Məhkəmə qərarları › İş №2-1(112)-12874/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12874/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12874/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon Məhkəməsinin 1(012)-396/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzasının ümumi cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmış, hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-164/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 1 (012)- 396/2023 saylı xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 4000 (dörd min) manat cərimə cəzası ilə əvəz edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbs olunduğu 5 (beş) ay 15 (on beş) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzasının saxlanılması, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından azad edilməsi... qərara alınmışdır. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinə müraciət edərək, cəzaçəkmədən azad edildiyini və hal-hazırda tibbi və sosial yardıma ehtiyacı olduğundan ona minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin hesablanıb ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – cavabdeh) 3-17-1/2-H-105875/2023 saylı, 12 may 2023-cü il tarixli “sosial müavinətin təyin olunmasından imtina edilməsi” haqqında məktubu ilə, iddiaçının penitensiar müəssisədə cəza çəkməyi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü olmadığından, ona həmin müavinətin verilməsindən imtina etmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətin hesablanması və ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən də, göründüyü kimi, ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsinin sözügedən qərarından da, görünür ki, o 5 (beş) ay 15 (on beş) gün müddət ərzində ümumi cəzaçəkmə müəssisəsində cəza çəkib. Beləliklə, hökmün qanuni qüvvəyə minməməsi, ümumi cəzaçəkmə müəssəsində, 5 ay 15 gün cəza çəkməyi halını dəyişmir. Hər bir halda o, azadlıqdan məhrum edilib və həmin müddət ərzində cəzaçəkmə müəssəsində olub. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2023-cü il tarixli, 29 nömrəli, B formalı arayışının surətinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1000 manat cərimə ilə əvəz edilmiş və həbsdən azad edilmişdir. Cərimə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növüdür. Göründüyü kimi iddiaçı ona təmin edilməsini xahiş etdiyi müavinətin xüsusi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Belə ki, adından aydın olduğu kimi Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya məsələlərini tənzimləyir. İddiaçının penitensiar müəssisədə cəza çəkməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Bu səbəbdən də Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçıya törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.04.2023-cü il tarixli qərarı ilə iddiaçının barəsində olan hökm dəyişdirilmiş, azadlıqdan məhrumetmə cəzası cərimə cəzası ilə əvəz edilmişdir. İddiaçı həm ibtidai araşdırma müddətində (şübhəli şəxs qismində tutulduğu müddət), həm işinə məhkəmədə baxılması dövründə ümumilikdə 5 ay 17 gün müddətində həbsdə olmuşdur. İddiaçı həmin hala istinad edərək birdəfəlik müavinət ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının azadlıqdan məhrumetmə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslıdır. Belə ki, tələbin qanuni əsasını “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsi təşkil edir. Həmin normaya görə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına... birdəfəlik müavinət ödənilir. Qanunun dispozitiv şərtlərinin mövcud olması üçün iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması lazımdır. 1-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər dedikdə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər başa düşülür. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Göründüyü kimi, iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinət alması üçün onun penitensiar müəssisədə müəyyən müddətdə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs kimi cəza çəkməsi lazımdır. İddiaçı birinci instansiya məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, iddiaçı həmin hökmdən apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin hökmü ilə onun cəzası azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cərimə cəzasına dəyişdirilmişdir. İddiaçı həbsdə saxlanıldığı 5 ay 17 günü azadlıqdan məhrumetmə cəzası kimi qiymətləndirir ki, məhkəmə bunu əsaslı hesab etmir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.04.2023-cü il tarixli qərarının nəticə hissəsindən müəyyən edilir ki, iddiaçı həmin müddətdə cəzaçəkmə müəssisəsində deyil, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.40-cı maddəsinə əsasən həbs - qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Həmin Məcəllənin 7.0.38-1-ci maddəsinə görə, həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanalarıdır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Sadalanan normalardan göründüyü kimi, iddiaçı cəzaçəkmə müəssisəsində deyil, istintaq təcridxanasında olduğundan, göstərilən müddət onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs kimi sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində birdəfəlik müavinət alması kimi qiymətləndirilə bilməz. İddiaçının barəsində olan azadlıqdan məhrumetmə cəzası ilə bağlı Abşeron Rayon Məhkəməsinin qərarı qanuni qüvvəsini almamış, onun cəzası azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya dəyişdirilmişdir. Belə ki CPM-in: 7.0.11. apellyasiya instansiyası məhkəməsi - bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir; 72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır... Göründüyü kimi, apellyasiya şikayəti yalnız birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Qanunun 3.1-ci maddəsində göstərilən 1-ci dispozisiya şərti ödənilmir. Məhkəmə 2-ci şərtlə bağlı qeyd qeyd edir ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. iddiaçı isə ümumiyyətlə penitensiar müəssisədə cəza çəkmədiyindən onun sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar