Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1288/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 495,75 kv. metr olmaqla torpaq sahəsinin faktiki vəziyyətdə onun adına hüquqi qeydiyyata alınması, çıxarışların və texniki pasportların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 30/363 reyestr nömrəli, 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna əsasən ona məxsusdur. Fərdi yaşayış evinin, 1970-ci ildə tikilməsi, 446,8 kvadrat metr torpaq sahəsindən və 190,7 kvadrat metr tikililərdən ibarət olduğu texniki pasportda öz əksini tapır. Lakin texniki pasport tərtib olunan zaman torpaq sahəsi düzgün ölçülməmiş, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin 495,7 kvadrat metrdən ibarət olmasına baxmayaraq, torpaq sahəsi 48,95 (495.75-446,8=48,95) kvadrat metr əskik olmaqla 446,8 kvadrat metr kimi göstərilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2-1 18/1998 saylı 08 yanvar 1998-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nəsimi rayonu, yerləşən fərdi yaşayış evinə yaşayış hüququ tanınmışdır. Artıq 23 (iyirmi üç) ildir ki fərdi yaşayış evində o, və ailə üzvləri daimi pasport qeydiyyatında olmaqla yaşayırlar. Lakin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə əsasən, sahiblik etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 495,75 kv. metr torpaq sahəsinin hüquqi qeydiyyatı alınması, çıxarışların və texniki pasportların verilməsinə dair, cavabdeh inzibati orqana rəsmi müraciətlər etmişdir. Lakin ona **********97 saylı 10 iyun 2021-ci il tarixli imtina məktubu verilərək, müraciətinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı münasibəti (etiraz) 07.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan-DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********38 №-li 04.08.2021-ci il tarixli etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********97 qeydiyyat nömrəli 10.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə heç bir məlumt verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 izahatında iddianı qəbul etmədiyini bildirərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.01.1998-ci il tarixdə qanuni qüvvəsini almış 2-118/1998 saylı iş üzrə çıxarılmış 08.01.1998-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan qətnamə İddiaçı iddiası təmin olunaraq, onun ünvan 1 ünvanına yaşayış (istifadə) hüquqlarının tanınması və sonuncunun həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasının daxili işlər orqanlarına tapşırılması qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iddiaçı izahatında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə 1989-cu ildən yaşadığını göstərmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 25.01.2022-ci il tarixli **********59 №li məktubunda qeyd olunmuşdur ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 10 saylı evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 10 saylı evə dair 19.03.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportun və texniki pasportun verilməsinə əsas olmuş məhkəməyə təqdim olunmuş: - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinə ünvanlanmış 02.03.1998-ci il tarixli 1/352 saylı məktubunda qeyd olunmuşdur ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı X1 döngəsi 10 saylı özbaşına tikilmiş evdə yaşaya vətəndaş X3 evinin texniki pasportunun olmaması barədə müraciət etmişdir. Həmin özbaşına tikilmiş evn texniki pasportunun olmamasını nəzərə alıb evə texniki pasport verilməsi xahiş olunmuşdur; - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 mart 1998-ci il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evi”nin 30/363 reyestr №li texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 10 saylı evin yerləşdiyi torpaq sahəsi 446,8 kv. metr, tikinti altı sahə 190,77 kv. metr, mənzilin sayı-1; yaşayış otaqlarının sayı 4; ümumi sahəsi 47,60 kv. metr, yaşayış sahəsi 35,60 kv. metr, köməkçi sahə 12,0 kv. metr təşkil edir. - Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 10 saylı evə dair 19.03.1998-ci il tarixdə tərtib olunmuş 30/363 №li “Ev sahibliyinin qiymət kartoçkası”ndan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 10 saylı ev 1970-ci ildə inşa edilmişdir. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinə dair “X6” MMC (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyat iidarəsi tərəfindən verilmiş çıxarışa əsasən 27.07.2017-ci il tarixdə hüquqi şəxs kimi (VÖEN **********) dövlət qeydiyyatına alınmışdır) tərəfindən tərtib olunmuş 10 fevral 2022-ci il tarixli CEG-22/040 №li mütəxəssis rəyindən müəyyən olunur ki, mütəxəssislər tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki; - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vizual görünüşünə görə 1970-ci illərin tikililərinə uyğundur və 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna əsasən 1970-ci ilin tikilisidir. - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahəsi 190,7 kv. metr təşkil edir və 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən ölçülərə uyğundur. - Mütəxəssislər tərəfindən yerində aparılmış ölçü işləri nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki torpaq sahəsi 495,75 kv. metr təşkil edir lakin, 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda 446, 8 kv. metr göstərilmişdir. Vizual baxış zamanı görünür ki, fərdi yaşayış evində heç bir rekonstruksiya işləri aparılmamışdır və bunu nəzərə alaraq mütəxəssilər belə nəticəyə gəlmişlər ki, texniki pasport tərtib olunan zaman torpaq sahəsi düzgün ölçülməmişdir. - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tikildiyi ildən heç bir dəyişiklik aparılmadığından qonşulara və yolun hərəkət hissəsinə heç bir maneçilik törətmir. İddiaçı hazırkı tələblə bağlı 25.05.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********97 №li 10.06.2021-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci bəndində əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından və mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahəsi 190,7 kv. metr təşkil edir və həmin evin ölçüləri 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda göstərilən ölçülərə uyğundur. Fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi 495,75 kv. metr təşkil edir lakin, 19 mart 1998-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunda səhvən 446,8 kv. metr kimi göstərilmişdir. Fərdi yaşayış evində heç bir rekonstruksiya işləri aparılmamışdır ki, bu hal da texniki pasportun tərtib olunması zamanı torpaq sahəsinin düzgün ölçülmədiyi nəticəsinə gəlmək üçün əsas verir. İddiaçının hazırki tələbindən müəyyən olunur ki, o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, qanuni istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 495,75 kv. metr torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmaqla, vahid çıxarışın və texniki pasportun verilməsini tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 mart 1998-ci il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evi”nin 30/363 reyestr №li texniki pasportuna əsasən İddiaçı məxsus fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi, faktiki sahəsi 495,75 kv. metr olan torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 mart 1998-ci il tarixdə tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evi”nin 30/363 reyestr №li texniki pasportuna əsasən İddiaçı məxsus fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi, faktiki sahəsi 495,75 kv. metr olan torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən vahid çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1288/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1288/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver