Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12890/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının X2 və İstismarı Birliyinin xx.xx.2002-ci il tarixli, 31191 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən 2018a saylı, 0,12 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun X6na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X3 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 53a saylı torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının X2 və İstismarı Birliyinin 03 oktyabr 2002-ci il tarixli, 31191 saylı müqaviləsinə əsasən X6na ayrılmışdır. X6 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış 0,12 hektar torpaq sahəsinin qəbul edilməsi ilə əlaqədar iddiaçı 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən cavabdeh inzibati orqana miras qalmış əmlakın daşınmaz əmlaka dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə əlaqədar müraciət edilmişdir. Bağ sahəsi 2002-ci il tarixdən bu günə qədər maneəsiz olaraq iddiaçının istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sərhədləri şərti olan torpaq sahəsinin yerləşməsinə dair cizgi idarənin arxivində aşkarlanmamışdır və faktiki yerləşmə İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müraciət olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Həmçinin Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-5316/2023 nömrəsi ilə eyni sahəyə dair digər şəxsin - X1 iddia tələbi olmuşdur. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və X4 müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1952-ci ildə doğulmuş, xx.xx.2008-ci ildə ölmüş Hüseyn Əmin oğlunun adına vərəsəlik işi açılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 53 “a” saylı torpaq sahəsinə dair sənədlər və həmin torpaq sahəsinə digər şəxsin müraciəti ilə bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının X2 və İstismarı Birliyi ilə bağlanmış 03 oktyabr 2002-ci il tarixli, 31191 saylı icarə müqaviləsinə əsasən Ləhiş bağlar massivində yerləşən 0,12 hektar 53a saylı bağ sahəsi Hüseyn Əmin oğluna ayrılmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağın sahəsində yerləşən 53a saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,12 hektar təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (53a saylı bağ sahəsi kimi) faktiki olaraq 0,12 hektar təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Bağ sahəsinin şərq hissəsindəki həmsərhəd qonşu torpaq sahəsində 3 ədəd ovdan (suyu yığıb saxlamaq üçün üstü tikili olan yeraltı hovuz) mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Torpaq sahəsinin yerləşməsinə dair cizgi idarənin arxivində aşkarlanmamışdır və faktiki yerləşmə idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, müraciət olunan bağ nömrəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Həmçinin sahəyə dair idarəyə digər müraciətlər daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X1 hazırkı iş üzrə cavabdehə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 8,6 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi” barədə iddiası təmin edilməmişdir. Sözügedən qərarda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair X1 adına heç bir hüquq müəyyənedici sənəd mövcud deyildir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş fars əlifbası ilə yazılmış və fars dilindən azərbaycan dilinə tərcümə edilmiş sənədlər də hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan qanunvericilikdə nəzərdə tutulmuş sənədlər siyahısına daxil deyildir. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı X6na Bakı şəhər İcraiyyə Hakimiyyəti X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 31191 saylı müqavilə əsasında ayrılmış Ləhiş bağlar massivindəki 0.12 ha 53a saylı bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçı öz tələbinin əsası kimi əsaslandığı müqavilənin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin müqavilə cavabdehin arxiv sənədləri arasında da mövcuddur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, torpaq sahəsinin yerləşməsinə dair cizgi idarənin arxivində aşkarlanmamışdır və faktiki yerləşmə İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-5316/2023 nömrəsi ilə eyni sahəyə dair digər şəxsin - X1 iddia tələbi olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd olunan əsaslar torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayışın iddiaçıya verilməsindən imtina üçünü əsas deyildir. Belə ki, yerləşmə cizgisinin və bölgü sxeminin tərtibi müvafiq inzibati orqanların səlahiyyətinə aid olan məsələlərdir ki, iddiaçı bununla bağlı məsuliyyət daşıya bilməz və bu hallar iddiaçının təqsiri ucbatından baş verməmişdir. Digər tərəfdən, eyni sahəyə digər şəxs X1 müraciəti olması qeyd edilmiş və həmin şəxs məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 8.6 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi” barədə iddiası təmin edilməmişdir. Həmin inzibati iş üzrə məhkəmə tərəfindən qeyd olunan daşınmaz əmlaka dair X1 adına heç bir hüquq müəyyənedici sənədin mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd edilməlidir ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin “xahiş” hissəsində barəsində arayışın verilməsini istədiyi bağ sahəsinin “Göradil bağlar massivində” yerləşməsini, habelə bağın nömrəsini “2018a saylı” olaraq qeyd etsə də, məhkəmə bunu texniki səhv kimi qiymətləndirir. Belə ki, iddia ərizəsində və iş materiallarında həmin bağın ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşməsi və nömrəsinin 53 “a” saylı olması öz əksini tapmışdır. İddiaçı məhkəmə iclaslarında iştirak etmədiyi üçün iddiaçıya iddia tələbinin dəqiqləşməsi barədə ərizənin məhkəməyə təqdim etməsinin təklif edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə iddiaçının hüquqi marağının məhz ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivindəki 53 “a” saylı bağ sahəsi ilə bağlı olduğu qənaətinə gəlmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin xx.xx.2002-ci il tarixli, 31191 saylı müqaviləsinə əsasən ayrılmış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 53 “a” saylı 0,12 hektar bağ sahəsinin X6na məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin xx.xx.2002-ci il tarixli, 31191 saylı müqaviləsinə əsasən ayrılmış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 53 “a” saylı, 0,12 hektar bağ sahəsinin X6na məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-12890/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12890/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver