Məhkəmə qərarları › İş №2-1(112)-129/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-129/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-129/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Bİrliyi işə cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X8, 3-cü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı faktiki istifadəsində olmuş ünvan 2 ünvanında yerləşən binanın 30 saylı mənzilinə görə ona 35000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. O, uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2004-cü ilin aprel ayında yataqxanada otaqla təmin olunmuşdur. xx.xx.2005-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 30 saylı mənzilinə dair onun, adına 42 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. O vaxtdan, 2004-cü ilin aprel ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 2016-cı il sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X7 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəsisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair xx.xx.2016- cı il tarixli “Rəy” tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-ıv Q nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarına əsasən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O cümlədən ünvan 5 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da, o siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8- ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər’in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdehə, Suraxanı Rayonu İcra Hakimiyyətinə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə müvafiq “Komissiya” yaradılmışdır. Lakin “Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, “Komissiya” sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. O da, daxil olmaqla siyahıya salınmayan sakinlər tərəfindən cavahdehə etiraz edildikdə sonuncu tərəfindən əlavə siyahı tərtib olunacağı bildirilmişdir. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq "komissiya"ya təqdim edilmiş, lakin, tərtib olunmuş əlavə siyahıda olanların heç birinə bu günədək kompensasiya verilməmişdir. Cavabdeh, Suraxanı Rayonu İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınma məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım" ödənilməsi ifadəsindən istifadə etməklə o da, daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində “bərabərlik prinsipi”nin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı rayonu İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000). Təqdim etdiyi Suraxanı İcra Hakimiyyətinə xx.xx.2017-ci ildə daxil olmuş İF-336 saylı məktubun surətindən göründüyü kimi, mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyriyaşayış sahəsinin mülkiyyətçisinə “birdəfəlik maddi yardım” ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim etdiyi Suraxanı Rayonu İcra Hakimiyyətinin yataqxana sakini X3 qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə” dair iddia ərizəsinin surətindən göründüyü kimi, cavabdeh tərəfindən ümumilikdə 71 ailəyə kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yataqxana tam məskunlaşdırılmış, təxminən 94-dən çox ailə yaşamışdır. İddia ərizəsindən göründüyü kimi, həmin iş üzrə iddiaçı “birdəfəlik maddi yardım” əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh mənzili boşaltdıqdan sonra tələbkar “birdəfəlik maddi yardım” cavabdehin hesabına köçürmək əvəzinə daha “müdrik" davranmışdır. Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı Rayon Məhkəməsinə qaytarmışdır. Yəni, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmişdir, yayınmışdır. Təqdim etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də, icra olunmamış 2-1 (82)-692/2019 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmağa çalışmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti “Əsasnamə” ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Yuxarıda qeyd olunanlarla bildirmək istəyir ki, cavabdeh ümumilikdə qəzalı binanın sakinlərinin köçürülməsini qanunvericiliyin tələblərinə uyğun icra etməmiş, vəzifə səlahiyyətlərindən, qanundan suiistifadə etmiş, eyni zamanda onun da konstitusion hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Qeyd edilməlidir ki, hal-hazırda binanın komunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırılması səbəbindən əmlakdan istifadə hüquqlarının məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Cavabdehin ciddi icra orqanı olduğundan ona etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin, cavabdeh ona olan etibarından istifadə edərək onu aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya “kompensasiya” ödəməmiş və ya yaşayış sahəsi verməmişdir. Dəfələrlə şifahi və yazılı şəkildə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi 24 saylı binanın 30 saylı mənzilinə ona görə bazar qiymətinə uyğun olaraq onun dəyərinin ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Yuxarıda göstərdiklərimi əsas tutaraq hesab edir ki, cavabdeh, Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən ona qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) “kompensasiya” (“birdəfəlik maddi yardım”) ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.1 -ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin məcəllənin 28.5-ci maddəsinə görə mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin məcəllənin 84.0.1 və 84.0.3-cü maddələrinin tələblərinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Təqdim etdiyi xx.xx.2004-cü il tarixli müqavilənin surətindən göründüyü kimi, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişlərin vaxtlı-vaxtında ödənilməsi və yaşadığı mənzilin yaxşı vəziyyətdə saxlamağı, nizam-intizama və təmizlik işlərinə ciddi riayət etməyi üzərinə götürmüşdür. Təqdim etdiyi xx.xx.2005-ci il tarixli 42 saylı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 m2 olan, 1 otaqlı, 30 saylı mənzil onun qanuni istifadəsinə verilmişdir. Təqdim etdiyi 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi, o, ailə üzvləri ilə birlikdə həmin yataqxananın 30 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi, o, ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Hövsan qəs., 1 saylı TTİ-nin ailəvi yataqxanası, R.Abdullayev küç., ev 24 ünvanında 2006-cı ildən 2018ci ilin aprel ayınadək yaşamışdır. Təqdim etdiyi, 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş “Bildiriş-xəbərdarlıq”dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır. Təqdim etdiyi 11 saylı MKİS tərəfindən tərtib edilmiş “Əlavə Siyahı”nın (sakinlərin əlavə siyahısı Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir) surətindən göründüyü kimi, Suraxanı rayonu, R.Abdullayev küç., 24 saylı binadakı, 30 saylı mənzil onun istifadəsində olmuşdur.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-369/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X7 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və xx.xx.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilmədiyindən ona birdəfəlik maddi yardım verilməmişdir və sözügedən yataqxananın 30 saylı otağında vətəndaş X9 ailə üzvləri ilə birlikdə faktiki yaşadığı müəyyən edilmiş və ona birdəfəlik 35000 manat (otuz beş min) maddi yardım ödənilmişdir. Eyni zamanda bildirirlər ki, 2017ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li xx.xx.2017-ci il tarixli Sərəncamı ilə sözügedən yataqxanada faktiki yaşayan hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. 1 saylı Təmir Tikinti İdarəsi ilə İddiaçı arasında bağlanmış 23 nömrəli 24 aprel 2004-cü il tarixli müqavilənin predmetinə əsasən 1 saylı Təmir Tikinti İdarəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən yataqxanada yaşayan sakinlərlə mənizl əv kommunal xidmətlərin yığılması haqqını almaq haquqlarını əldə edir.

10. 1 saylı Təmir Tikinti İdarəsinin 42 nömrəli 01 oktyabr 2005-ci il tarixli orderinə əsasən order İddiaçı verilmiş, iş yeri BDBL, tutduğu sahə 145,5 kv.m, 1 otaq, nömrə 30, ünvan Hövsan qəsəbəsi, R.Abdullayeva küçəsi 24, 1 saylı TTİ-nin yataqxanası. Ailə tərkibi – İddiaçı – özü, X5 – qızı.

11. Babayev Zahir Vəkil oğlunun, X16, X1 iştirakı ilə xx.xx.2018-ci il tarixdə tərtib edilərək notarial qaydada təsdiq edilmiş ərizə-aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, ev 22-də qeydiyyatda olan İddiaçı, 2006cı il tarixdən bugünki günə qədər ailə üzvləri ilə birlikdə, qızı, X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 24 saylı ailəvi yataqxanada pasport qeydiyyatsız yaşayırlar və bütün kommunal xərclər onun tərəfindən ödənilir.

12. 11 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 618 nömrəli xx.xx.2017-ci il tarixli arayışa əsasən X12 R.Abdullayev küçəsi, ev 24, yataqxanada yaşayır, kommunal xərcləri özü ödəyir.

13. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizə və poçt zərfinin surətinə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə hazırki iddia tələbi ilə əlaqədar müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

14. 11 saylı MKİS tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan Hövsan qəsəbəsində yerləşən Mənzil Kommunal İstismarı Sahəsinin xidməti dairəsindəki R.Abdullayev küçəsi, 24 saylı binadakı otaqlar və yaşayan sakinlər haqqında əlavə siyahıya əsasən İddiaçı adı 3-cü sırada, otağın nömrəsi 30 qeyd edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 01-13/05 nömrəli 21 fevral 2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, göstərişlərinə əsasən Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanda yerləşən yataqxana sakini X2 bank Suraxanı Filialında AZ21AİİB******************** saylı hesab açmışdır. Kapital bank Suraxanı Filialına xx.xx.2018-ci il tarixli 01-21/411 nömrəli məktuba əsasən AZ92AİİB******************** saylı tranzit hesabından X9 yuxarıda qeyd olunan hesabına 35210-00 manat vəsait ödənilib. Həmin vəsaitin 35000-00 manatı X13 çatan kompensasiya məbləğindən, 210- 00 manatı isə bank xərcindən ibarətdir.

16. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 89 saylı xx.xx.2017ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən ünvan 7 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidəyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərlərinin aparılması məqsədilə komissiya yaradılması qərara alınmışdır. Sakinlərin 71 nəfərdən ibarət siyahısı tərtib edilmiş, tərtib edilmiş siyahıda İddiaçı adı aşkar edilməmişdir.

17. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 134 nömrəli xx.xx.2017-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 491 saylı sərəncamının icrasının təmin olunması haqqında” sərəncama əsasən: 1.1-ci bəndinə əsasən Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35000 manat, eləcə də, orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40 000 manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15 150 (on beş min yüz əlli) manat birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsi təmin edilsin.

18. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 018-17441-1222 nömrəli məktubla təqdim edilmiş arayışdan görünür ki, xx.xx.1970-cı il təvəllüdlü İddiaçı ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti cavabalandırılmamışdır. Bundan sonra iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

25. Belə ki, iddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X6 cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı tələbi ünvan 9 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması səbəbindən sözügedən ünvan sakinlərinə ödənilən birdəfəlik maddi yardım müqabilində onların köçürülməsi ilə bağlı ona da, həmin yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının tələbi təmin edilməmişdir. Bundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

26. İş materiallarından görünür ki, ünvan 10 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasının boşaldılması və əvəzində həmin ünvanda qeydiyyatda olmaqla yaşayan ailələrin hər birinə 35000 manat kompensasiya ödənilməsi ilə bağlı icra tədbirlərinin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə ki, “Bakı şəhər yerli xərclərindəki MKTD-nin müvafiq qurumlarında və rayon MKTB üzrə mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulan vəsaitdə dəyişiklik edilməsi barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 491 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 134 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında yaşayan 71 ailənin hər birinə 35000 manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə cəmi 40000 manat olmaqla (bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15150 manat) birdəfəlik maddi yardımın onların adlarına açılmış müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi barədə sərəncam verilmişdir. Həmin qəzalı vəziyyətdə olan yataqxana binalarının kompenesasiya məbləği ödənilməklə boşaldılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsində müvafiq iddialar qaldırılmış və həmin iddialar məhkəmə tərəfindən təmin edilmişdir.

27. “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.15.11-ci maddəsinə əsasən təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) yataqxanalarda yaşayış sahələri aiddir.

29. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

30. Həmin Məcəllənin 84.0.1-ci və 84.0.3-cü maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar.

31. Hazırki işdə iddiaçı 1 saylı Təmir Tikinti İdarəsi tərəfindən verilmiş order əsasında orada yaşadığına və buna görə də cavabdeh inzibati orqan tərəfindən qəzalı vəziyyətdə olan yataqxananın sakinlərinin köçürülməsi ilə bağlı ona da birdəfəlik kompensasiya məbləğinin verilməli olmasına istinad edir. Bu barədə qeyd olunmalıdır ki, əvvəla iddiaçının sözügedən yataqxanada yaşaması üçün əsas olan ən başlıca sənəd 1 saylı Təmir Tikinti İdarəsinin 42 nömrəli, xx.xx.2005-ci il tarixli orderi əsas sayılır. Sözügedən orderə əsasən iddiaçı Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxana binasında 30 nömrəli mənzil iddiaçının adına verilmiş, lakin Suraxanı RİHB-nın 89 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş sözügedən ünvanda qəzalı vəziyyətə düşmüş yataqxana binasında qeydiyyatda olmaqla yaşayanların siyahısında İddiaçı adı aşkarlanmamışdır. Bu səbəbdən də iddiaçıya mübahisəli ünvanda yaşamamasına görə birdəfəlik ödəmənin ödənilməsindən cavabdeh tərəfindən imtina edilmişdir.

32. Məhkəmə araşdırması zamanı İddiaçı həmin yataqxanada yaşamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməsi tələb olunsa da, onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, əlavə olaraq iddiaçının həmçinin sözügedən yataqxana binasında qeydiyyatının olmaması da, müəyyən edilmişdir. Bununla da, İddiaçı həmin yataqxana binasında qeydiyyatda olmaqla yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

34. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar