Məhkəmə qərarları › İş №2-1(112)-12896/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12896/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12896/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək olan dövrün əmək qabiliyyətsiz olduğu səbəbindən sığorta stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək DSMF-dan ikinci qrup əlilliyə (müddətsiz) əmək pensiyası almışdır. Lakin, pensiyası qeyri-qanuni olaraq 14 ildən sonra dayandırılmışdır. Arayışlardan görünür ki, müddətsiz təyinat məsələsi hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxışdadır. Arayışlardan görünür ki, adıçəkilən dövr ərzində əmək qabiliyyətsiz olmuş, işləməmişdir. Cavabdehə həmin dövrün sığorta stajına daxil edilməsi barədə müraciət etmiş, imtina cavabı verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının əlillik müddətinin 15 iyul 2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi 31 iyul 2021-ci il tarixdən dayandırılmışdır.istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. İddiaçıda əlilliyin səbəbi istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi olmadığı üçün yaş həddinə çatanadək əlilliyə görə pensiyada olduğu müddət sığorta stajına daxil edilmir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: 02 avqust 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, stehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61- 100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta stajına daxil edilir. İddiaçıda əlilliyin səbəbi istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi olmadığı üçün yaş həddinə çatanadək əlilliyə görə pensiyada olduğu müddət sığorta stajına daxil edilmir. 22 avqust 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 03 iyun 2007-ci il tarixdən 01 avqust 2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası almışdır. 15 mart 2021-ci il tarixli və 09 sentyabr 2020-ci il tarixli, 01 oktyabr 2020-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, iddiaçı ikinci qrup əlilliyə görə ömürlük pensiya alır. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi ilə İİ qrup əlillik təyinatı aparılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ikinci dərəcə əlillik sonuncu dəfə 15 iyul 2016-cı il tarixdə beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmış, 15 iyul 2021-ci il tarixindən sonra Forma-088 daxil olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, pensiya təyinatı mövcud olmadan, iddiaçı əmək pensiyası yaşına çatmadan gələcəkdə pensiya təyinatı və yaxud da təyin edildiyi təqdirdə onun yenidən hesablanması üzrə zəruri olan hər hansı bir dövrün sığorta stajına həmin təyinat aparılmadan və ya təyinatın aparılması tələb edilmədən daxil edilməsinin cavabdehə həvalə edilməsi formasında iddia üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Plenum Qərarının açıq tələbindən də göründüyü kimi iddianın təmin edilməsinin nəticəsi, hüquqi müdafiəyə ehtiyac, düzgün hüquqi müdafiə vasitəsi, əlverişli iddia növü, onun çatmaq istədiyi məqsədlə əlaqədardır. Əgər verilmiş iddianın uğurlu olması halında belə iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq mümkün olmursa, iddia uğurlu olsa belə düzgün hüquqi müdafiə vasitəsi, o cümlədən əlverişli iddia növü hesab edilmirsə, həmin iddianın mahiyyəti üzrə qiymətləndirilməsi istisna edilməlidir. Hazırkı halda da, göstərilən müddətin sığorta stajına daxil edilməsi iddiaçı üçün nə pensiya təyinatı, nə də əmək pensiyasının yenidən hesablanması ilə nəticələnmir. Hazırkı halda iddianın təmin edilməsi demək, hər hansı pensiya işi olmadan mövcud olmayan pensiya işinə adıçəkilən dövrün sosial sığorta stajına daxil edilməsi kimi bir hal yaranır ki, məhkəmə hesab edir ki, göstərilən hal nəzərə alınmaqla faktiki maraq və hüquqi maraq arasında fərqləndirmənin aparılması zəruridir. Təbii haldır ki, pensiya təyinatı üzrə müraciət etdiyi təqdirdə iddiaçı adıçəkilən dövrün sığorta stajına daxil edilməsi və ya əmək pensiyasının işin hallarından asılı olaraq yenidən hesablanması üçün staja daxil edilmə barədə müraciət edə bilər. Aydın məsələdir ki, iddiaçının pensiya təyinatı və ya pensiyanın yenidən hesablanması ilə əlaqədar hüquqi marağına uyğun həmin dövrün daxil edilərək təyin edilmə və ya yenidən hesablama mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olan iddiadır. Hazırkı halda isə, iddiaçı pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati icraatın gedişində yoxlanılmalı olan hər hansı halın ayrıca inzibati və ya inzibati məhkəmə icraatı qaydasında həll edilməsinə nail olmağa çalışır ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pensiya təyinatı və ya yenidən hesablama ilə əlaqədar inzibati və ya inzibati məhkəmə icraatının predmetini təşkil edən ayrı-ayrı hallarla əlaqədar əlavə inzibati akt və ya məhkəmə qərarının qəbul edilməsi zərurəti mövcud deyildir. Əks yanaşma odur ki, əmək pensiyası təyinatını gələcəkdə arzu edən şəxslər hər gün, hər ay, hər il üzrə mübahisəli dövrlərin sığorta stajına daxil edilməsi formasında iddialarla müraciət etməsi istisna olunmamalıdır. Halbuki, həmin mübahisəli hal son nəticədə mahiyyəti üzrə qiymətləndirilməli olan, indiki halda pensiya təyinatı və ya yenidən hesablanması çərçivəsində öz həllini tapa bilən məsələdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddianın düzgün olub-olmaması qiymətləndirilməməlidir. Bu zaman cavabdehin mahiyyəti üzrə vermiş olduğu imtina da məhkəmə hesab edir ki, pensiya təyinatı və ya yenidən hesablanması barədə müraciətində həmin halın yenidən qiymətləndirilməsini istisna etməməkdədir. Əks halda, cavabdeh həmin halı qəbul etdiyi təqdirdə onun rəsmiləşdirilməsini də həyata keçirməyə borcludur ki, gələcəyə yönəlmiş hazırkı növ iddianın və ya müraciətin müsbət həlli demək, pensiya təyin edilməsə belə, hər hansı pensiya işi olmasa belə, müraciətin müsbət həlli baxımından hər hansı hərəkətin edilməli olması deməkdir. Başqa sözlə, deyək ki, hər hansı dövr üzrə sosial sığorta stajına daxil edilmə müraciəti və ya iddiası təmin edilir, lakin, gələcəkdə pensiya yaşına çatdıqdan sonra müraciət nəticəsində müəyyən edilir ki, iddiaçı son nəticədə əmək pensiyası təyinatı aparılmalı olmayan şəxsdir. Bu halda həmin dövr çatmadan gələcək təminata yönəlmiş hazırkı növ iddialar üzrə məhkəmə qərarlarının hüquqi nəticəsi, onun rəsmiləşdirmə, olmayan pensiya işinə daxil edilə bilmirsə, harda saxlanılmalı, hansı qaydada nəzərə alınmalı olması kimi suallar meydana çıxır ki, göstərilən hallar hazırkı iddianın mümkünlük şərtlərini ödəməməsi qənaətindədir. Təbii haldır ki, sosial sığorta stajına hər hansı dövrün daxil edilməli olması iddiası müstəsna hallarda mahiyyəti üzrə də qiymətləndirilə bilər. Misal, hər hansı sahə üzrə təcrübə tələb edən, staj tələb edən dövlət orqanına qarşı göstərilən dövrün təcrübə göstərilən dövr kimi və ya ümumi staj, dövlət qulluğu stajı kimi götürülməsi və s. Bu zaman da, iddia pensiya təyinatını və ya müavinətini yox, məhz həmin dövrü qəbul etməyən inzibati orqana qarşı qaldırılmalıdır ki, hər bir halda hazırkı müraciət üzrə dövrün daxil edilməsi gələcək pensiya təminatına yönəldiyindən göstərilən misalda göstərildiyi kimi müraicətin hər bir halda mahiyyəti üzrə qiymətləndirilməsini istisna edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1478/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da oxşar mövqedən çıxış edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar