Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12901/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X3 Əmir oğlunun sədrliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon Dövlət Arxivi fondun sənəd materialları əsasında verilmiş Abşeron rayonu 2 №-li sovxozunun xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrindən çıxarışa əsasən “Sovxoz əmək kollektivi şurasının 14 noyabr 1991 -ci il tarixli, 2 №-№-li protokolunun qərarına əsasən aşağıdakı adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına 0,10 ha.torpaq sahəsi olmaqla fərdi /ev/ yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsın: ... 24. İddiaçı1...” Abşeron Rayon Dövlət Arxivi fondun sənəd materialları əsasında verilmiş Abşeron rayonu 2 №-li sovxozunun xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrindən çıxarışa əsasən “Sovxoz əmək kollektivi şurasının 14 noyabr 1991 -ci il tarixli, 2 №-№-li protokolunun qərarına əsasən aşağıdakı adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına 0,10 ha.torpaq sahəsi olmaqla fərdi /ev/ yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsın: ... 60. İddiaçı2...” Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon 2 №-li sovxozun 20 noyabr 1991-ci il tarixli 143 saylı əmri ilə Abşeron rayonu, 2 saylı sovxozun (hal-hazırda Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Pirşağı qəsəbəsi 2 №-li Sovxoz) ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya göndərilmişdir. (cizgi sxemi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir). Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon 2 №-li sovxozun 20 noyabr 1991-ci il tarixli 143 saylı əmri ilə Abşeron rayonu, 2 saylı sovxozun (hal-hazırda Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Pirşağı qəsəbəsi 2 №-li Sovxoz) ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya göndərilmişdir. (cizgi sxemi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2883/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir). Seriya İİİ-СЛ 287399 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X1 arasında xx.xx.1988-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) “Məmmədov” (a) soyadı verilmişdir. İddiaçılar hazırkı tələb ilə bağlı cavabdehə müraciət etmişlər, cavabdeh xx.xx.2024cü il tarixli məktub ilə iddiaçıların müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon 2 nömrəli sovxozunun xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrinin əsli təqdim edilməmişdir. Həmçinin, Abşeron rayon 2 nömrəli sovxozunun xx.xx.1991-cu il tarixli, 143 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Bununla yanaşı, İddiaçı1 tərəfindən fərqli sənədlərlə hazırda göstərilən torpaq sahəsinə müraciət edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon 2 nömrəli sovxozun 20 noyabr 1991-ci il tarixli 143 nömrəli əmri ilə Abşeron rayonu 2 saylı sovxozun hal-hazırda Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Pirşağı qəsəbəsi 2 №-li Sovxozun ərazisində yerləşən, hər birinə ayrılmış 1000.0 kv.m torpaq sahələrinə mülkiyyət hüquqlarını qeydə alınaraq hər birinin adına ayrıca çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələblərini onunla əsaslandırmışdırlar ki, iddiaçılar ər-arvaddır. Abşeron Rayonu 2 nömrəli sovxozun 20 noyabr 1991-ci il tarixli 143 nömrəli əmri ilə hər birinə 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Torpaq sahələri keçmiş 2 nömrəli tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşir, hasara alınmışdır. Həmin torpaq sahələri üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdirlər. Sonuncunun onlara yazdığı xx.xx.2024-cü il tarixli məktublarda torpaq sahələrinin ayrılmasına dair Abşeron rayon 2 nömrəli sovxozun xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrinin əslinin təqdim edilməməsini, Abşeron rayon 2 nömrəli sovxozun xx.xx.1991-ci il tarixli 143 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə naturada sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılmasının təmin edilmədiyini, təqdim edilmiş yerləşmə sxeminin torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edildiyini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlər arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerlədiyi yeri müəyyən etməkə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirildiyi əsas gətirərək torpaq sahələri üzrərində hüquqlarının qeydə alınmasından imtina edildiyini göstərmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçıların vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmişlər, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçılara torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu 2 №-li sovxozunun xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrləri Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur. Odur ki, qeyd edilən xx.xx.1991-ci il tarixli, 143 nömrəli əmrlər iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin qərarlar hazırda qüvvədədir. Belə ki, həmin əmrlər geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh də bu əmrlərin qüvvədə olmasını mübahisələndirmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Torpaq sahəsinin ayrılan zaman sovxoz tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılmaması, bu işlərin sonradan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aparılması (torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi) barədə cavabdehin mövqeyi iddiaçıların hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. İddiaçılar başqasının öz vəzifəsini sonaca yerinə yetirməməsindən törəyən nəticəyə görə məsuliyyət daşımamalıdır. Bundan başqa, imtinanın digər dəlili olan - İddiaçı1 tərəfindən fərqli sənədlərlə hazırda göstərilən torpaq sahəsinə müraciət edilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılaraq, bununla bağlı cavabdehə orqana fərqli sənədlər dedikdə hansı sənədlərin nəzərdə tutulması barədə məlumatın və həmin sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilmiş, lakin cavabdeh orqan məsələyə hər hansı bir münasibət bildirməmiş, həmçinin, bununla bağlı məhkəmyə hər hansı bir sənəd təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçıların göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyini əsassız hesab edir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu 2 nömrəli sovxozun 20 noyabr 1991-ci il tarixli 143 nömrəli əmrləri ilə iddiaçıların hər birinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,10 ha torpaq sahələrinin üzərində İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı onların hər birinə ayrıca müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X4