Məhkəmə qərarları › İş №2-1(112)-12891/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12891/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12891/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətsizliyinə hüquqi qiymət verilməsi, arvadının 2007-2024-cü illər ərzində işlə təmin olunmaması nəticəsində ona dəymiş 88200 manat məbləğində maddi zərərin ödənilməsi, 10000 manat məbləğində mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi, məhkəmə xərclərinin cavabdeh tərəfindən qarşılanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 iyul 2003-cü ildən 10 iyul 2024-cü ilədək fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ilin 2 iyul tarixindən ailəlidir. Xidməti əsasən cəbhə bölgəsində keçmişdir. Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 21-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, hərbi qulluqçuların ailə üzvlərinin, xüsusilə həyat yoldaşlarının məşğulluğuna dövlət dəstəyi göstərilməlidir. Buna baxmayaraq, xidmətinin dislokasiya xüsusiyyətləri və aidiyyəti qurumların səhlənkarlığı səbəbilə arvadı X6 2007-2024-cü illər ərzində işlə təmin olunmamış, bu isə ailə büdcəsinə ciddi təsir göstərmişdir. Arvadı ali təhsilli olmaqla X4 məzunudur. Rəsmi olaraq heç vaxt işlə təmin olunmayıb, əmək kitabçası yoxdur. Bu faktlar onun işsiz olduğunu və dövlətin məşğulluqla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini sübut edir. Bu barədə məlumatlar aidiyyəti dövlət portallarından (e-sosial.az və s.) əldə edilə bilər. Qeyd olunan dövrdə orta əməkhaqqı göstəricilərinə əsaslanaraq ailəsinə dəymiş təxmini maddi zərər 88200 manat təşkil edir. Bundan əlavə, ailəsinin sosial və psixoloji çətinliklər yaşaması nəzərə alınaraq 10000 manat məbləğində mənəvi zərər kompensasiyası da tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, Nazirlik qeyd edilən mübahisə üzrə tərəf olmadığı üçün cavabdeh qismində göstərilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş X5 Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müxtəlif tədbirlər icra edir. Agentliyin Nizamnaməsinin 3.1.8-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək Agentliyin vəzifələrinə daxildir. Habelə, işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramını tərtib etmək, həmin proqramın icrasına nəzarət etmək və bu məqsədlə işsiz şəxsin onun icrası ilə bağlı elektron hesabatını qəbul etmək, əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunmasını əmək birjaları vasitəsilə həyata keçirmək, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkaları təşkil etmək, məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə şəxsləri əlavə təhsilə cəlb etmək, pulsuz peşəyönümü məsləhətləri vermək, işsiz kimi qeydiyyata alınmış şəxsləri ödənişsiz əsaslarla peşə hazırlığına cəlb etmək, işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək, işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı tədbirlər görmək, bu sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, həmçinin “Məşğulluq haqqında” Qanunun 8.0.16-cı maddəsinə əsasən məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi Agentliyin vəzifələrinə aiddir. Beləliklə, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi Nizamnaməyə əsasən Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. Nizamnamədə Agentliyin işsiz və işaxtaran şəxsləri bilavasitə işlə təmin etmək öhdəliyi işaxtaranları bilavasitə işlə təmin etmək öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin hüququdur. Lakin X1 regional məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edəcəyi təqdirdə onun məşğulluğunun təmin olunmasına qanunamüvafiq qaydada köməklik göstərilə bilər. Nazirliyin Mərkəzləşmiş elektron informasiya sistemində İddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı Nazirliyə müraciəti aşkar edilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Hazırkı iddia ilə iddiaçı arvadının 2007-2024-cü illər ərzində işlə təmin olunmaması nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını qeyd edərək cavabdeh orqandan maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İşlə təmin edilmə və bununla əlaqəli tələblər üzrə şəxsin ərinin iddia qaldırmaqda heç bir subyektiv hüququ yoxdur. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı qismində X6 çıxış etsə idi belə, hüquqi marağı üzrə işlə təmin edilmə, işlə təmin edilmədiyi halda kompensasiyanın verilməsi və s. kimi tələblərə baxılması üçün əsl cavabdeh müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən, X7 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1-ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: … 3.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, müvafiq tələblər cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddiaya (eyni zamanda şəxsin hüquqi marağına uyğun tələblərə) cavab verməli olan orqan deyil. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə nə hazırkı cavabdehə nə də iş üzrə cavabdeh olmalı olan X5 müvafiq yerli qurumlarına müraciəti müraciəti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Bununla belə, məhkəmə izah edir ki, əsl iddiaçı X5 müvafiq yerli qurumlarına və “DOST” mərkəzlərinə müraciət etməklə, müraciəti təmin olunmadığı halda isə X5 müvafiq yerli qurumlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia verilməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar