Məhkəmə qərarları › İş №2-1(112)-1289/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1289/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1289/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X32, cavabdehin nümayəndəsi X20 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın (çıxarışın) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X26 məxsus ünvan 1 ünvanında yerləşən və şəxsi mülkiyyət hüququ əsasında anasına məxsus olan 20 kv.m sahədən ibarət bir otaq və 12 kv.m sahədən ibarət mətbəxi olan mənzilə dair hüquqmüəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X48 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən sahəsi 20 kvm.-dən ibarət bir otaq və sahəsi 12 kvm.-dən ibarət mətbəx üzərində mülkiyyət hüququnun X26 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 10 saylı notariat kontorunda 11.01.1968-ci il tarixdə dayısı X16 ilə anası X33 arasında 318 reyestr nömrəsi ilə təsdiq edılmış bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasn X16 ünvan 3 ünvanda yerləşən və şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan 20 kvm. sahədən ibarət bir otaq və 12 kvm. sahədən ibarət mətbəxi olan mənzili X26 bağışlamışdır. 18.11.2016-cı il tarixli sorğuya cavab məktubundan Bakı şəhəri, Bül-bül qəsəbəsi, Ə.Əsgərov küçəsi, 15 saylı fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin idarənin arxivində aşkar edilmiş texniki pasportunda göstərilən faktiki sahəsi: A tikilisi 132,5 kv.m; B tikilisi 292 kv.m, torpaq sahəsi 981,4 kv.m təşkil edir. X16 ünvan 4 ünvanda yerləşən və şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan 20 kv.m sahədən ibarət bir otaq və 12 kv.m sahədən ibarət mətbəxi olan mənzili anası X26 bağışlamışdır. Lakin cavabdeh 11.04.2019-cu il tarixli məktubunda bildirmişdir ki, Ə.Əsgərov küçəsi 15 ünvanı qeydiyyata alınmış, lakin anasının adına özgəninkiləşdirilməsi barədə sənəd əlavə edilməmişdir. 30 ildən artıqdır ki, həmin mənzildə yaşayırlar. Cavabdehin sonuncu dəfə 02.06.2021-ci il tarixli məktubundan məlum olur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 11-ci maddəsinin tələblərinin pozulmasını iddia edərək üzərinə düşən vəzifəni icra etməkdən boyun qaçırır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, qeyd olunan fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Həmçinin, iddiaçının müraciət etdiyi daşınmaz əmlak Bülbülə qəsəbəsi, Əli Əsgərov küçəsi 15 ünvanda yerləşən digər şəxslərin (X34, X30, X27, X40) adına qeydiyyatdan keçən fərdi yaşayış evinin daxilində yerləşir. Bununla bağlı iddiaçı X5 **********99 nömrəli, 14.12.2020-ci il tarixli məktub ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X48 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X35 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Orcanikidze rayon VVAQ Bürosu tərəfindən verilmiş 11 dekabr 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası X33 olan X14 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Orcanikidze rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 30 avqust 1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X14 arasında 30.08.1986-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İskəndərov, arvada İskəndərova familiyası verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 6 ünvanlanmış 06.04.2022-ci il tarixli, X-159 nömrəli məktubdan görünür ki, icraatlarında olan vərəsəlik işi ilə əlaqədar 06.05.1982-ci ildə vəfat etmiş X21 vərəsəsi qızı İddiaçıdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 04.10.2021-ci il tarixli, 05/01-4664/11 №-li məktuba əlavə olunmuş 10 saylı dövlət notariat ofisində 11 yanvar 1968-ci il tarixdə, 318 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Zeyba Baba qızı ilə Hüseynağa Şaban oğlu arasında bağlanmış 21.12.1962-cı il tarixli müqaviləyə əsasən Zeyba Baba qızı mülkiyyətində olan 6 otaqdan, 120 kvm. yaşayış sahəsindən ibarət olan, 300 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, Bülbül qəsəbəsi, Lenun küçəsi, ev 15 ünvanındakı fərdi yaşayış evinin 1/6 hissəsini, 200 rubl qarşılığında Hüseynağa Şaban oğluna satmışdır. Bakı şəhəri, Orconikidze rayonu, Bül- Bülə qəsəbə zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən Orconikidze rayon Notariat Kontoruna ünvanlanmış 01.01.1968-ci il tarixli, 631 №-li arayışına əsasən Bülbülə qəsəbəsi, Lenin küçəsi 15a vətəndaş X8 mülkiyyətindədir və 20 kvm. 1 otaqdan, 12 kvm. mətbəxdən ibarətdir. X16 ilə X33 arasında 11.01.1968-ci il tarixdə bağlanmış evin bağışlanmasına dair müqaviləyə əsasən X16 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 20 kvm.-də ibarət olan 1 otağı və 12 kvm.-dən ibarət olan mətbəxi bacısı X26 bağışlamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 15.10.2021-ci il tarixli, **********15 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, 15 saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Orconikidze rayonu, Bül-Bülə qəsəbə zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin 27.01.1968-ci il tarixli qərarına əsasən Zeybə Baba qızı 1900-cu ildə inşa edilmiş, 7 yaşayış otağından, 138 kvm. sahədən ibarət olan Lenin küçəsi 15 ünvanındakı evin mülkiyyətçisi kimi hüquqları qeydə alınmışdır. 16.01.1975-ci il tarixli evin 1/2 hissəsinin bağışlanmasına dair müqaviləyə əsasən Zeyba Baba qızı mülkiyyətində olan Bakı şəhəri, Bülbülə qəsəbəsi, Lenin küçəsi, 15 nömrəli evin 981,4 kvm.-dən ibarət torpaq sahəsində yerləşən 138,2 kvm. iki yaşayış otağından, 166,7 kvm. iki köməkçi otaqdan ibarət yaşayış evinin 1/2 hissəsini qızı X6 bağışlamışdır. 03 dekabr 1987-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14 mart 1987-ci ildə vəfat etmiş Zeyba Baba qızının 28.11.1986-ci il tarixli vəsiyyətinə əsasən Bakı şəhəri, Bülbül qəsəbəsi, Lenin küçəsində, 981,4 kvm. torpaq sahəsində yerləşən 15 nömrəli evin 1/2 hissəsi üzərində qızları Gülcənnət Əliabbas qızının, X9, X15 bərabər paylar üzrə mülkiyyət hüquqları tanınmışdır. 14.05.1993-cü il tarixli bağışlama müqaviləsinə görə X50 Bakı şəhər Texniki İnventar Bürosunun 30.386 №-li arayışına və 30.12.1987-ci ildə, 03 №-li kitabın 376-cı səhifəsindən verilən qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Bülbülə qəsəbəsi, Lenin küçəsi, ev 15 ünvanında 981,4 kv.m torpaq sahəsində yerləşən iki otaqlı yaşayış sahəsi 55 kv.m, qeyri-yaşayış sahəsi 33,2 kv.m, zirzəmi 30,5 kv.m-dən ibarət yaşayış sahəsini X17 bağışlamışdır. 19.06.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 19.06.1998-ci ildə vəfat etmiş X12 vərəsəsi onun oğlu – X28 Bakı şəhəri, Bülbülə qəsəbəsi, Lenin küçəsi, ev 15 ünvanında yerləşən yaşayış sahəsinin 1/2 hissəsinin 1/6 hissəsi üzrə vərəsəlik hüquqları əldə etmişdir. 17.12.2002-ci il tarixli, 164988 №-li müqaviləyə əsasən X10 Bakı şəhəri TİB-nun 3 №-li reyestr kitabının 376-cı səh-də, 26.02.1975-ci ildə verilmiş qeydiyyat vəs-nə və 30/2961№-li forma 1 üzrə arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Bülbülə qəsəbəsi, Lenin küçəsi, ev 15-də yerləşən, 981,40 kvm. torpaq sahəsində yerləşən y/s 138,30 kvm., köm.s. 185,90 kvm., ü/s 338,30 kvm. olan 7 (yeddi) otaqdan ibarət şəxsi mülkinin 1/2 və yaxud 3/6 hissəsini X1. 28.09.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 04.06.1996-cı ildə vəfat etmiş X15 vərəsəsi X36, miras qalan əmlak isə Bakı şəhəri, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, ev 15-də yerləşən y/s 138,2 kvm. olan, k/s 185,9 kvm. olan paylı mülkdən 1/6 hissəsdir. 03.02.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X36 ona məxsus olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25.01.2007-ci il tarixdə verilmiş 11/1651 nömrəli arayışa əsasən torpaq sahəsi 0,09814 hektar olan, ümumi sahəsi 324,10 kvm., o cünlədən yaşayış sahəsi 138,20 kvm., köməkçi sahəsi 185,90 kvm. olan və Bakı şəhəri, Bül-bülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, ev 15-də yerləşən yeddi otaqlı şəxsi yaşayış evinin 1/6 hissəsini X3. 16.08.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X42 ona məxsus olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25.01.2007-ci il tarixdə verilmiş 11/1651 nömrəli arayışa əsasən torpaq sahəsi 0,09814 hektar olan, ümumi sahəsi 324,10 kvm., o cümlədən yaşayış sahəsi 138,20 kvm., köməkçi sahəsi 185,90 kvm. olan və Bakı şəhəri, Bül-bülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, ev 15-də yerləşən yeddi otaqlı şəxsi yaşayış evinin 1/6 hissəsini X2. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 26.07.2021-ci il tarixli, **********39 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, 15 a saylı fərdi yaşayış ecinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 14.12.2020-ci il tarixli **********99 saylı məktubdan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə baxılmışdır. Qeyd olunan fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 06.05.1982-ci ildə ölmüş X18 vərəsəsidir. 21.12.1962-cı il tarixdə Zeyba Baba mülkiyyətində olan 6 otaqdan, 120 kvm. yaşayış sahəsindən ibarət olan, 300 kvm. torpaq sahəsində yerləşən Bakı şəhəri, Bülbül qəsəbəsi, Lenun küçəsi, ev 15 ünvanındakı fərdi yaşayış evinin 1/6 hissəsini 200 rubl qarşılığında Hüseynağa Şaban oğluna satmış, bundan sonra 11.01.1968-ci il tarixdə X16 ilə X33 arasında bağışlama müqaviləsi bağlanmış, həmin müqavilənin tələblərinə əsasən X16 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən sahəsi 20 kv.m olan 1 otaqdan və sahəsi 12 kvm. olan mətbəxdən ibarət daşınmaz əmlakı bacısı X26 bağışlamışdır. Mübahisəli daşınmaz əmlak həmin vaxtdan iddiaçının anasının istifadəsində olmuşdur. İddiaçı həmin evə dair mərhum anasının hüquqlarının tanınaraq müvafiq arayışın verilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması səbəbi ilə təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat, həmçinin həmin yaşayış sahəsinin 1/6 hissəsinin Hüseynağa Şaban oğluna satılması və bundan sonra X26 bağışlanmasını təsdiq edən sənədlər cavabdeh inzibati orqanın arxivində aşkar edilməsə də 21.12.1962-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi və 11 yanvar 1968-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi ilə bağlı rəsmi məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində saxlanılan notariat işində mövcuddur. Məhkəmə qeyd edir ki, ümumiyyətlə bu sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı əldə olunmuş iddiaçının mərhum anası və onun qardaşı ilə aralarında bağlanmış bağışlama müqaviləsinə dair notariat işinin mötəbərliyi şübhə doğurmur. Belə ki, həmin X16 ilə X33 arasında 11.01.1968-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə dair notariat işi aidiyyəti olara bu səlahiyyətə malik orqanda (Dövlət Notariat Arxivində) saxlanılmışdır. Məhkəmə təqdim olunmuş həmin sənədlərin mötəbərliyini şübhə altına almır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Şəxsin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 46, 47 və 48-ci bəndləri). Məhkəmə diqqətə çatdırır ki, 21.12.1962-ci il tarixdə alq-satqı müqaviləsi bağlanan zaman Zeyba Baba qızının mülkiyyətində 300 kvm. torpaq sahəsində yerləşən, 120 kvm. yaşayış sahəsindən və 6 otaqdan ibarət Bakı şəhəri, Bülbül qəsəbəsi, Lenun küçəsi, ev 15 ünvanındakı fərdi yaşayış evi olmuş və o həmin evin 1/6 hissəsini, yəni 20 kvm.-dən yaşayış sahəsini və 12 kvm-dən ibarət mətbəx sahəsini Hüseynağa Şaban oğluna satmışdır. Hüseynağa Şaban oğlunun Zeyba Baba qızından aldığı daşınmaz əmlak ünvan 10 ünvanı kimi qeydə alınmışdır. X16 da mülkiyyətində olan həmin əmlakı bacısı, hazırki iş üzrə iddiaçının anası Rübabə Hüseynova bağışlamışdır. Bundan sonra Zeyba Baba qızının mülkiyyətində olan daşınmaz əmlakın digər hissələri ilə bağlı ayrı-ayrılıqda da mülki əqdlər bağlanmış, həmin əqdlər bağlanan zaman, həmçinin vərəsəliklə bağlı şəhadətnamələr verilən zaman ünvan 1 ünvanında yerləşən, Zeyba Baba qızı tərəfindən satılmış yaşayış sahəsinin 1/6 hissəsi istisna olaraq digər hissələr göstərilmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, göründüyü kimi mərhumun mübahisə predmetini təşkil edən yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqları yaranmışdır. Təbii ki, bu hüquq yaranmasının əsası kimi bağışlama müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya köhnə mülkiyyətçidən (qardaşından) keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan əvəz almadan imtina edərək onun X4 ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci və 666.2-ci maddələrinin müddəalarına nəzər yetirdikdə görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Göründüyü kimi bağışlama müqaviləsi elə bir hüquqi əqdir ki hədiyyə verən əşya üzərində mülkiyyət hüququnu itirir, hədiyyə alan isə mülkiyyət hüququ qazanır. Bu zaman hədiyyə verən əmlakı qarşılıqlı əvəz almadan hədiyyə alanın mülkiyyətinə verir. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçının mərhum anası yaşayış sahəsini əldə etməzdən əvvəl həmin yaşayış sahəsi onun qardaşının mülkiyyətində olmuşdur ki, o həmin mülkiyyət hüquqlarını qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlayaraq əldə etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövrlərdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 20 kvm.-dən ibarət bir otaq və sahəsi 12 kvm.-dən ibarət mətbəx üzərində iddiaçının mərhum anası X33 qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. İşin faktiki hallarına görə isə X33 həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almadan 06.05.1982-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X21 mülkiyyətçi kimi hüquqları vəfatına qədər müvafiq qaydada qeydə alınmadığından hazırki iddiaçı X11 əmlakın mərhuma məxsus olmasına dair arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən 20 kvm. sahədən ibarət bir otaq və 12 kvm. sahədən ibarəti olan mətbəx üzərində mülkiyyət hüququnun vəfat etmiş X26 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 20 kvm. sahədən ibarət bir otaq və 12 kvm. sahədən ibarəti olan mətbəx üzərində mülkiyyət hüququnun vəfat etmiş X26 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar