Məhkəmə qərarları › İş №2-1(112)-12898/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12898/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12898/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X15 və X28 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nizami RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 109 saylı evin 1-ci mənzilindən X15 və onun övladı X18 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Nizami RPİ-nin Şəxsiyyət vəsiqəsi və qeydiyyat məsələləri bölməsinin (bundan sonra mətndə ŞV və QMB) üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sonradan iddiaçı (nümayəndəsi X26) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən X15 və onun övladı X18 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Nizami RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 109 saylı evin 1-ci mənzili onun və keçmiş, mərhum əri X7 paylı mülkiyəti kimi dövlət reestrində qeydiyyata alınmışdır. 57,6 kv.m sahəsi olan 3 otaq onun, 10 kv. m. sahəsi olan 1 otaq isə mərhum ərinin mülkiyyətindədir. Əri ilə aralarında olan nigah ləğv edildikdən sonra mərhum əri özünə düşən payı, yəni 10 kv. m. 1 otağı X2, lakin alqı- satqı tərəflərin maraqları nəzərə alınmadan həyata keçirildiyindən, onun iddiası əsasında Azərbaycan Pespublikasının Ali Məhkəməsi tərəfindən ləğv edilmiş və mənzilin statusu əvvəlki vəziyyətini alaraq, yenidən hər ikisinin paylı mülkiyyəti kimi dövlət reestrindən qeydiyyatdan keçmişdir. Lakin onunla keçmiş, əri arasında alqı-satqının qeyri qanuniliyi məhkəmə instansiyalarında mübahisələndirildiyi ərəfədə, keçmiş ərindən mübahisəli payı almış X15 özünü və yeni doğulmuş uşağı X22 həmin paya passport qeydiyyatına salmışdır. O, həmin qeydiyyatı qeyri-qanuni hesab etdiyindən, onları pasport qeydiyyatından çıxarmaq xahişi ilə Nizami RPİ-nin ŞV və QMB-yə müraciət etsə də, həmin bölmə onun xahişini rədd edərək, inzibati icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X16 və X28 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X26 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; Nizami RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyaytdadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-731/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdehlər İddiaçı (digər mülki iş üzrə iddiaçı) və X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2781/2017 saylı mülki iş üzrə qəbul etdiyi 08 iyun 2017-ci il tarixli və 2(007)-5023/2017 saylı mülki iş üzrə qəbul etdiyi 15 dekabr 2017-ci il tarixli qətnamələrinin ləğv edilməsi və bir icraatda birləşdirilmiş hər iki mülki iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdehlər X11 və X12 qarşı iddiasının təmin edilməsi, X17 və X19 arasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prosepkti, 109 nömrəli evin, 1 saylı mənzilinin sahəsi 10,0 kv. m. olan bir otağının satılmasına dair AN-İ ******* nömrəli 14 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bununla əlaqədar olaraq həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X9 adına verilmiş həmin mənzilin yaşayış sahəsi 10,0 kv. m. olan bir otağa dair RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən ödənilmiş 23000 (iyirmi üç min) manat pul vəsaitinin satıcı X4 alınaraq alıcı X12 qaytarılması və müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçı X9 cavabdehlər İddiaçı və X20 qarşı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-731/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qətnaməsində (səh. 6, abzas 2) göstərilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 26 iyul 2005-ci il tarixli ÖM seriyalı 235845 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonunun 1 saylı mənzili X7 adına sıxlaşdırılmış payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1400 nömrəli reyestr kitabının 210268 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 150641 №li ölüm haqqında şəhadətnamədən (surəti) müəyyən olunur ki, X21 xx.xx.2021-ci il tarixdə ölmüşdür. “Asan 4” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2004-cü il təvəllüdlü X23, xx.xx.2019-cu il təvəllüdlü X27, xx.xx.1987ci il təvəllüdlü X24, xx.xx.2002-ci il təvəllüdlü X25, xx.xx.1975-ci il təvəllüdlü X15, xx.xx.2000-ci il təvəllüdlü X28, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1983-cü il təvəllüdlü X29 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********30 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanı üzərində sorğuda qeyd olunan fiziki şəxslərin (X15 və X28) istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məktuba əlavə olunmuş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrrüfatı Departamentinin “Bakı şəhəri, Qara Qarayev küçəsində yerləşən 109 saylı evin 1-ci mənzilinin icarə müqaviləsinin dəyişdirilməsi haqqında 91/3 №-li, xx.xx.2004-cü il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, sərəncamda qeyd olunanlara və Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-1705/2002 saylı qətnaməsinə əsaslanaraq: Bakı şəhəri, Qara Qarayev küçəsi, 109 saylı evin 1-ci mənzilinin şəxsi maliyyə hesabı bolunməsi; Yaşayış sahəsi 10,0 kv.metr., olan bir otağa X7 adına icarə müqaviləsi bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması; Yaşayış sahəsi 55.08 kv. m. olan 3 otağa isə 5 nəfər ailə üzvü ilə (özü, 2 qızı və 2 oğlu) İddiaçı adına icarə müqaviləsi bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. AN-İ seriyalı, ******* №-li, xx.xx.2016-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X19 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 10 kv. m. olan 1 otaqlı mənzili X3 almışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 102 kv. m. olan mənzil (3 otaq y/s 57.6 kv.m) xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı, xx.xx.2016-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə isə (1 otaq y/s 10 kv.m ) X9 adına Daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 44217 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 102 kv. m. olan mənzil (3 otaq y/s 57.6 kv.m) xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı, xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə isə (1 otaq y/s 10 kv.m ) X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 44217 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-298-12/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X15 xx.xx.2004-cü il tarixdən, X28 xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 3-13-52/2-35180/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X5 və X18 ünvan 6 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyiə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3-6/1-10386/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı X9 cavabdeh İddiaçı və X20 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-731/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı (digər mülki iş üzrə iddiaçı) və X26 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2781/2017 saylı mülki iş üzrə qəbul etdiyi 08 iyun 2017-ci il tarixli və 2(007)-5023/2017 saylı mülki iş üzrə qəbul etdiyi 15 dekabr 2017- ci il tarixli qətnamələri ləğv edilmişdir və bir icraatda birləşdirilmiş hər iki mülki iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdehlər X11 və X13 qarşı iddiası təmin edilmişdir. X21 və X19 arasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 109 nömreli evin, 1 saylı mənzilinin sahəsi 10.0 kv. mş olan bir otağının satılmasına dair AN-10532234 nömrəli 14 mart 2016cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X6 adına verilmiş həmin mənzilin yaşayış sahəsi 10,0 kv. m. olan bir otağına dair RX seriyalı ******* nömrəli, 01 dekabr 2016-cı il tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən ödənilmiş 23000 (iyirmi üç min) manat pul vəsaiti satıcı X4 alınaraq alıcı X12 qaytarılmışdır və müqvilə üzrə tərəflər əvvəlki vəziyyətlərinə qaytarılmışdır. İddiaçı X9 cavabdehlər İddiaçı və X20 qarşı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsnin 10 yanvar 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 731/2019 nömrəli, 10 yanvar 2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-7383/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X7 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Nizami RPİ tərəfindən verilmiş 3-13-52/2-Q-247xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X10 və X22 ünvan 6 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatdadırlar. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2781/2017 saylı mülki iş üzrə qəbul etdiyi 08 iyun 2017-ci il tarixli və 2(007)-5023/2017 saylı mülki iş üzrə qəbul etdiyi 15 dekabr 2017-ci il tarixli qətnamələrindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilmişdir ki, keçmiş əri Quliyev Ramiz 2000-ci il tarixdə 5 nəfərdən ibarət ailə üzvünü yaşadıqları mənzildə (Bakı şəhəri, ünvan 8 ünvana köçüb yaşamaqla ailə həyatı qurmuş və mənzillə əlaqəsini tamamilə kəsmişdir. Həmin tarixdən 4 otaqlı (3 otaq 57,6 kv. və 1 otaq 10 kv. metr) mənzil yalnız onun və ailə üzvlərinin istifadəsindədir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-731/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qətnaməsi). Bundan əlavə iş materiallarından müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 10 kv. m. olan 1 otaqlı mənzili X21 tərəfindən xx.xx.2016-cı il tarixdə X1. Sonradan qeyd olunan alqı-satqı müqaviləsi İddiaçı iddiası əsasında 10 yanvar 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə etibarsız hesab olunsa da, lakin qeyd olunan qətnamədən də göründüyü kimi, həmin alqı-satqı müqaviləsi hazırki iş üzrə üçüncü şəxslər X15 və X28 tərəfindən mübahisələndirilməmişdir ki, qeyd olunan hallar da sonuncuların həmin mənzildə olan pasport qeydiyyatlarının formal olaraq qaldığını sübut edir. Məhkəmə qeyd edir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onun əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxsin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər – xx.xx.1975-ci il təvəllüdlü X5 və xx.xx.2000-ci il təvəllüdlü X18 ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar