Məhkəmə qərarları › İş №2-1(112)-1289/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1289/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1289/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçılar İddiaçı və X4 iştirakları ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanında yerləşən 11 nömrəli bağ sahəsinin mərhum X18ma məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş №2- 1(112)-1289/2024). İddiaçı tələbi bununla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar təsərüfatının inkişafı və istismarı birliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Sərəncamının 825 saylı protokolu əsasında X15 arasında “Bağın icarəyə verilməsi haqqında” 29 dekabr 2001-ci il tarixli, 6602 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0,12 hektarlıq bağ sahəsini, sahəsi 12,6 kv.m olan 1 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün İcarədara verir və icarədar həmin bağ sahəsini təhvil alır. Müqavilə hər iki tərəfin imzası və Bakı şəhəri İcra Hakimiyyəti Bağlar təsərüfatının inkişafı və istismarı birliyinin möhürü ilə təsdiq edilmişdir. İddiaçının nənəsi X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. 027290 saylı tədiyyə (vergi) bildirişindən görünür ki, nənəsi vəfat etdikdən sonra da, yəni 2018-2022-ci illər üçün 336 (üç yüz otuz altı) manat əmlak vergisi, 2018-2022-ci illər üçün 50,40 (əlli manat qırx qəpik) manat torpaq vergisi ödənilmişdir. İddiaçı Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət edilərək, nənəsi X5 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi 11 yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisi 16 dekabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək miras əmlak üzərində (Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 11) miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsini verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin məktuba heç bir münasibət bildirilməmişdir. Sonra, onun tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lakin ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)1047/2013 nömrəli, 11 aprel 2013-cü il tarixli Qətnaməsinə əsasən X3 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış 12 yanvar 2005-ci il tarixli, 2137 saylı müqavilə ləğv edilmiş, X1 rayonu, Vişnyovka-1 ərazisində yerləşən 11 saylı bağ sahəsinin istifadəçisi hesab olunmuşdur. Həmçinin Sabunçu rayonu Məhkəməsinin 8(008)-948/2013 nömrəli 21 iyun 2013-cü il tarixli qərardadına əsasən bağ sahəsinin ölçüsü 0.12 ha müəyyən edilmişdir və 03 iyul 2014-cü il tarixdə bağ sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda X2 mülkiyyətindədir. İddiaçı X10 xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 Bağ Massivində yerləşən 11 saylı torpaq sahəsinin dövət reyestrində adına qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş №2-1(112)-2039/2024). İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 Bağ Massivində yerləşən 11 saylı torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “11” saylı torpaq sahəsi vardır. Bu barədə “Bağın icarayə verilməsi haqqında 6602 saylı müqavilədə vardır. Buna görə də o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 Bağ Massivində yerləşən “11" saylı torpaq sahəni özəlləşdirmək istəyir. Bu məqsədlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya yazılı etirazını təqdim etmiş və göstərmişdir ki, İdarənin arxiv əsaslarında X15 ilə bağlanmış xx.xx.2001-ci tarixli, 6602 saylı bağın icarəyə verilməsi haqqında müqavilə mövcuddur. Lakin iddiaçının mərhum X8 vərəsəsi olması ilə bağlı vərəsələrin dairəsini müəyyənləşdirən notariat ofisinin məktubu təqdim edilməmişdir. Mərhumun vərəsəsi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka- 1 ünvanında yerləşən 11 nömrəli bağ sahəsinin mərhum X11 məxsus olması barədə arayış verilməsi tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-10347/2023 saylı məhkəmə mübahisəsi mövcuddur. Eyni zamanda bildiririk ki, “11” nömrəli torpaq sahəsi Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1047/2013 nömrəli, 11 aprel 2013-cü il tarixli Qətnaməsi əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları 4Ə-779 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda sonuncunun mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2039/2024 nömrəli (iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1289/2024 nömrəli (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair) inzibati işə birləşdirilmiş, 2-1(112)-2039/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-1289/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar tələblərini müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçlar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahəsinin, tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 6602 nömrəli, xx.xx.1963-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhər Soveti İK-nin X21 Vişnyovka qəsəbəsində 0.12 ha sahəsi olan 673a saylı bağ sahəsini icarədar X12 istifadəsinə vermişdir. - X12 xx.xx.1969-cu il tarixli ərizəsindən görünür ki, o, X17 müraciət edərək, 6602 saylı müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. - Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 6602 nömrəli, xx.xx.1969-cu il tarixli müqavilədən görünür ki, X21 Vişnyovka qəsəbəsində 0.12 ha sahəsi olan 673a/11 saylı bağ sahəsini və 1 otadan ibarət binanı xx.xx.1979-cu il tarixədək X12 istifadəsinə vermişdir. - - Bağın icarəyə verilməsi haqqında 6602 nömrəli, xx.xx.1993-cü il tarixli müqavilədən görünür ki, Bağlar təsərrüfatının inkişaf və istismar birliyi Vişnyovka qəsəbəsində 0.12 ha sahəsi olan 673a-11 saylı bağ sahəsinin X12 icarəsinə verilməsi müddəti xx.xx.1999-cu il tarixədək uzadılmışdır. - X12 xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, o, Bağlar təsərrüfatının inkişaf və istismar birliyinə müraciət edərək, 6602 saylı müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. - Bağın icarəyə verilməsi haqqında 6602 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, Bağlar təsərrüfatının inkişaf və istismar birliyi Vişnyovka qəsəbəsində 0.12 ha sahəsi olan 11 saylı bağ sahəsini, sahəsi 12.6 kv.m olan 1 otaqdan ibarət bağ evinə X12 istifadə hüququnun müddətini xx.xx.2009-cu il tarixədək uzatmışdır. - X9 Bağlar təsərrüfatının inkişaf və istismar birliyinə ünvanlanmış xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, o 11 nömrəli (673a) bağın icarədarı olan atası X12 rəhmətə getməsi ilə bağlı bağa yaxşı baxmağa imkanı olmadığını bildirərək, Albalılıq qəsəbəsində yerləşən 11 nömrəli (673a) bağı ailə dostu X11 bağışladığını bildirmiş və bağın onun adına keçirilməsini xahiş etmişdir. - X8 Bağlar təsərrüfatının inkişaf və istismar birliyinə ünvanlanmış xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, o 11 nömrəli bağın onun adına keçirilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçmrilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X3 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 70 №-li protokolundan görünür ki, «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 № li sərəncamına əsasən: 1.Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.28.Vişnyovkadakı 11 №-li bağ - X15. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 825 №-li sərəncamından görünür ki, «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X3 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 70 №-li protokolu təsdiq edilmişdir. - Bağın icarəyə verilməsi haqqında 6602 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, Bağlar təsərrüfatının inkişaf və istismar birliyi Vişnyovka qəsəbəsində 0.12 ha sahəsi olan 11 saylı bağ sahəsini, sahəsi 12.6 kv.m olan 1 otaqdan ibarət bağ evini icarədar X8 icarəsinə vermişdir. - ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli 915 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2009-cu il tarixdə vəfat etmiş nənəsi X5 qalmış miras əmlaka (Bakı şəh, Sabunçufray, Vişnyovka bağ sahəsi 11 yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X8 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsi xahiş edilmişdir. İddiaçılar hazırda bu sənədlərə istinadən 11 saylı bağ sahəsinə vəfat etmiş nənələri X8 mülkiyyət hüququnun yarandığını iddia edərək, həmin bağ sahəsinə mülkiyyət hüququnun Əzizə Aslanovaya məxsus olması barədə arayış verilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçılar bu sənədlərdən nənəsinə bağ sahəsinin ayrılması ilə bağlı sərəncamı və müqaviləni təqdim etmişlər. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 11 saylı bağ sahəsinin iddiaçıların nənəsi Ə.Aslanovaya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Cavabdeh də bu halı mübahisələndirmir. İş materiallarından görünür ki, cavabdeh iddiaçıların müraciətini təmin etməkdən imtina edərkən “11” nömrəli torpaq sahəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5937/15 nömrəli Qərarı əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etmişdir. Cavabdeh iddiaya etirazından isə bildirmişdir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)1047/2013 nömrəli, 11 aprel 2013-cü il tarixli Qətnaməsinə əsasən X3 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış 12 yanvar 2005-ci il tarixli, 2137 saylı müqavilə ləğv edilmiş, X1 rayonu, Vişnyovka-1 ərazisində yerləşən 11 saylı bağ sahəsinin istifadəçisi hesab olunmuşdur. Həmçinin Sabunçu rayonu Məhkəməsinin 8(008)-948/2013 nömrəli 21 iyun 2013-cü il tarixli qərardadına əsasən bağ sahəsinin ölçüsü 0.12 ha müəyyən edilmişdir və 03 iyul 2014-cü il tarixdə bağ sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda X2 mülkiyyətindədir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 11 saylı bağ sahəsi X2 xüsusi mülkiyyətindədir. Lakin işin matriallarından müəyyən olunur ki, hazırda iddiaçıların Ə.Aslanovaya məxsus olduğunu iddia etdikləri 11 saylı bağ sahəsi (əvvəlki nömrəsi 673a) ilə X2 mülkiyyətində olan 11 saylı bağ sahəsinin yanlız nömrələri eynidir, torpaq sahəsi kimi naturada fərqli ərazidə yerləşirlər. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsinin sərhədlərinin bir tərəfi metal tor, üç tərəfi isə mişar daş ilə hasarlanmışdır. Faktiki sahəsi 1558.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeyd olunan özəl sahə ilə üst-üstə düşmür. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən idarənin arxiv məlumatlarında mövcud olan **********67 reyestr nömrəsi ilə X2 adına qeydiyyatdan keçmiş Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi, 11 saylı bağ sahəsinin plan-ölçüsündə əks olunan koordinatlarının göstərilən əraziyə aidiyyəti yoxdur. Göründüyü kimi, iddiaçılar hazırda X2 adına qeydiyyatdan keçmiş Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi, 11 saylı bağ sahəsinə deyil, özlərinin faktiki istifadəsinə olan Ə.Aslanovaya ayrılmış 11 saylı bağ sahəsinə (əvvəlki nömrəsi 673a) hüquqlarının qeydə alınmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X3 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Həmin Əsasnamənin 3.2-ci bəndinə görə qanuni bağ sahələrinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə kənar şəxslərin adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları, - Qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli - Bağ sahəsinin bir hissəsinin, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə adına sənədləsdirmək istəyən vətəndaşın ərizəsi, - Yaşayış yerindən 2 №-li forma arayışı, - İş yerindən arayış, - Bağlar təsərrüfatı birliyində bağ növbəsinə dayanması barədə arayış (sənədləşdirmədə bağ növbəsinə dayanma tarixi nəzərə alınmır). Göründüyü kimi, 1997-ci ildən mövcud olan qanunvericiliyə əsasən bağ sahəsi digər şəxsin adına keçdikdə zəruri sənədlər təqdim edildikdən sonra müvafiq sərəncam qəbul edilir, hansı ki, işin yuxarıda istinad olunan hallarından görünür ki, 11 saylı bağın Ə.Aslanovaya ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2001-ci il tarixli, 825 №-li sərəncam qəbul edilmiş, həmin sərəncam əsasında müvafiq müqavilə bağlanmışdır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar nənələrinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçılar bu əsası cavabdehə təqdim etmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddiası təmin edilsin. İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0,12 ha sahəsi olan 11 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş mərhum X11 məxsus olması barədə arayışın iddiaçılar İddiaçı və X6 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar