Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12881/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək psixi xəstəliyi üzrə iddiaçıya F07.0 və F07.8 “baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları, depresiyya” diaqnozu üzrə baş beyin funksiyasının pozulması nəzərə alınaraq xx.xx.2024-cü ildə tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989-cı ildə anadan olmuş və 2007-2009cu ildə əsgəri xidmətdə olmuşdur. İddiaçının ailə üzvlərində psixi xəstəlikləri olmamışdır. İlk dəfə 2018-ci ildə fəhlə işləyərkən yıxılmış, kəllə-beyin travması almış, hüşunu itirmişdir və baş beynində küt ağrılar olmuşdur, sonradan isə psixi pozuntular müşahidə olunmasına baxmayaraq, o zaman buna əhəmiyət verməmişdir. Ev şəraitində müalicələr almışdır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman o və qardaşı eyni vaxtda əsgərliyə çağırılmışdır. Sonradan onun yaxın qohumu Qarabağ döyüşlərində şəhid olmuş və iddiaçı həmin hadisədən çox qorxmuşdur və psixoloji sarsıntılar yaşadığından onu əsgərlikdən geri qaytarmışlar, lakin qardaşı əsgəri xidmətini döyüş bölgələrində davam etdirmişdir. O zaman döyüşlərdə çox saylı şəhidlər olmuş və qardaşı da döyüş zonasında olduğundan iddiaçının psixoloji gərginliyi çoxalmış və getdikcən psixi pozuntuları kənardan müşahidə olunan hallara çevrilmşdir. Qeyd edir ki, ailəlidir və 3 övladı var və kiçik övladı 2 yaşındadır. Onun xəstəliyinin geniş yayılmaması üçün ilkin olaraq onun yaxınları psixi uçotuna götürülməməsi şərti ilə onu həkimlərin müayinələri və məsləhətləri əsasında sərbəst müalicə etdirsələr də nəticəsi olmamışdır. xx.xx.2018-ci idən xx.xx.2018-ci ildə , xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi, xx.xx.2020- ci ildən xx.xx.2020-ci ilə kimi, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi Qazax Rayon Xəstəxanasında “Üzvi mənşli şəxsiyyət pozuntusu, Yüngül koqnitiv pozuntusu -F07.0, F07.08, F06.7” diaqnozu üzrə müalicə almışdır. Ona görə də xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, xx.xx.2024xx.xx.2024-cü ilə kimi, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi AR SN 2 №li RPX-da müalicə almışdır. Diaqnoz: kobud üzvi mənşəli davranış pozuntusu. İlkin müalicəsinin nəticəsi olmadığı üçün sonradan təkrar olaraq həmin xəstəxanada müalicə almağa məcbur olmuşdur. Diaqnoz: baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları, depresiya” F 070, F 078. Ona yaşdığı ərazi üzrə Poliklinika tərəfindən forma 88 göndərişlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyinə müraciət edərək ona təyin olunmuş əlilliyinin müəyyən edilməsini xahiş etmişdir, lakin cavabdeh xx.xx.2024-cü ildə ona əlillik təyin edilməsindən imtina etmiş və bildirmişdir. xx.xx.2024-cü il tarixində X4 Beyinin MRT müayinəsində olmuşdur. Müayinəyə əsasən “ Kortikal sulcus və girusların dərinliyi və genişliyi alm-təpə və əsasən bilateral gicgah paylarında artmışdır-kortikal atrofik lehinə dəyərləndirilməlidir. Hipofiz vəzi likvor təziqi nəticəsində Türk yəhəri dibinə doğru sıxdmış və zərif aypara şəklini almışdır- intrakranial hipertenziya leyihinə Təkrar olaraq yaşdığı ərazi üzrə Poliklinika tərəfindən forma 88 göndərişlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona təyin olunmuş əlilliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2024-cü ildə ona əlillik təyin edilməsindən imtina etmiş və bildirmişdir ki, lakin buna baxmayaraq müalicə həkimin yazdığı resept üzrə bu vaxta kimi müalicə dərmanları qəbul edirdi. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi Şəxsində həkim - X5 tərəfindən müayinə olunmuş və onun xəstəliyi T.E.D. X3 məruzə edilib. Diaqnoz: Üzvi mənşəli (baş beyinin üzvi xəstəliyi) şəxsiyyət pozuntusu, kobud davranış depressiv əlamətlər, koqnitiv funksiyaların enməsi ilə F 07,8 MMSE-19 - 11788/24 saylı 2 saylı KPX -nin epikrizinə əsasən. Ona yaşdığı ərazi üzrə Poliklinika tərəfindən xx.xx.2025-ci ildə forma 88 göndərişlə Azərbaycan Respublikasmn Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona təyin olunmuş əlilliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh ona əlillik təyin edilməsindən imtina etmiş və bildirmişdir ki, “Şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə həmin ağırlaşmalar altı aylıq müayinə və və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndərişlə rəsmiləşdirilə bilər.” Cavabdeh Tibbi Sosial Ekspert Komissiyasının imtinası əsasızdır. Nəzərə alınmalıdır ki, hər il bir neçə dəfə müvafiq xəstəxanalarda uzun müddət müalicə almağına baxmayaraq, onun mübtəla olduğu xəstəlikdən qurtara bilməmişdir. Əgər xəstəliyinin mövcud olması faktları onu müayinə edən xəstəxanaların professorları və mütəxəssisləri tərəfindən təsdiq edildiyi halda, cavabdehin əlillik təyin etməməsi tamamilə qanusuzdur.
3. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmaması – səbəb: anamnezdə qeyd edilmiş stresə qarşı reaksiyasının baş-beyin üzvi xəstəliyinə səbəb olmasını patofizoloji mümkün deyil. Həm anamnestik məlumatlar, həm də instrumental müayinə nəticələri psixiatrik pozuntulara gətirib çıxaran spesifik struktur və lokalizasiyalı “baş beyin üzvi xəstəliyi”ni təsdiqlənmir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
7. İddia tələbi iddiaçının psixi xəstəliyi üzrə xx.xx.2024-cü ildə tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
8. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; - 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
9. Hazırkı iddia məcburetməyə dair iddiadır.
10. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
15. Məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti Bakı 2 nömrəli X1 xx.xx.2024-ci il tarixli göndərişi əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmadığından əlillik təyin edilməsindən imtina olunmuşdur.
16. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını mübahisələndirməmişdir.
17. Göründüyü kimi iddiaçıya əlilliyin verilməsindən xx.xx.2024-cü il tarixdə imtina edilmiş, inzibati aktdan qanunvericiliklə müəyyən olunmuş müddətdə (6 ay müddətində) şikayət verilməmiş və qeyd olunan müddətdə iddiaçı tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına müəyinədə olmamış, nəticədə xəstəliyi barədə yeni göndəriş tərtib edilməmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilmişdir.
18. İddiaçı əlilliyinin qiymətləndirildiyi tarixdən 6 aydan çox müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
19. Yeni göndəriş mövcud olmadığı təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin qiymətləndirilməsi mümkün deyildir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifə cavabdehin üzərinə qoyula bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.
21. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva