Məhkəmə qərarları › İş №2-1(112)-12884/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12884/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12884/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qadağanın ləğv edilməsi və zərərin ödənilməsi tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun işğaldan azad olunmuş ərazilərə girişinə qoyulmuş qadağanın ləğv edilməsinə və cavabdehdən ona dəymiş mənəvi zərər 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilməsi və cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyət məsələsinə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın ərazi aidiyyəti məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı onun işğaldan azad olunmuş ərazilərə girişinə qoyulmuş qadağanın ləğv edilməsini, cavabdehdən ona dəymiş mənəvi zərərin 200000 (iki yüz min) manat dəyərində qiymətləndirilməsi və cavabdeh tərəfindən ödənilməsini tələb edir və həmin tələb Cavabdehnə qarşı yönəldilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ünvanı Xankəndi şəhəri, Azərbaycan prospekti olduğundan və onun səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyindən, hazırkı işin aidiyyət məsələsi İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə uyğun olaraq həll edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdehnə münasibətdə ərazi aidiyyəti məsələsi həmin şöbənin yerləşdiyi yer üzrə müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Xankəndi şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olmadığından və Xankəndi şəhəri, Azərbaycan prospekti ünvanında yerləşdiyindən hazırkı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in Məcəllənin 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı qadağanın ləğv edilməsi və zərərin ödənilməsi tələbinə dair 2-1(112)-12884/2025 nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar