Məhkəmə qərarları › İş №2-1(112)-12899/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12899/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12899/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı X5 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi Ö/T 12V saylı ev ona məxsusdur ( Mənzil kirayəçisi haqqında məlumat № 15177v, forma 28). Bildirir ki, oğlu X7 ona məxsus olan ünvan 3 ünvanına qeydiyyata alınmışdır. Artıq uzun müddətdir ki, oğlu X7 öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. O, oğlundan ona məxsus mənzildən qeydiyyatdan çıxmasını xahiş etmişdir. Lakin, oğlu X1 olaraq ona məxsus mənzildən pasport qeydiyyatından çıxmadığına görə o, ona məxsus olan mənzilə dair hüquqlarını maneəsiz həyata keçirə bilmir. X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar ərizə ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müraciət etmişdir. Ancaq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin rəisi cənab Hikmət Qasımov tərəfindən imzalanan 065- 22906A-3222 saylı 17 sentyabr 2022-ci il tarixli məktubla ona qanunsuz olaraq imtina cavabı verilmişdir. İmtinada göstərilir ki, ona məxsus, ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiqdir. Belə olan halda, X4 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması məhkəmə qaydasında həll edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12899/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayədəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 065-22906A-3222 nömrəli imtina məktubuna əsasən, ona məxsus ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. - 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2661 nömrəli, xx.xx.2022-ci il tarxli forma 2 arayışına əsaəsn, İddiaçı həqiqətən ünvan 6 ünvanıdna yaşayır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 065-26506- 1222 nömrəli məktubla məlumat təqdim edilərək bildirilmişdir ki, X5 ünvan 7 ünvanında qeydiyyatda olan X5 qeydiyyata alınması əsasları müddəti keçdiyindən müvafiq qaydada məhv edilmişdir. Əlavə olaraq X5 təsdiq olunmuş fərdi uçot kartoçkasının surəti göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla məlumat təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 199 nömrəli, 19 noyabr 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Səbail rayonu, 2-ci Salyan döngəsi, özütikmə 12 v ünvanında məişət tullantılarının daşınma haqqını ödəmək üçün olan məlumat vərəqi İddiaçı adınadır. İddiaçı verdiyi məlumata görə əsasən oğlu X7 2-ci Salyan döngəsi, ö/t 12 v ünvanında qeydiyyatda olsa da, hal-hazırda yaşamır, göstərilən ünvanda aşağıdakı şəxslər yaşayırlar: 1. İddiaçı – qeydiyyatdadır, yaşayır;

2. X8 – qeydiyyatdadır, yaşayır; 3. X7 – qeydiyyatdadır, yaşamır; 4. X10 – qeydiyyatsız yaşayır; 5. X3 – qeydiyyatsız yaşayır; 6. X9 – qeydiyyatsız yaşayır. Göründüyü kimi, mübahisəli ünvan öz başına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar