Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1290/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 02528 ha torpaq sahəsindən 0,01 hissəni X5 anam X1. Lakin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməməkdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək X6 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsinə verilmiş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair qeydin silinməklə 05 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş plan-ölçüdə nəzərdə tutulmuş koordinatlara uyğun olaraq Bakı şəhəri, Xətai rayonu Kazımağa Kərimov küçəsində yerləşənm 0,01 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun anası X6 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı tərəfindən anasına məxsus olmuş mülkiyyət hüququna dair qeydin ləğv edilməsini iddia etməsi də mülkiyyət hüququnun realizəsi baxımından hüquqi marağına uyğundur. Belə ki, hazırkı halda iddiaçının hüquqi marağı torpaq sahəsinə son nəticədə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasıdır. İddiaçı bu iddianı anasının vərəsəsi olması nəticəsində qaldırmışdır. Lakin, ananın adına mülkiyyət hüququna dair formal qeydin qalması onun bu hüquqlarının reallaşdırılmasına imkan vermir. Bu zaman, həmin qeyd ləğv edilmədiyi təqdirdə, göstərilən əmlakla bağlı heç bir əməliyyatın həyata keçirilməsi də mümkün deyil. Buna səbəb isə onunla bağlıdır ki, mülkiyyət hüququna dair qeyd qalsa da, onun verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmişdir ki, həmin qeydin formal olaraq Milli Qeydiyyat Sistemində saxlanılması texniki xarakterli olmaqla iddiaçının mülkiyyət hüququnun vərəsə qismində tanınması anlamına gəlmir. Odur ki, məhkəmə iddiaçının hüquqi marağına uyğun dəqiqləşmə verilməsini təklif etmiş, iddiaçı da formal qeydin ləğv edilməklə vərəsə kimi əmlakın anasına məxsus olması haqqında arayışın ona verilməsini tələb etmişdir ki, hazırkı halda cavabdehə müraciətin çıxarışın verilməsi ilə bağlı olması da iddianın mümkünlük şərtinin pozulması anlamına gəlmir. Belə ki, formalaşmış məhkəmə təcrübəsi, o cümlədən iddianın mümkünlüyünün istisna edilməsi ilə bağlı Ali Məhkəmənin qərarında da qeyd edilmişdir ki, məxsusluq barədə arayışın verilməsi və çıxarışın verilməsinin hüquqmüəyyənedici sənəd və imtina əsasları baxımından eyniyyət təşkil etməsi nəzərə alınmaqla iddianın göstərilən formada dəqiqləşdirilməklə qaldırılması mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnməməlidir. Belə ki, hər iki halda da iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına istinadı və cavabdehin imtinasının istinadı fərqlənmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2211/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, qanunvericilik hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinə aid hüquqi əsasları fərqləndirməmiş, əksinə Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara dair vahid siyahı müəyyən etmişdir. Başqa sözlə, həm hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış, həm də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış yalnız Qanunun 8ci maddəsində nəzərdə tutulan əsaslara görə verilə bilər və istər çıxarışın, istərsə də arayışın verilməsinə dair iddia tələblərinə qiymət verilməsi zamanı Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu yoxlanılır. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini o əsasla mümkün saymamışdır ki, iddiaçı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbi ilə deyil, çıxarışın verilməsi tələbi ilə müraciət etmişdir. Halbuki, iddia tələbinin bu formada dəyişdirilməsi apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı yolverilən idi. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının anasına mülkiyyət hüququnun verilməsinə dair qeydin ləğv edilməsi qənaetinə gəlinsə belə, həmin qeyd əsasında plan və ölçü sənədində nəzərdə tutulmuş koordinatlar hazırkı halda da nəzərə alınmalıdır. Belə ki, həmin plan və ölçü ləğv edilsə belə, iddiaçının anasına ayrılmış torpaq sahəsinin aparılmış inzibati icraat nəticəsində müəyyən edilmiş koordinatlarında hər hansı dəyişiklik yoxdur. İddiaçı anasına hansı torpaq sahəsi ayrılıbsa həmin torpaq sahəsinə iddialıdır. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq göstərilən koordinatlarda torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum anasına alqı-satqı müqaviləsinə əsasən 0,01 ha torpaq sahəsi satılmışdır. Həmin müqavilənin 8-ci və 9-cu bəndlərindən görünür ki, satıcı alıcıya üçüncü şəxsin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür və həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmamasına təminat verilmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, iddiaçı torpağın alıcısı N.Məmmədovanın vərəsəsi qismində çıxış edir. Yuxarıda adıçəkilən əmlakla bağlı cavabdeh mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş, bu səbəbdən məhkəmə mübahisəsi yaranmışdır ki, göstərilən əmlaka çıxarışın verilməsinə dair iddia ilkin olaraq təmin edilmiş, çıxarış verilmiş, lakin çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı Müdafiə Nazirliyi tərəfindən verilmiş üçüncü şəxs qismində icraata qoşulma və şikayət nəticəsində ləğv edilmiş, nəticədə birinci instansiya məhkəməsinə qaytarılan iş üzrə icraata iddianın geri götürülmüş sayılması əsasında xitam verilmişdir. Göründüyü kimi çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı hal-hazırda qüvvədə deyil. Lakin, cavabdeh mülkiyyət hüququna dair qeydin Milli Qeydiyyat Sistemi və reyestr kitablarında ləğv edilməsini hər bir halda məhkəməyə müraciət edilmədən həyata keçirmədiyindən hazırkı halda qeyd saxlanılmışdır ki, həmin əmlaka qeyd olmasına baxmayaraq sərəncam verilməsi və ya əmlakla bağlı başqa növ əqdlərin həyata keçirilməsi mümkün olmadığından yuxarıda göstərildiyi kimi əmlakın iddiaçının mülkiyyətinə verilməsi üçün adıçəkilən qeydin silinməklə sənədləşmənin aparılmasına dair iddiaya dəqiqləşmə verilmişdir. Məhkəmə tərəfindən tələb edilən notariat işində mövcud olan 17 fevral 2009-cu il tarixli çıxarışdan görünür ki, satıcı X2 Kərimov küçəsində yerləşən ümumilikdə 0,2528 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş, iddiaçının mərhum anasına da həmin torpaq sahəsi məhz çıxarışda nəzərdə tutulan torpaq sahəsindən ayrılmışdır. Üçüncü şəxs Müdafiə Nazirliyi adıçəkilən torpaq sahəsinin özəlləşdirilməsinə etirazını onunla əsaslandırır ki, adıçəkilən torpaq sahəsi faktiki olaraq 8 saylı hərbi şəhərcikdə yerləşir və mübahisəli torpaq sahəsi “N” saylı hərbi hissənin müddətsiz istifadəsinə verilmişdir. Üçüncü şəxs özü də etirazında qəbul edir ki, həmin əmlak cavabdehin üst qurumu olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satıcı X3 və daha sonra həmin torpaq sahəsi vətəndaşlara verilmişdir. Məhkəmə sorğusuna əsasən çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, adıçəkilən torpaq sahəsinin də olduğu ümumi torpaq sahəsi ilkin olaraq X7 adına torpaq sahəsinin özəlləşdirilməsi haqqında sərəncam və alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Dəfələrlə Əmlak Məsələri Dövlət Xidmətinə bununla əlaqədar sorğular ünvanlanmış və həmin inzibati orqanın sorğuya cavab məktublarından da müəyyən edilmişdir ki, X8 ayrılmış torpaq sahəsi məhz Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakını özəlləşdirilməsi ilə bağlı sərəncam və müqaviləsi əsasında ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin şəxsin mülkiyyətində olmasını təsdiq edən çıxarışdan da görünür ki, adıçəkilən əmlakın hüququn növu mülkiyyət hüququ olması, eyni zamanda torpağın təyinatının digər təyinatlı torpaq sahəsi olması barədə çıxarış verilmiş, 2009-cu il tarixdə torpaq sahəsinə hüquqlar dövlət qeydiyyatına alınarkən həm cavabdeh, həm üst qurumu həmin torpaq sahəsinin təyinatının digər təyinatlı olması barədə məlumatlı olmuş, torpağın təyinatı qeyd olunan formada saxlanılmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, işin yuxarıda göstərilən faktiki halların iddianın təmin edilməsi nəticəsinə gəlinməsi ilə bağlı əhəmiyyət daşıyır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Mülki Məcəllənin:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Göründüyü kimi notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri hesab edilir. İddiaçı da məhz həmin əsasa istinad edərək, notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında mülkiyyət hüququn dövlət qeydiyyatına alınmasında iddialıdır. Məhkəmə, hesab edir ki, iddiaçının həmin müqaviləyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iddiaçı qanuni və əsaslı hesab edildiyindən cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, bununla əlaqədar Konstitusiya Məhkəməsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, eləcə də həmin müqavilənin bağlanılmasına hüquqi zəmin yaratmış daşınmaz əmlakın dövlət əmlakı kimi özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisələndirilməmiş sərəncamı və alqı-satqı müqaviləsinin mötəbərliyinə dair Qərarlarında nəzərdə tutulan mövqenin qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin də tərəf olduğu hazırkı mübahisə üzrə oxşar mübahisəyə dair Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. X11 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin “İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "xxxx" MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarı). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Lakin hazırkı işdə Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alğı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar. Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi hətta alqı-satqı müqavilələrin və özəlləşdirmənin Müdafiə Nazirliyi tərəfindən mübahisələndirildiyi həmin işlər üzrə Məhkəmə alqı-satqı müqaviləsinin mötəbərliyinə xüsusi qiymət vermiş, Avropa Məhkəməsinin present hüququnun tələbləri də nəzərə alınmaqla bir inzibati orqanın ehtimal olunan səhv qərarının sıravi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir ki, Konstitusiya Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə alınmalı olması göstərilmişdir. Hazırkı mübahisə isə, məhkəmə hesab edir ki, iddianın təmini baxımından daha tutarlı əsaslara malikdir. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin icraatında olmuş işlərdən fərqli olaraq hazırkı halda özəlləşdirmə proseduru və alqı-satqı müqavilələri ümumiyyətlə mübahisələndirilməmiş, sərəncam və müqavilələrin ləğvinə dair iddialar irəli sürülmədən həmin sənədlər qüvvədə olması nəzərə alınmadan iddiaçının mülkiyyət hüququna məhdudiyyətin yaranmasına yönələn hərəkətlər edilmişdir. İndiki halda vəziyyət belədir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı cavabdehin üst qurumu tərəfindən sərəncam və alqı-satqı müqaviləsi bağlanılır, həmin müqavilə və sərəncam cavabdeh və onun üst qurumu kimi icraedici hakimiyyət orqanı qismində çıxış edən Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilmir, mötəbərliyi məhkəmə qaydasında yoxlanılmır, lakin həm cavabdeh, həm Nazirlik hesab edir ki, notarius tərəfindən müqavilənin bağlanılması qanunsuz olmuşdur, çıxarış verilməməlidir. Göründüyü kimi, iki inzibati orqan arasında torpaq sahəsinə dair hüquqi müstəviyə çıxarılmamış, faktiki xarakterli mübahisə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin mötəbərliyinə şübhənin yaranmasına yönəlmiş hərəkətlərin edilməsi ilə nəticələnir. Qeyd edilməlidir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə hesab edir ki, həmin qərarda nəzərdə tutulmuş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, iddiaçının anası alqı-satqı müqaviləsini imzalayarkən satıcının həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa etibar etmişdir. Nəinki, alıcı, eləcə də notariat hərəkətləri həyata keçirmək kimi inzibati publik səlahiyyətə malik olan və qanuni əsaslar olduğu təqdirdə müqavilələri təsdiq etməkdən imtina etmək hüququna malik olan notariusda həmin sənədlərin mötəbərliyinə etibar etmişdir. Hazırkı halda, notarius və alıcıdan sənədlərin mötəbərliyinə şübhə edilməsinin gözlənilməsi də məhkəmə işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mülkiyyət hüquqlarının bir şəxsdən digər şəxsə keçməsinə yönələn əqdlərin bağlanılması ilə bağlı zəruri sənəd qismində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış çıxış edir ki, alıcı və notarius da həmin sənədə istinad etməklə hərəkət etmişdir. Beləliklə, hazırkı halda nə qədər ki satıcının adına olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas olmuş sənədlər ləğv edilməmiş, eyni zamanda alıcı və satıcı arasında alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdirsə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın qanuni əsasından söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1023/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında və eyni zamanda 2-1(102)-1113/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar işin faktiki hallarına münasibətdə alqı-satqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərdən biri qismində dəyərləndirilməsi, şəxsin vicdanlı alıcı olması kimi halların nəzərə alınması ilə əlaqədar oxşar mövqedən çıxış edilmişdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,01 ha torpaq sahəsinə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 08 sentyabr 2014-cü il tarixli ********** nömrəli qeydin silinməklə həmin torpaq sahəsinə dair 05 sentyabr 2014-ci il tarixdə tərtib edilmiş plan-ölçüdə nəzərdə tutulmuş koordinatlara uyğun olaraq Bakı şəhəri, Xətai rayonu Kazımağa Kərimov küçəsində yerləşən 0,01 ha torpaq sahəsinə 20 fevral 2009-cu il tarixli AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov