Məhkəmə qərarları › İş №2-1(112)-12901/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12901/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12901/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X3, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər X14, X12, X11, X6) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma vəzifəsinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə ərizə təqdim edərək 1971-ci il təvəllüdlü X15, 1994-cü il təvəllüdlü X14, 1996-cı il təvəllüdlü X12, 1970-ci il təvəllüdlü X11, 1946-cı il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini azaldaraq “X14, X12, X11, X2 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 05 iyun 1997-ci il tarixdə ona qeydiyyat vəsiqəsi verilib. 1971-ci il təvəllüdlü oğlu X15, 1994cü il təvəllüdlü nəvəsi X14, 1996-cı il təvəllüdlü nəvə X12, 1970-ci il təvəllüdlü gəlini X11, 1946-cı il təvəllüdlü tanımadığı X6 iddiaçının mənzilində pasport qeydiyyatındadırlar. Lakin, qeyd edilən şəxslər heç vaxt iddiaçı ilə birlikdə yaşamayıblar və birgə təsərrüfat aparmayıblar. Oğlu ailəlidir və ailə üzvləri ilə birgə başqa ünvanda yaşayırlar. Onların iddiaçının mənzilində posport qeydiyyatları formal xarakter daşıyır. Eyni zamanda həmin şəxslərin mənzilinə formal pasport qeydiyyatında olması mülkiyyət hüququndan sərbəst istifadə etməyinə mane olur. Odur ki, X15, X14, X12, X11, X2 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə 01 avqust 2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 04 avqust 2023-cü il tarixli, 51/2-E-24520 saylı cavab məktubunda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqındaQanunun 9-cu maddəsinin tələblərinə əsasən, yaşayış yeriüzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsindən istifadə hüququna xitam verilmə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirildiyi və məhkəmə orqanlarına müraciət ermək hüququ olduğu bildirilib. Göstərilənləri nəzərə alaraq 1971-ci il təvəllüdlü X15, 1994-cü il təvəllüdlü X14, 1996-cı il təvəllüdlü X12, 1970-ci il təvəllüdlü X11, 1946-cı il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsi zəruridir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi, ev 52 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilmişdir.

5. Məhkəmə iclasında X15 izahat verərək bildirdi ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə heç vaxt yaşamayıblar, həmin ünvandakı qeydiyyatları formal xarakter daşımışdır.

6. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (əri) iddianın təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin paylı mülkiyyətçisidir. Məhkəmə qeyd edir ki, qeyd edilən ev paylı mülkiyyət olsa da, üçüncü şəxslər məhz iddiaçının ərizəsi əsasında onun hissəsi üzrə qeydiyyata alındıqları üçün (bu, işin mübahisəsiz halıdır) iddia mümkündür.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15, X14, X12, X11, X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

12. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş 087503 nömrəli Qeydiyyat Vəsiqəsində qeyd edilmişdir ki, Bakı şəhəri Vəzirov küçəsindəki 52 №-li yaşayış evinin İddiaçı, X1 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 640 №-li reyestr kitabında 96062 səhifəsində xx.xx.1997-ci il tarixində qeydiyyatı aparılmışdır.

13. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsinin təqdim etdiyi 148 nömrəli arayışa əsasən İddiaçı, X8, X15, X14, X12, X11, X9 qeydiyyatdadırlar.

14. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsinin təqdim etdiyi 169 nömrəli arayışında qeyd edilmişdir ki, üçüncü şəxslər həmin ünvanda yaşamır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanına istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

16. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

23. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, X14, X12, X11, X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X10, X5, X4 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar