) 1 yanvar 2006-cı il tarixdən sonra xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmiş, həmin məlumatlarda 2017-ci il üçün hesablanmış sosial sığorta haqları 2019-2020-ci illərdə, 2018-ci il üçün hesablanmış sosial sığorta haqları 2020-ci ildə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1977-ci il tarixiridə tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasının, H3 № ******* saylı hərbi biletin və № 197 əyani təhsil haqqında attestatın surətinə əsasən sizin xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 19 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, sizin ərizənizdə göstərdiyiniz 1998-2008-ci illər üzrə əmək fəaliyyətiniz əmək kitabçanızda qeyd edilməmişdir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimun məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi cövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 14 il olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (14 il) sığorta kapitalınız 10378,20 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün 1 saylı Bakı “DOST” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (18421,80 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.2006cı ilədək sığorta stajının 25 ildən az, yəni 19 il 09 ay olduğunu, xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində kapital olmadığını, 1998-2008-ci illər üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, diplom, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1974-xx.xx.1976-cı ilədək 02 il 06 gün hərbi xidmət dövrü, xx.xx.1973-xx.xx.1974cü ilədək 10 ay 18 gün təhsil dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1977-xx.xx.1978-ci ilədək 11 ay 10 gün, xx.xx.1979-xx.xx.1979-cu ilədək 04 ay 28 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək 01 il 10 ay 04 gün, xx.xx.1982-xx.xx.1982-ci ilədək 07 ay 27 gün, xx.xx.1982xx.xx.1985-ci ilədək 02 il 03 ay 26 gün, xx.xx.1985-xx.xx.1985-ci ilədək 07 ay 23 gün, xx.xx.1985-xx.xx.1993-cü ilədək 07 il 02 ay 28 gün, xx.xx.1993-xx.xx.1994-cü ilədək 11 ay 14 gün, xx.xx.1994-xx.xx.1995-ci ilədək 09 ay 11 gün, xx.xx.1997-xx.xx.2008-ci ilədək 11 il 05 ay 20 gün, xx.xx.2017-xx.xx.2020-ci ilədək 02 il 07 ay 12 gün təşkil edir. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi iddiaçıya aid 1998-2008-ci illər əmək fəaliyyətinin əmək kitabçasında qeyd edilməməsi və həmin dövrün sığorta stajına hesablanmaması ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, ilk növbədə iddiaçının "xxxx" 24 nömrəli TSMD-də xx.xx.1997-ci ildə 12 nömrəli əmrlə işə qəbul edilməsi həm əmək kitabçasındakı qeydlər, həm də bu barədə iş yerindən işə qəbul edilməsi ilə bağlı əldə edilmiş əmrlər kitabından çıxarışla sübut olunur. Eyni zamanda iddiaçının Bakı 3 saylı ATF-dən xx.xx.2008-ci il tarixdə 78 nömrəli əmrlə işdən azad edilməsi əmək kitabçasındakı qeyd, eləcə də həmin əmrin məhkəməyə təqdim edilmiş səlahiyyətli şəxsin imza və müəssisənin möhürü ilə təsdiqlənmiş surəti ilə təsdiq olunur. Qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövr üzrə əmək haqqı hesablaşmaları ilə bağlı işəgötürən tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmişdir. Əmək haqqı cədvəlləri tam sayda deyil (sonuncu əmək haqqı cədvəli 2004-cü ilin aprel ayı üçün verilmişdir) bir qismi məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının "xxxx" 24 nömrəli TSMD-də işləməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun yuxarıda qeyd edilən normalarına əsasən pensiya təyinatı üçün xx.xx.2006-cı ildən sonra məcburi dövlət sosial sığorta haqları ödənildiyi dövr ümumi sığorta stajına hesablanmalıdır. İddiaçı xx.xx.2008ci ildə işdən azad edilmiş, bu zaman ən azından məcburi dövlət sığorta ödəmələrinin ödənilməsi tələb olunduğu xx.xx.2006-cı ildən başlayaraq İddiaçı fərdi hesabında da xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları olmalıydı. Lakin fərdi uçot sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı üçün xx.xx.2006-xx.xx.2008-ci il tarixədək sığorta ödəmələri olmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən sonrakı qeyd edilən əmək fəaliyyəti dövrü sığorta ödəmələri ilə öz təsdiqini tapmadığından məhkəmə iddiaçıya iş stajı hesablanarkən xx.xx.2006-xx.xx.2008-ci il tarixədək olan dövrü iş stajına daxil etmir. Bununla yanaşı məhkəmə pensiya təyini üçün yuxarıda da qeyd edildiyi kimi xx.xx.2006-cı il tarixədək ümumi iş stajının hesablanarkən sığorta ödəmələrinin ödənildiyi dövrə görə deyil, vətəndaşın ümumi iş stajına daxil edilən əmək fəaliyyəti dövrlərinin ümumi məcmusu ilə müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisələndirilən "xxxx" 3 saylı ATF-də xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrü onun iş stajına bütövükdə hesablanmalıdır. Bu halda xx.xx.1997-xx.xx.2006-cı il tarixədək stajı 08 il 09 ay 29 gün müəyyən olunur. Hətta iddiaçının xx.xx.2006-cı il tarixədək olan dövr üzrə yalnız əmək haqqı aldığı dövlər ümumi iş stajında nəzərə alındıqda belə (ən azından əmək haqqı cədvəllərinə əsasən əmək haqqı aldığı xx.xx.1997-ci il tarixdən sonuncu dəfə əmək haqqı verildiyi aprel 2004-cü il tarixi də daxil olmaqla iş stajı 07 il 01 ay 29 gün) tələb olunan ümumi iş stajının 25 il olmaqla pensiya təyinatına əsas verdiyi müəyyən olunur. Beləliklə, iddiaçının təhsil dövrü, hərbi xidmət, əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixədək hesabladıqda 27 il 06 ay 14 gün, əmək haqqı cədvəllərinə uyğun hesabladıqda isə sonuncu əmək haqqı ödənildiyi xx.xx.2004-cü il tarixədək ümumilikdə 25 il 10 ay 14 gün ümumi iş stajı mövcud olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1287/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1287/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver