Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12885/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızının cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi rayonu, mədən 3, korpus 124 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçılar İddiaçı1, yoldaşı İddiaçı2, övladları İddiaçı3 və İddiaçı4 1993-cü ildən 2018-ci ilin may ayınadək ünvan 3 ünvanında yaşamışdırlar. 2018-ci il tarixində mülkiyyətində olan sözügedən mənzili satıb, Binəqədi rayonu, mədən 3, korpus 124 ünvanında yerləşən torpaq sahəsini alaraq, hazırda yaşadıqları evi tikmişdir. Yeni evə köçdüyü zaman qeydiyyata alınmaq üçün torpağın alqı-satqısına, torpaq üzərində evin tikilməsi və yaşanılmasına dair, bir sözlə, yaşayış yerinə qeydiyyata düşməyə əsas verən sənədlərlə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, sözügedən qurum evin kupçasının (çıxarışının) olmamasını əsas gətirərək imtina etmişdir. Lakin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməsinə əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. Həmin qanunun qeydiyyata almanın məhdudlaşdırılması əsaslarına dair 4-cü maddəsinə görə sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. Qanundan da göründüyü kimi tikilmiş ev yaşayış üçün əlverişlidirsə, orada yaşamaq və qeydiyyata alınmaq üçün qanunla nəzərdə tutulmuş sənədlər mövcuddursa qeydiyyata almaqdan imtina edilməsi qanuna zidd və əsassızdır. Bugünədək digər mənzildən qeydiyyatdan çıxarılmadığına və bəzi ailəvi problemlər olduğuna görə məsələnin həlli ilə üçün məhkəməyə müraciət edə bilməmişdir. İndi isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2848/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərarı ilə əvvəlki qeydiyyat ünvanından çıxarılırlar. Məlumdur ki, qeydiyyatı olmayan vətəndaşlar müəyyən çətinliklər və məhdudiyyətlərlə üzləşirlər. Beleki, etibarnamə verə bilmir, alqı-satqı edə bilmir, notarial əməliyyatlar apara bilmir, şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola bilmir, nikaha xitam verə bilmir. Yəni, şəxsiyyət vəsiqəsi qüvvədə olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə bağlı heç bir əməliyyatı həyata keçirə bilmir.
3. Cavabdehin nüməyəndəsi məhkəmənin mümkünlük iclasında iştirak etmir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
8. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (Binəqədi rayonu, mədən 3, korpus 124 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması) ilə bağlı cavabdeh orqana yazılı müraciəti olmamışdır.
9. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (Binəqədi rayonu, mədən 3, korpus 124 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı) əvvəlcə aidiyyəti inzibati orqana (Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə məhkəməyə şikayət verilməsi mümkündür.
10. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva